SON XƏBƏRLƏR

“İranda molla hakimiyyətinin sonu çatmalıdır” - Azadlıq Cəbhəsinin üzvündən SƏRT İSMARIC

2022.10.31, 15:58
“İranda molla hakimiyyətinin sonu çatmalıdır” - Azadlıq Cəbhəsinin üzvündən SƏRT İSMARIC

Gunaz.tv

“Vaxtilə şah xalqın atası sayıldığı kimi, ali dini rəhbər də xalqın imamı hesab edilir. İslam Respublikasının konstitusiyasına əsasən, hər kəs dini rəhbərə tabe olmalıdır. 

Sadiq İsabəyli: Baş verənlər onu göstərir ki, İranda “İslam Cümhuriyyəti”  yerinə “İslam Hökuməti” gələcək

Onun qərarları və əmrlərinin icra edilməsi hər şeydən üstündür. Şah kimi, dini rəhbərin də qanunverici, icraedici və məhkəmə orqanları üzərində təsir mexanizmləri var. 

Bu rejim vətəndaşların ictimai azadlıqlarını belə məhdudlaşdırıb”.

İranda son zamanlar mütəmadi hala çevrilən xalq etirazlarının birbaşa dini rəhbərə yönəldiyini deyən Sadiq İsabəyli qeyd edib ki, bu ölkənin hər bölgəsində milli kimliyindən asılı olmayaraq hər bir nümayişçi Xameneiyə ölüm olsun şüarı səsləndirir. 
 
“Artıq vətəndaşlar dini rəhbərliyə qarşı əvvəlkindən daha ciddi və əzmkar mübarizə aparmaq qətiyyətindədirlər. Etirazlar getdikcə dərinləşməkdədir. Bu da hakimiyyət daxilində çatların yaranmasına, eləcə də vətəndaş və hakimiyyət arasında uçurumunun dərinləşməsinə səbəb olacaq. 

Bunu deməyə imkan verir ki, yeni bir inqilabın baş verməsinə şərait yaranır. 

Bundan əlavə, İranın siyasi gündəmində milli hüquqi məsələlər və qeyri-fars millətlərinə qarşı aparılan ayrı-seçkilik də gündəmə gətirilir.  Biz görürük ki, İranın azərbaycanlılar yaşayan bölgələrdə ciddi etirazlar olur, yerli sakinlər təhlükəsizlik qüvvələri ilə toqquşmaqdan belə çəkinmirlər. 

Azərbaycan türkləri öz mili və mədəni hüquqları uğrunda mübarizə aparmaq əzmindədirlər. Azadlıq, ədalət və milli hökumət şüarı bunu aydın sübut edir”. 
 
İsa Sadiqbəyli, həmçinin İranda uzunmüddətli problemlərə, xüsusilə fars şovinizmi və digər millətlərin hüquqlarının tapdalanmasına münasibət bildirib.  Onun sözlərinə görə,  qeyri-fars millətlərinin özlərinə məxsus tələbləri var və öz milli müqəddaratlarını təyin etmək istəyirlər. 
 
“Həqiqət budur ki, İran çoxmillətli bir ölkədir və onun siyasi coğrafiyasında müxtəlif millətlər yaşayır. Bu millətlər milli və siyasi iradəsi əsasında öz milli müqəddaratlarını təyin etməkdə qərarlıdırlar. Doğrusunu desək, İran adlanan ölkənin gələcək siyasi taleyini qeyri-fars millətlər müəyyən edəcək. 

Nəzərinizə çatdırım ki, İranda ən aparıcı millətlərdən bir olan Azərbaycan türkləri dövlətçilik şüuruna və dövlətçilik tarixinə sahibdirlər. Azərbaycan türkləri artıq öz yollarını seçiblər, öz milli dövlətçilik və istiqlaliyyəti uğrunda mübarizəsini davam etdirirlər.  Biz öz müqəddaratımızı  öz milli dövlətçilik məfkurəmizin formalaşdırılmasına görürük.  Milli hökumətimiz elan etmək bizim ən böyük amalımızdır”. 
 
Güneyli fəal İranda Pəhləvi rejimi kimi İslam Respublikasının da qeyri-fars millətlərin mədəniyyətlərinə və dillərinə ayrı-seçkilik etdiyini də dilə gətirib. 
 
“İran İslam Respublikasının konstitusiyasının 15-ci maddəsinə görə, hər bir etnik millətin öz dillərində təhsil almaq, qəzet və jurnallar dərc etmək hüququ var.  Amma reallıqda onlara bu hüquqdan geniş istifadə edilməsinə imkan verilmir.  Ən adi hüquqların və azadlıqların təmin olunmasında belə problemlər yaradırlar, təhdid edirlər. 

Təəssüflər olsun ki, demokratiya məfkurəsini təmsil edən İran müxalifəti də bu məsələdə mərkəzi hakimiyyətlə həmfikirdir.

Pəhləvi rejimi dövründə olduğu kimi,  İslam Respublikasında da müxalif ünsürlər qeyri-fars millətlərin milli kimliyini qəbul etmirlər, onların etnik kimliyinə görə alçaldılmasına və milli-mədəni hüquqlarının tapdalanmasına bilərəkdən göz yumurlar. 

Deyirlər ki, siz tayfasınız və böyük mədəniyyətə malik deyilsiniz, bunu görə də öz mədəni hüquqlarınızı İran ərazi daxilində həll etməlisiniz. Fars mərkəzli hakimiyyət və müxalif ünsürlərin anlayışına görə, İran yalnız fars kimliyindən və fars mədəniyyətindən ibarətdir”. 
 
Sonda Sadiq İsabəyli İranda demokratik federal dövlətin formalaşmasının heç vaxt mümkün olmayacağını bildirib. 
 
“Molla rejimi devrildikdən sonra hər hansı prespektivdə demokratik İranın qurulması məsələsi ciddi sual altındadır. Rejimi əvəzləmək istəyən alternativ siyasi qüvvələr millətlərin müqəddaratına və mədəni muxtariyyətinə kəskin münasibət nümayiş etdirirlər, əksinə bu məsələlər gündəmə gələndə İslam Respublikası ilə həmrəy olduğunu bildirirlər.  

Onlar hesab edirlər ki, birinci növbədə molla hakimiyyətinin sonu çatmalıdır,  demokratik seçkilər əsasında yeni parlament və hökumət qurulmalıdır, ondan sonra isə xalqların milli və mədəni hüquqları ətrafında müzakirələr aparıla bilər. 

Amma həqiqət budur ki, milli-mədəni muxtariyyət məsələsi alternativ qüvvələr üçün ikinci-üçüncü dərəcəli məsələlərdir, lap elə hakimiyyətə gəlsələr belə, bu məsələlərin ədalətli həllinin tapılmasına imkan verməyəcəklər”.  (ednews.net)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar