SON XƏBƏRLƏR

Razılaşdırılmayan prinsipləri sayı 4-dür

2021.10.20, 07:36
Razılaşdırılmayan prinsipləri sayı 4-dür

Gunaz.tv
"Razılaşdırılmayan prinsipləri sayı 4-dür" "Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsilə bağlı razılaşdırılmamış prinsipləri sayı dördə yaxındır". Bunu Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bazar günü Xankəndidə bəyan edib. O deyib ki, ümumilikdə baza prinsiplərinin sayı təxminən 15-ə yaxındır və Dağlıq Qarabağın statusu da danışıqların elementlərindən biri kimi hazırda müzakirə olunur. Xatırladaq ki, indiyədək münaqişə tərəfləri baza prinsiplərindən danışarkən əsasən 8-10 elementdən bəhs edirdilər. Həmçinin razılaşdırılmayan məsələlərin sayının təxminən 1-2 olduğu bildirilirdi. Həmsədrin fikrincə, ərazi bütövlüyü ilə millətin öz müqəddəratını təyinetmə prinsipləri arasında ortaq variant təklif etmək üçün konkret presedent yoxdur, "belə presedent Dağlıq Qarabağın özü ola bilər". Məlum olduğu kimi, Bakının danışıqlarda tutduğu prinsipial mövqe ölkənin ərazi bütövlüyünün təmin olunmasından ibarətdir. Ermənistan isə Dağlıq Qararabağa müstəqilliyin verilməsilə yanaşı, bu ərazi vahidinə heç vaxt dəxli olmayan Laçın və Kəlbəcərin da özündə qalmasına təkid edir. Hərçənd, tərəflər habelə referendum formatı barədə də bir-birinə zidd mövqe tuturlar. "Biz hər iki tərəfin mövqeyi ilə yaxından taşış olmuşuq, bəzi məqamları müqayisə etmişik", - Merzlyakov regiona səfərlərinin nəticəsini belə şərh edib və əlavə edib ki, vasitəçilər 2008-ci il ərzində bölgəyə daha tez-tez səfərlər edəcəklər. Həmsədr habelə vurğulayıb ki, "hər bir ölkə təbii olaraq prinsiplərin onları qane edən tərəflərindən danışaraq problemli tərəflərdən qaçmağı üsütün tutur". Merzlyakovun sözlərinə görə, baza prinsiplər qəbul olunandan sonra vəziyyət aydın olacaq: "Madrid sənədinin məqsədi bu prinsipin sistemləşdirilməsi və rəsmiləşdirilməsi idi. Məqsəd o idi ki, gələcəkdə heç bir tərəf deməsin ki "bizim bu məsələdən xəbərimiz yox idi"". Merzlyakov ayrı -ayrı razılaşdırılmış prinsiplər arasında konsensusun əldə olunmasını istisna edib: "Yarımçıq razılıq olmayacaq. Bütün prinsiplər razılaşdırıldıqdan sonra sülh sazişinin mətni hazır olacaq. Son sazişin hazır olması çox vaxt aparacaq, çünki burada baza prinsiplərindən daha çox detal olacaq". Öz növbəsində fransalı həmsədr Bernar Fasye əlavə edib ki, tərəflər hərdən o qədər fərqli mövqelər nümayiş etdirir ki, münaqişənin həllindən əvvəl baza prinsiplərini müəyyənləşdirməyin vacibliyini qərara alan həmsədrlərin nə qədər haqlı olduqları ortaya çıxır. Buna görə də həmsədrlər tərəflərə mövqelərindən bir qədər geri çəkilmək, detalları yox, bütün mənzərəni qiymətləndirmək üçün vaxt verməyi qərara alıblar. "Mən tərəflərin təməl prinsiplər üzrə təklif etdiyimiz layihənin müzakirəsində konstruktivliyini hiss edirəm", - bunu isə amerikalı Metyu Brayza deyib. Onun sözlərinə görə, hazırda baza prinsipləri üzrə razılığın nə vaxt əldə olunacağını demək çətindir: "Ancaq tərəflər məsələyə müsbət yanaşma nümayiş etdirirlər. Demək olar ki, nə Ermənistan, nə də Azərbaycan prosesi ləngitməyə və yaxud əngəlləməyə çalışır. Hər ikisi səmimi fikir mübadiləsi aparır və razılığa gəlmək üçün nə tələb olunduğunu qarşı tərəfin nəzərinə çatdırır". Brayzayanın fikrincə "belə görünür ki, prezidentlər ümumi dil tapmağa yaxınlaşırlar". Amma bunun Azərbaycandakı prezident seçkilərinə qədər başa çatıb-çatmayacağını demək çətindir: "Hər iki ölkədə liderlər hətta ən xırda detalları çox diqqətlə öyrənirlər, bu o deməkdir ki, ciddi iş aparılır. Lakin bu il müqavilə imzalaya biləcəyikmi, bilmirəm. Ymid edirəm ki, bəli. Bilirəm ki, hər iki prezidentin çox incə və sərt baxışları var, amma eyni zamanda, onlar ümumi dil tapmağa hazırdırlar. Biz işləyirik". Qeyd edək ki, həmsədrlər regiona səfərlərini dünən səhər başa vuraraq, İrəvandan Vyanaya yola düşüblər. Orada ATƏT-in Minsk Qrupu formatında geniş iclası və təşkilatın Daimi Şurasının üzvləri ilə danışıqlar keçirilib. Görüşlərin nəticəsi barədə məlumat yoxdur. Amma tezliklə vasitəçilərin bəyanat yayacağı məlum olub. Yeri gəlmişkən, həmsdərlərin Xankəndidə apardığı danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi sülh prosesində iştirakı məsələsi yenidən gündəmə gəlib. "Vasitəçilər olaraq, biz Qarabağın tezliklə danışıqların tamhüquqlu iştirakçısı kimi münaqişənin həlli prosesinə cəlb olunmasını istəyirik. Qarabağ tərəflərdən biri kimi danışıqlar prosesinə nə qədər tez qoşulsa, o qədər yaxşıdır", - Fasye vurğulayıb və xatırladıb ki, Dağlıq Qarabağın danışıqlardan kənarlaşdırılması həmsədrlərin yox, İrəvanın qərarı olub". Vasitəçilərin fikrincə, danışıqlar prosesində əvvəl-axır Dağlıq Qarabağın da iştirakı vacibdir və bunun dedikdə, bölgənin həm Azərbaycan, həm də erməni icmaları nəzərdə tutulur. "Biz Dağlıq Qarabağı münaqişənin tərəfinə çevirmək istəmirik. Dağlıq Qarabağ onsuz da münaqişənin tərəfidir" - bunu isə Merzlyakov vurğulayıb və əlavə edib ki, indiki mərhələdə müzakirələri Qarabağ erməniləri olmadan aparmaq mümkündürsə, baza prinsipləri razılaşdırıldıqdan sonra bu mümkün olmayacaq: "Söhbət konkret detalların dəqiqləşməli olduğu saziş layihəsindən gedir. Bunu Dağlıq Qarabağın nümayəndələrinin iştirakı olmadan gerçəkləşdirmək mümkün deyil. Bu zaman danışıqlar prosesində hər iki icmanın nümayəndələrimi iştirak edəcək, yoxsa başqa variant seçiləcək - bunu tərəflər özü müəyyənləşdirməlidir". Bu arada, məlum olub ki, Azərbaycan tərəfi həmsədrlərə Madrid təklifləri ilə bağlı yeni şərh verib. Bunu Xarici İşlər Нazirliyinin mətbuat katibi Xəzər İbrahim ənənəvi bazarertəsi mətbuat konfransında bəyan edib. Amma o, şərhin mahiyyətini açıqlamayıb. Deyib ki, ümumi çərçivə var və Azərbaycanın da mövqeyi bundan kənara çıxmır. XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi həmsədrlərə Ermənistanı danışıqlarda "konstruktivliyə çağırmaq" xahişi ilə müraciət edib. XİN rəsmisi onu da deyib ki, həmsədrlərin Qarabağa səfəri Ermənistan diplomatiyasının uğuru və Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə cəlb edilməsi kimi qiymətləndirilə bilməz: "Qarabağda iki icma var - Azərbaycan və erməni icması. Danışıqlarda onların iştirakı haqqında söhbət yalnız erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından və qaçqınların oraya qaytarılmasından sonra gedə bilər". Bakıda hesab edirlər ki, həmsədrlərin səfərlərinin nəticə verməsi üçün Ermənistan tərəfi konstruktivlik göstərməlidir, bu isə hələ ki, yoxdur. Bununla yanaşı, xarici siyasət idarəsində əmindirlər ki, İrəvan danışıqlara meyl göstərmir. Amma Bakı vasitəçilərdən razıdır. Buna baxmayaraq, XİN-də əmin deyillər ki, vasitəçilərin səyləri nizamlamanı irəlilətmək üçün bəs edəcək, ya yox: "Əsas budur ki, qarşı tərəf xülyalarından çəkilsin. Həmsədrlərə gəlincə, adətən onların səfərlərin özü sülh prosesində inkişafı doğru bir addımdır". Bir çox müşahidəçilərin qənaətinə görə, vasitəçilərin yaradıcılıq imkanları son ilyarım ərzində öz zirvə nöqtəsinə çatmışdı və artıq indiki dövrdə azalmağa başlayıb. Artıq Bakıda da "çətin və baha başa gələn" danışıqlar prosesinin zirvə nöqtəsinin 2006-2007-ci illərdə arxada qaldığını düşünməyə başlayıblar. Bu fikrin tərəfdanlarına görə, həmsədrlər regiona səfərləri ilə sadəcə danışıqlara "məna verməyə" çalışırlar. Eyni zamanda o da gizli deyil ki, hər hansı nizamlamanın bəlli mərhələdə sıçrayışla sürətlənməsi, zirvə nöqtəsinə çatması və daha sonra azalması mümkündür. "Amma görüş naminə görüşmək lazım deyil. Müzakirə nəticə əldə etmək üçündür", - İbrahim vurğulayıb. Vaxtı ilə Qarabağ danışıqlarında yaxından iştirak etmiş keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə hesab edir ki, münaqişə tərəfləri ilə yanaşı, həmsədrlər də görüşlərin davamına israr etməklə, əslində özlərini düşünür və daxili ictimaiyyətə boylanırlar, lakin bundan sonra vəziyyət kəskin şəkildə pisləşəcək: "Heç bir perspektiv görmürəm. Minsk qrupu çoxdan tükənib və illərdir bizim başımızı qalmaqla məşğuldurlar". Buna baxmayaraq, son vaxtlar danışıqların mahiyyətinə dair məlumatlar sirr kimi qorunmaqdadır. Qeyd edək ki, əvvəllər də tərəflər sülh danışıqlarında bir neçə dəfə (Ki Uest, İstanbul) razılaşmaya yaxınlaşıblar, ancaq son addımı irəli yox, geriyə atıblar. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar