SON XƏBƏRLƏR

Quba məzarlığı

2021.10.20, 07:36
Quba məzarlığı

Gunaz.tv
Quba məzarlığı 8xkemxdj.gif Hökumət xalqımıza qarşı tarixi cinayətin açılmasına vəsait ayırmır İş elə gətirdi ki, xırda bir sahibkar özü istəməsə belə, Azərbaycanın yeni tarixi üçün əvəzsiz xidmət göstərdi. Onun heç adını da bilən yoxdur; amma xidməti dillər əzbəridir. Adını bilmədiyimiz xırda iş adamının Qubada, Qəçrəş çayının sahilində dağ döşündə sovetdən qalma bir restoranı vardı. Köhnəlib, xarabaya daha çox bənzəyən restoranın müştərisi günü gündən azalırdı. Bir ətək pul xərcləyib Qəçrəşə gələn turisti də qınamaq olmazdı, müasir kateclər, istirahət guşələri olan halda niyə gəlib özünü kəsif qoxuyan yerə salasan ki? Ona görə sahibkar düşündü, daşındı və qərara gəldi ki, restoranın böyür-başını hamarladıb, burda xudmai bir sahman, müasir dövrün tələblərinə cavab verən servis yaratsın. Traktorun yamaca elə ilk həmləsində gözə insan sümükləri dəyir. Torpağın altından çıxan sümüklər təsadüfi, uğursuzluq kimi qiymətləndirilir və çaya tullanılır. Bir, iki, üç... sümüklərin ard-arda üzə çıxması hamının barmağını dişləməsinə səbəb olur: demək, burda kütləvi məzarlıq var. Beləcə, bu gün hamının eşitdiyi, bildiyi Quba kütləvi məzarlığı aşkar olunur. Ötən həftənin şənbə günü Parlament Jurnalistlər Birliyinin proyekti çərçivəsində bir qrup jurnalistlə həmin ərazidə olduq. Orda bizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, Quba məzarlığı ekspedisiyasının rəhbəri, arxeoloq Qəhrəman Ağayev qarşıladı. Məzarlıq deyilən yerin üstü yağışdan qorunmaq üçün lap yaxınlarda örtülüb. «Fəhlələrə verməyə pul tapmırıq» Sümüklərin tədqiqi ilə bağlı aparılan işləri qənayətbəxş saymaq olmaz. «Məni həmişə sıxırlar. Bunu deyəcəm. Hökumət Arxeologiya İnstitutuna 1 milyon manat pul ayırıb. Bu pul bizim hesaba köçməyib. Burada görülən işləri İnstitutun ezamiyyət pulları hesabına aparırıq. Burada 3 fəhlə ilə işləyirik. Artıq iyulun 12-də işləri dayandırmışam. Çünki bir aya yaxındır fəhlələrin pulu verilmir. İnstututun imkanları yoxdur. Bunlar arxeoloqun dedikləri idi. Təsəvvür edirsizmi, son dərəcə əhəmiyyətli olan tapıntıya necə biganə münasibət bəslənilir. Ölülərimiz niyə bizə əziz deyil? Ötən il mən Yasamal qəbristanlığından reportaj hazırlamağa getmişdim. Şəhər qəbristanlığında son illər boy yarışına girən mərmər başdaşları insanı heyrətə gətirirdi. O zaman ustalardan bu başdaşlarının qiymətini soruşdum. Babat daş 7 min dollara başa gəlir dedilər. Hamıya öz ölüsü əzizdir, bəs Qubada ölənlərə niyə biz əzizimiz kimi yanaşmırıq? Ən mənasız körpüyə milyonlarla dolları uf demədən xərcləyənlər niyə 1 milyon dolların xəsisliyini edir görəsən? Ölülər üzərində məzlum obrazında siyasi təbliğat qurmaq erməni işidir. İnanmıram ki, biz onları hətta Quba məzarlığı kimi göz deşən faktla bu sahədə məğlub edək. Lakin bu məzarlıq bizə qələbə üçün yox, öz tariximizi öyrənmək üçün gərəkdir. Bir növ, bizim üçün göz dağı, məhəng daşıdır. Burada 1000-ə qədər insanın məzarı var Arxeoloqun məlumatına görə, məzarlığa gömülənlər 1918-ci il mayın 1-dən 10-na qədər törədilən erməni qətilamının qurbanlarıdırlar. İlkin araşdırmalar zamanı buradan 196 kəllə tapılıb. Onların 50-si qadınlara, qalanları isə yaşlı və körpələrə aiddir. Bəzi kəllə sümüklərinin üzərində paslı mismarlar var, bunlar insanların ermənilər tərəfindən işğəncələrlə qətlə yetirilməsinin sübut edən dəlillərdir. Sayılmış 196 kəllə sümüyündən savayı iki dərin quyu və məzarlığın qazılmamış arxa hissəsi skletlərlə doludur, ehtimal olunur ki, qətlə yetirilənlərin ümumi sayı minə yaxındır. Alimin fikirincə, quyuya basdırılmış insan sümüklərinin qəribə deformasiyası onların yaxınlıqda yerləşən hamamda buxarla öldürülməsi etimalını gücləndirir. Yerli ruhanilər məzarlığın qazılmasına qarşı çıxıblar Ümumiyyətlə isə bu günə qədərki tədqiqatlar sümüklərdə heç bir güllə zədəsi aşkarlamayıb. Demək, bu insanlar hamısı küt alətlərlə qətl olunublar. Qəhrəman Ağayevlə söhbətimiz zamanı məlum oldu ki, yerli ruhanilər bu məzarlıqdakı sümüklərin tezliklə basdırılması üçün onlara güclü təzyiqlər ediblər. Din əldən getdi, şəriət batdı deyə, tədqiqat qrupunun işini dayandırmağı tələb olunub. Çox şükürlər ki, belə cəhdlərin qarşısında tab gətirə biliblər. Nəhayət, ruhanilərimiz də başa düşüblər ki, millətin taleyi olan yerdə xırda şəriət rituallarının icraçısı üçün haray salmağa dəyməz. Amma yenə də təkrarlamağa məcburuq: Quba məzarlığına ayrdığımız diqqət törədilən vəhşiliyin qarşılığında çox mikroskopikdir. Natiq Ədilov Yazı Parlament Jurnalistləri Birliyi və Milli Məclisin mətbuat xidmətinin keçirdiyi birgə müsaqibə üçün hazırlanıb. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar