SON XƏBƏRLƏR

Rasim Musabəyov:RUSİYA ƏSLİNDƏ GÜRCÜSTANLA YOX, AZƏRBAYCANLA VURUŞUR

2021.10.20, 07:36
Rasim Musabəyov:RUSİYA ƏSLİNDƏ GÜRCÜSTANLA YOX, AZƏRBAYCANLA VURUŞUR

Gunaz.tv
“RUSİYA ƏSLİNDƏ GÜRCÜSTANLA YOX, AZƏRBAYCANLA VURUŞUR” Rasim Musabəyov: “Hadisələrin sonrakı gedişatı ”fil”in müdaxiləsindən asılıdır” 376.jpg Gürcüstana hərbi təcavüz edən Rusiya bir sıra davranışları ilə Azərbaycana qarşı da müharibəyə başladığını nümayiş etdirir. Son günlər baş verən terror aktları şimal qonşumuzun davranışlarının arxasındakı məram və məqsədi ortaya qoydu. Söhbət təkcə Azərbaycan neftinin Avropaya çıxarılmasını təmin edən BTC-nin fəaliyyətinin dayandırılmasından, neft kəmərinin minalanmasından, həmçinin ölkəmizdən daşınan yüklərin dayandırılması üçün dəmir yolunun Gürcüstandan keçən hissəsinin partladılmasından getmir. Sözsüz ki, Rusiya bu addımları, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti əməkdaşlarının çalışdığı Poti limanına nəzarəti ələ keçirib Azərbaycan vətəndaşlarını ordan çıxarmaqla da ölkəmizə qarşı açıq təhdid nümunəsi ortaya qoydu. Doğrudur, rəsmi Bakı Rusiyanın bütün bu aşkar və gizli təhdidlərinə dözümlə yanaşıb Kremli qıcıqlandıra biləcək heç bir addım atmadı. Ölkə rəhbərliyi sadəcə müharibə edən hər iki qonşu dövlətlə dostluq münasibətlərində olduğunu vurğulayıb Azərbaycanın maraqlarına dəymiş ziyanı arxa plana keçirməyə çalışdı. Rusiya Qərbin neft maraqlarına zərbə vurmaqla BTC ilə bağlı mövcud olan “təhlükəsizlik kəməri”, “üçdəniz əfsanəsi” mifinin üstündən xətt çəkmiş oldu. Lakin hətta BTC-nin dayanmasından hər gün ölkəyə yüz milyon dollara yaxın zərər dəydiyi halda, iqtisadi inkişaf naziri Heydər Babayev Gürcüstandakı müharibənin Azərbaycan iqtisadiyyatına ziyan vurmadığı barədə əcaib bəyanat verdi. Üstəlik, dünən ölkənin xarici siyasət idarəsinin təmsilçisi iki gün öncə Gürcüstanın Qori şəhərində Azərbaycana məxsus benzin sisternlərini daşıyan qatarın partladılmasına görə Tiflisin məsuliyyət daşıdığını deməklə rəsmi Bakının Rusiyanı qəzəbləndirməkdən nə qədər ehtiyatlandığını nümayiş etdirdi. Politoloq Rasim Musabəyov Gürcüstanda törədilən bir sıra aktların məhz Azərbaycana qarşı yönəldiyinə şübhə etmir: “Bu, Rusiyanın Azərbaycanı şantajıdır. Bununla ölkəmizə demək istəyir ki, ”yerində dayan, bir yerdə otur və cınqırını çıxarma, özü də mən deyəni elə". Digər tərəfdən, bu, həm də NATO məsələsi ilə bağlı Azərbaycanın hərəkətlərinə cavabdır". Hadisələrinin davamının necə olacağına gəldikdə, ekspertin sözlərinə görə, bu, dünyanın Rusiyanın hərəkətlərinə verəcəyi reaksiyadan asılıdır: “Bizim təkbaşına Rusiyanın hərəkətlərini neytrallaşdırmağa gücümüz yoxdur. Rusiyanın bölgə ilə bağlı konfrantasiya və ya razılaşma qərarı baş verənədək şantajı davam edəcək. Ola bilər ki, Qarabağ məsələsinin alovlanması, yaxud sərhədimizdə əlavə gərginliyin yaranması da baş versin. Eyni zamanda Rusiyanın burdakı agentura şəbəkəsi ”islamçı" adı ilə fəallaşa bilər. Azərbaycanın bütün bunları dayandırmağa gücü yoxdur". Lakin R.Musabəyov tam ümidsiz olmağa da lüzum görmür: “”Dəvədən böyük fil var". Sonrakı məsələlər “fil”in müdaxiləsindən asılıdır. Hər halda, Qərbin öz strategiyası var. Onlar çox şeyi görür və müzakirə edirlər. Qərb demokratikdir, onun reaksiyası bir çox hallarda vaxt tələb edir. Bir şey qaçılmazdır ki, Qərbin gücünün qabağında Rusiyanın gücü birin 20-yə nisbətindədir. Rusiya konfrontasiya qərarı seçəcəksə, onun sonu əvvəlcədən aydındır. O boyda SSRİ buna davam gətirmədisə, Rusiya da Qərblə qarşıdurmadan sağ çıxmayacaq. Ancaq təbii ki, Azərbaycan və Gürcüstan döyüş meydanına çevriləcək. İstənilən halda Qərb özünün burdakı maraqlarından əl çəkməyəcək". Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması istiqamətində atdıqların addımların ardınca Dağlıq Qarabağla bağlı da analoji münasibət sərgiləyə biləcəyinə gəldikdə, R.Musabəyov nəzəri cəhətdən bunu mümkün sayır: “Ancaq hələlik Qarabağ məsələsi gündəlikdə yoxdur. Eyni zamanda istisna etmirəm ki, Azərbaycanın ”düzgün" davranışlarını əsas gətirən Rusiya Azərbaycanın maraqlarına tam cavab verən fəaliyyət göstərsin. Yəni deyə bilər ki, Gürcüstandan fərqli olaraq Azərbaycan və Moldova başını aşağı salıb işi ilə məşğul olduğu üçün ordakı münaqişələrə münasibətimiz fərqlidir. Ən azı Türkiyə belə olan təqdirdə kənarda qalmaz. Abxaziya və Cənubi Osetiyada Türkiyənin mövqeyi fərqlidir. Çünki Türkiyənin daxilində bəzi qüvvələr hətta Gürcüstana qarşıdır. Ancaq Qarabağla bağlı türk ictimai rəyi tamamilə Azərbaycanın tərəfində olduğundan hökumətin kənarda qalmasına razı olmayacaq". Elşad PAŞASOY musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar