SON XƏBƏRLƏR

İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

2022.05.16, 03:22
İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

Gunaz.tv

Tədbir çərçivəsində İranın təhsil naziri Yusif Nuri və Fars dili Akademiyasının başçısı Qulaməli Həddad Adil Tehran məktəblərinin birində tədbirin açılış zəngini səsləndiriblər.

Təhsil naziri tədbirdəki çıxışında İranda yaşayan on milyonlarla qeyri-farsların dillərinin adını çəkmədən fars dilinin zənginliyindən danışıb və onu İran kimliyini təşkil verən əsas amil adlandırıb.

İran konstitusiyasında fars dilinin rəsmi dövlət dili kimi qeyd olunmasına baxmayaraq Yusif Nuri onu “milli dil” adlandırıb və fars dilinin yetərincə inkişaf etdirilmədiyindən gileylənib.

O, bununla yanaşı iranlı kimliyini gücləndirmək üçün bütün məktəblərdə Firdovsinin "Şahnamə" əsərinin və Sədinin əsərlərinin təbliğ olunmasını istəyib.

“Firdovsi, Sədi və Hafizin əsərlərini oxuyun və fars dilinin qorunmasına çalışın”-deyə, anti-türk çıxışları ilə tanına Qulaməli Həddad Adil şagirdlərə müraciətində bildirib.

Qeyd edək ki, İran Təhsil Nazirliyinin verdiyi məlumata görə, yeni təhsil ilindən dərsliklərin çoxunda dəyişikliklər ediləcək. 

Dəyişikliklərin ali rəhbər Əli Xamneyinin bundan öncə fars dilinin inkişaf etdirilməsi, "yeni iranlı" kimliyinin formalaşdırılması ilə bağlı çıxışları və tövsiyələri əsasında həyata keçiriləcəyi bildirilir.

Bununla yanaşı Əli Xamneyinin təklifi ilə yeni dərsliklərdə “İran inqilabının dəyərləri” və Amerikaya qarşı mətnlərin yerləşdirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Qeyd edək ki, konstitusiyada qeyri-fars dilləri ilə bağlı 15-ci maddənin olmasına baxmayaraq,  İranda on milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərir.

Bu bölməyə isə hər il ancaq 40 öyrənci cəlb olunur.
2018-ci ildə Beynəlxalq Ana Dili günü münasibətilə Marağa Universitetinin 925 öyrəncisi petisiya imzalayaraq bu Universitetdə türk dili və ədəbiyyatı bölməsinin açılmasını tələb edib. Ancaq əlaqədar qurumlar bu müraciətə əhəmiyyət verməyib.

Əksinə bu təşəbbüsüə qoşulan tələbələr rəhdid olunub, müraciətin hazırlanmasında öncüllük edən Salar Sərkeşi adlı öyrənci universitetdən qovulub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar