SON XƏBƏRLƏR

İranın 160 hökumət məmuru “insanlığa qarşı cinayətlərdə” ittiham edilib

2022.02.07, 09:40
İranın 160 hökumət məmuru “insanlığa qarşı cinayətlərdə” ittiham edilib

Gunaz.tv

Hesabatda başda ali rəhbəri Əli Xamneyi olmaqla 160 ölkə və əyalət rəsmisi noyabr ayında etirazçılarına qarşı qırğın törətməkdə günahlandırılıb.

Qırğında əli olan şəxslərin siyahısına Ali Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri və SEPAH, hüquq-mühafizə orqanları, ordunun yüksək rütbəli komandirləri, və yüksək rütbəli hökumət məmurları ilə yanaşı, Həsən Ruhani hökumətinin ETTELAAT naziri Mahmud Ələvi, Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin də adı daxildir. 

Londonda fəaliyyət göstərən “Noyabr Beynəlxalq Xalq Məhkəməsi”nə daxil olan sənədlər və faktlara, ifadə verən 440 nəfərin bildirdiklərinə əsasən hazırlanan hesabatda160 nəfər yüksək rütbəli İran rəsmisi 2019-cu ilin noyabrında keçirilən etiraz aksiyaları zamanı “insanlığa qarşı cinayətlər” törətməkdə ittiham edilib.

Bu məhkəmə prosesi İranda 2019-cu ilin Noyabrında baş vermiş cinayətləri araşdırmaq məqsədi ilə “İran İnsan Haqları”, “İran üçün ədalət” və “Edama qarşı birlikdə” üç təşkilat tərəfindən təşkil olunub.

Bundan öncə baş tutan və 2021-ci ilin noyabr ayının 14-də yekunlaşan  toplantıda Məhkəmənin təşkilatçıları İran rəsmilərinin, o cümlədən Əli Xamneyi və keçmiş məhkəmə sisteminin başçısı, hazırkı prezident İbrahim Rəisinin törətdikləri cinayətlərin insanlığa qarşı cinayət olub olmadığı barədə araşdırmaların aparılacağını demişdilər.

Qeyd edək ki, 2019-cu ilin noyabr etirazları ilk olaraq benzin qiymətlərinin qəfil artmasına cavab olaraq baş verdi, ancaq tezliklə Əli Xamneyinin başçılıq etdiyi İslam Respublikası hökumətinə qarşı ümumi etiraza çevrildi.

"Reuters" xəbər verir ki, İranda nümayişçilərə qarşı üç gün davam edən qanlı repressiyalar zamanı ən azı 1500 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

Xəbərdə Xamneyinin çevrəsinə yaxın üç mənbəyə və dördüncü bir rəsmiyə istinadla bildirilirdi ki, ali rəhbər yüksək vəzifəli məmurlara etirazları yatırmaq üçün əllərindən gələni etməyi əmr edib.

İranın daxili işlər naziri 2109-cu ilin noyabrında nümayişlərdə ölənlərin sayının 200 ilə 225 arasında olduğunu, Beynəlxalq Amnistiya Təşkilatı isə ölənlərin sayının daha çox ola biləcəyini vurğulayaraq ən azı 304 nəfərin öldürülən etirazçısının adının bilindiyini açıqlamışdı.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar