SON XƏBƏRLƏR

İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib

2022.10.27, 06:21
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib

Gunaz.tv

İranda etiraz aksiyalarının 40-cı günündə kütləvi nümayişlərə çağırışlara cavab olaraq, İranın əksər şəhərlərində İslam Respublikası rejiminin devrilməsi tələbi ilə etiraz aksiyaları keçirilib.

Oktyabrın 26-ı ölkənin müxtəlif şəhərlərində İran xalqlarının etiraz aksiyaları gün ərzində və gecə yarısına qədər keçirilib.

Rejim rəhbərlərinə və onun repressiya maşınına qarşı şüarların səsləndirilməsi ilə müşayiət olunub.

Hadisələrin sürətlənməsi və nümayişlərin genişlənməsi fonunda bir çox şəhərlərdə təhlükəsizlik qüvvələri zorakılığa əl ataraq etirazçılara qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə edib.

İranın bir çox şəhərlərində internet kəsilməsinə baxmayaraq, rejimin devrilməsini tələb edən qəzəbli insanların geniş nümayişlərindən çoxlu videoları yayımlanıb.

Qərbi Azərbaycan əyalətinin Mahabad (Soyuqbulaq) şəhərindən yayılan videolara görə, azərbaycanlı gənc etirazçılar hökumət əleyhinə şüarlar səsləndirməklə yanaşı rejimin bayrağını endirib, Bəsic bazasına daş və "Molotov" kokteyli ilə hücum ediblər.

Bununla yanaşı Güney Azərbaycanın başqa şəhərlərində, o cümlədən Ərdəbil, Urmu, Təbriz, Marağa, Zəncan və b. Əli Xameneyi və hökumət əleyhinə şüarlarla yanaşı türkcə "Azadlıq, Ədalət, Milli hökumət" və "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" şüarları səsləndirilib.

Zənganda yaşlı bir etirazçının hökumət məmurlarının açdığı atəş nəticəsində öldürüldüyü bildirilsə də, hələlik onun kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Onlarla şəhərlə yanaşı əksər əyalətlərin universitetlərində də davam edən etiraz nümayişlərində yüzlərlə insanın həbs edildiyi, çox sayda insanın yaralandığı bildirilir.

İnsan haqları təşkilatlarının verdiyi məlumatlara görə, oktyabrın 26-dakı etirazlarda saxlanılanlarla bir yerdə son 40 gün ərzində həbs edilənlərin sayı 14 min nəfərdən çoxdur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar