SON XƏBƏRLƏR

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022.08.17, 14:26
İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

Gunaz.tv

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Amerika ilə məhbusların mübadiləsinə dair mövcud razılaşmanın dərhal həyata keçirilməsinə hazır olduğunu bildirib.

Avqustun 16-da Amerikanın dövlət katibi Entoni Blinken Amerika-İran vətəndaşı olan Siyamək Namazinin artıq 2500 gündür İranda haqsız olaraq həbsdə saxlanıldığını deyib.

“Biz onun azad edilməsini təmin etməkdə qərarlıyıq və İran tərəfindən haqsız yerə həbs edilən bütün amerikalılar, o cümlədən onun atası Baqirin evə qayıda bilməsinə çalışacayıq”-deyə, Blinken bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın hərtərəfli birgə fəaliyyət planından asılı olmayaraq, dəfələrlə müxtəlif kanallar vasitəsilə məhbuslar məsələsini həll etməyə hazır olduğunu açıqladığını iddia edib.

Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Amerika vətəndaşlarının İran tərəfindən ədalətsiz həbs edilməsini, siyasi rıçaq kimi istifadə edilməsini rüsvayçılıq adlandırıb.

“İran Siyaməklə yanaşı, Baqir Namazi, Emad Şərqi və Murad Təhbaza da öz sevdiklərinin yanına qayıtmaq imkanı verməlidir"-deyə, Mali təkid edib.

Hazırda İranda onlarla Amerika və Avropa vətəndaşı, o cümlədən İranəsilli ikili vətəndaşlığı olan şəxslər həbsdə saxlanılır.

Tehran hökuməti bu şəxsləri müxtəlif ittihamlarla, daha çox casusluq ittihamı ilə həbs edib və onlardan Qərb ölkələri ilə danışıqlarda siyasi təzyiq vasitəsi kimi istifadə edir, qərb ölkələrində terror və casusluq ittihamı ilə saxlanılan iranlılarla mübadilə etməyə çalışır.

 Bir sıra dövlətlər və beynəlxalq insan haqları təşkilatları İran hökumətinin bu əməlini "girov götürmə" kimi dəyərləndirirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar