SON XƏBƏRLƏR

İranda qeyri-fars dilləri məhv edilir: "5 dil tamamilə sıradan çıxarılıb"-Millət vəkili- VİDEO

2021.12.20, 11:03
İranda qeyri-fars dilləri məhv edilir: "5 dil tamamilə sıradan çıxarılıb"-Millət vəkili- VİDEO

Gunaz.tv

Əlirza Monadi İranda 5 dilin tamamilə sıradan çıxdığını, 24 dilin isə aradan getməkdə olduğunu bildirib.

42 il ərzində qeyri-fars dillərinin tədrisi ilə bağlı ana yasanın 15-ci maddəsinin uyğulanmamış qalmasına toxunan millət vəkili, Ana Yasanın qeyd olunan maddəsinin hazırda İranda mövcud olan 74 dil, ləhcə və şivənin tədris olunmasına icazə verdiyini söyləyib.

“Biz buna uyğun olaraq layihə hazırlamışıq və Fars dili və Ədəbiyyatı Akademiyası bu dillərdə tədrislə bağlı məzmun hazırlamağa, hansı dilin hansı bölgədə tədris olunacağına qərar vermək vəzifəsini yerinə yetirəcək.

Azərbaycanbda yalnız türk dili hakim olduğu üçün layihənin tətbiq olunacağı təqdirdə bu əyalətdə ancaq türk dili tədris olunacaq, başqa əyalətlr isə bir dilli olmadığı üçün Fars dili və Ədəbiyyatı o əyalətdə hansı dilin tədris olunacağı barədə qərar verəcək ”-deyə, Əlirza Monadi bildirib.

Qeyri-fars yerli ədəbiyyat və folklorun tədrisi ilə bağlı planın komissiyada yekun təsdiqinə toxunaraq bunun parlamentin açıq oturumunda səsə qoyularaq qanuna çevriləcəyinə ümid etdiyini ifadə edən Monadi bunun reallaşması, yeddinci və onuncu siniflərdə tədris olunması üçün mövzular hazırladıqlarını deyib.

Təbrizli millət vəkilinin danışığını əkd etdirən videoda o türk dilinin 8 min il tarixi olduğunu, ərəb və fransız dillərindən sonra dünyada ən güclü dil olduğunu, ancaq bu dilin İranda zədələndiyini deyir.

Xatırladaq ki, Güney Azərbaycan məktəblərində tədrisin ana dilində aparılmasının tərəfdarları noyabrın əvvəlində parlamentin təhsil komissiyasının sədri Əlirza Monadiyə məktubla müraciət ediblər.
 
Ana dili hərəkatının fəalları türk dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıb.
Məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri qabardılır.  Bildirilir ki, ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil alması çox çətindir.

Məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini vacib sayıb.

Qeyd olunub ki, fars dili dərsləri fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmalıdır.

Məktub məclisin Təhsil Komissiyasının rəhbəri,  Təbriz, Tufarqan və Üskü şəhərlərinin İslami Şura Məclisindəki nümayəndəsi Əlirza Monadiyə ünvanlanıb.

Hər dəfə parlament seçkiləri öncəsi yüksək məbləğdə vəsait xərcləyən Əlirza Munadi eyni zamanda təbliğat kampaniyası zamanı Azərbaycan dili və mədəniyyəti amilindən də istifadə etməyə çalışır. 

Lakin parlamentə seçildikdən sonra verdiyi vədləri unudur.
Bu, ona səs verən əhalinin narazılığı və etirazları ilə qarşılansa da, Əlirza Munadi bu günə kimi məsələ ilə bağlı parlamentdə hər hansı çıxış etməyib və təklif irəli sürməyib.

Qeyd edək ki, bu günə kimi türk dilinin tədrisi ilə bağlı bir neçə dəfə məsələ qaldırılıb, kampaniyalar başladılıb və bir sıra millət vəkilləri, hökumət rəsmiləri bunun reallaşacağı barədə vədlər veriblər.

Bu sayaq vədlər daha çox seçki təbliğatı öncəsi kampaniyalar zamanı, İran-Azərbaycan münasibətlərində gərginlik yarandığı, İranda yaşayan türklərin hüquqlarının pozulması ilə bağlı tədbirlərin və etirazların genişlənməsi dönəmində səsləndirilib.

Ancaq bu günə kimi bu sahədə hər hansı bir irəliləyiş olmayıb və verilən vədlər bir müddətdən sonra unudulub.

İndi isə məsələnin yenidən gündəmə gətirildiyi bir vaxtda qeyri-fars dillərin tədrisi ifadəsi "yerli ədəbiyyat və folklorun tədrisi" sözü ilə dəyişdirilib.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar