SON XƏBƏRLƏR

İranın rəsmi mediası Azərbaycanla bağlı növbəti təxribatçı məqalə dərc edib

2022.07.01, 17:36
İranın rəsmi mediası Azərbaycanla bağlı növbəti təxribatçı məqalə dərc edib

Gunaz.tv

Qəzet Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslərin fonunda Azərbaycan hakimiyyətinin "şiələrə qarşı zorakılıq hallarını" artırdığını yazıb.

Yazıda Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan "Höccətülislam" adını əlavə edən qəzet iddia edir ki, o, "sionistləri və vəhabiləri" ifşa etdiyi üçün həbs olunub.

"Bu gün Azərbaycan Respublikasında müsəlmanların və şiələrin başına gətirilənlər ölkədə dindarlara münasibətdə keçmiş Sovetlər Birliyi dövründə göstərilən münasibətdən daha pisdir.  

Ona görə də Stalinin dövründəki qorxu dövrü ilə müqayisə oluna biləcək bir vəziyyət yaranıb"- deyə, Xameneyinin ofisinin qəzeti yazıb.

Məqalədə Azərbaycan Respublikasında başqa dinlərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və b. qarşı müsbət münasibət islam dininə qarşı düşmənçilik kimi qələmə verilir və xüsusilə yəhidi dini məbədlərinin  fəaliyyəti xüsusi həssaslıqla qeyd olunur.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun yazının sonunda bir daha Azərbaycan hakimiyyəti islam düşməni kimi qələmə verilir və bütün bunların Amerika və İsrailin göstərişi ilə həyata keçirildiyi qeyd olunur.

Bununla yanaşı Azərbaycan Respublikasında İsrail qüvvələrinin, vəhabi silahlılarının və Türkiyənin Milli İstihbarat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları bir daha səsləndirilir.

Qeyd edək ki, “Keyhan”ın məsulu radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqelərini əks etdirir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar