SON XƏBƏRLƏR

İranda 8 bəhai həbs edilib

2022.07.21, 08:03
İranda 8 bəhai həbs edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının məlumatına görə, Şirazda Nilufər Haşimipur, Behine Mənəvipur, Misaq Mənəvipur, Elhan haşimi və Hənan Haşimi təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.

Bununla yanaşı Yəzd şəhərində də, bir ailədən olan Nemətullah Şadpur, Nima Şadpur və Şəfiq Şadpur adlı şəxslərin saxlanıldıqları bildirilir.

Təhlükəsizlik məmurlarının bəhailərin evinə hücum etdikləri, qanunsuz axtarış apardıqları və şəxsi əşyalarını müsadirə etdikəri qeyd olunur.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar