SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində iki məhkum edam edildi

2022.06.10, 17:35
Qərbi Azərbaycan əyalətində iki məhkum edam edildi

Gunaz.tv

Vəhid Behməram, Qılıç Şəkui adlı məhkumlar iyunun 9-da edam qabağı təkadamlıq kameraya köçürülmüşdülər. 

Onlarla birgə edam edilməsi nəzərdə tutulan Məhəmmədrza Qurbaninin edam edilib-edilmədiyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Bununla yanaşı eyni tarixdə Kirmanşah şəhərinin Dizelabad zindanında adam öldürməkdə günahlandırılan daha bir məhbus, Əyyub Lətifi dar ağacından asılıb.

Bəluç fəalların verdikləri məlumatda isə Sistan-Bəluçistan əyalətinin Zabol şəhərnin zindanında 3 məhkumun edama hazırlıq üçün təkadamlıq kameralara köçürüldüyü bildirilib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı mayın 24-də yaydığı hesabatda 2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edildiyini, son bir ildə İranda icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil etdiyini bildirib. 

İran İnsan Haqları Təşkilatının verdiyi məlumatda isə, İranda bu ilin ilk 5 ayı ərzində icra edilən ölüm hökmlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxalıb.

Bəyanatda vurğulanır ki, İranda ötən ay kəskinləşən etiraz aksiyalarından sonra edam hökmlərinin icrası da intensivləşib. 

Edam edilənlərə qarşı irəli sürülən ittihamlar siyasi xarakter daşımasa da, edam prosesinin nəzərdən keçirilməsi İranda edamların sayına siyasi hadisələrin birbaşa təsir etdiyini göstərir.

Bununla yanaşı, İran İnsan Haqları Təşkilatının hesabatında qeyd edilib ki, edamların 90%-i haqqında nə İranın dövlət rəsmiləri, nə də ölkə mediası məlumat yaymır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar