SON XƏBƏRLƏR

"Traxtur-Azərbaycan" İran Premyer Liqasını tərk edə bilər

2022.03.18, 07:53
"Traxtur-Azərbaycan" İran Premyer Liqasını tərk edə bilər

Gunaz.tv

Oyun 0-1 hesabı ilə Ərak klubunun xeyrinə başa çatıb.  

Premyer Liqa yarışlarının 23 oyunundan 12 qarşılaşmanı uduzan Azərbaycan komandası turnir cədvəlinin son pillələrində qərarlaşıb.

Son illər “Traxtur”da baş verən böhran, maliyyə çatışmazlıqları və oyunçuların klubdan uzaqlaşması klubun tərəfdarlarının narazılığına səbəb olub.

Klubun keçmiş oyunçuları yerli mediaya verdikləri müsahibələr və sosial mediada etdikləri paylaşımlarda Azərbaycan komandasının bilərəkdən gücsüzləşdirildiyini deyiblər.

"Traxtur-Azərbaycan” klubunun keçmiş hücumçusu və tanınmış fanatlarından olan Rza Əbdi  kimlərinsə Azərbaycan klubunu uçuruma yuvarlamaq istədiyini deyib.

“Klubun mülkiyyətçisinin dəyişməsi ilə “Traxtur”un durumu daha da pisləşib və bu, davam etməkdədir. Ümumiyyətlə Azərbaycan futbolunun ümumi durumu yaxşı deyil və bundan çıxış yolları tapılmalıdır. 

"Traxtur"un 40 milyon tərəfdarı var. Belə bir klub qeyri-peşəkarların ixtiyarına verilməməli idi. Tərəfdarların və əlaqədar məsulların ciddi basqı və istəkləri olmasa Azərbaycan klublarının problemləri həll olunmayacaq”-deyə, Əbdi bildirib.

Bir müddət öncə “Traxtur-Azərbaycan” futbol klubunun kapitanı Murtəza Əsədi Təbriz komandasına qarşı qərəzli davranışlardan şikayətlənmişdi.

Murtəza Əsədi bildirib ki, türk klubunda bilərəkdən böhran yaradılır. Onun sözlərinə görə, məqsəd klubu sıradan çıxarmaqdır.

Qeyd edək ki, uzun illərdir böhranla üz-üzə olan klubun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin  nəzrətinə keçməsi ilə bağlı məlumatların yayılmasından sonra "Traxtur" daha da geriləyib.

Güney Azərbaycanda futbol komandasından daha çox azərbaycanlıların kimlik simvoluna çevrilən "Traxtur"da yaşanan maliyyə böhranlarının həlli ilə bağlı dəfələrlə vədlər verilsə də bu istiqamətdə heç bir əməli addım atılmayıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar