SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda aqrar sektor böhranda: Məhsul anbarlarda qalıb, fermerlər müflis olub-VİDEO

2022.01.26, 10:02
Qərbi Azərbaycanda aqrar sektor böhranda: Məhsul anbarlarda qalıb, fermerlər müflis olub-VİDEO

Gunaz.tv

Millət vəkili dövlətin Qərbi Azərbaycanda işsizlik probleminin həlli, yeni istehsal müəssisələrin açılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün büdcə vəsaiti ayırmadığını bildirib.

O, iqtidarın əhalinin əsas gəlir qaynaqlarından biri olan kənd təsərrüfatı sahəsinə laqeydliyini tənqid edib.

Vəhid Calalzadənin sözlərinə görə, bu sahədə çalışanlar, xüsusilə alma istehsalçılarına dəstək verilməməsi on yüz minlərlə insanın müflis olmasına səbəb olub.

V.Calalzadə bildirib ki,  hal-hazırda 500 min ton alma soyuducu anbarlarda qalıb. Onun sözlərinə görə, buna səbəb hökumətin ixracat və  nəqliyyat sahəsində istehsalçılara yardım etməməsidir.

“Qərbi Azərbaycanda dövlət sərmayəsi qoyuluşu minimum olduğuna görə, kənd təsərrüfatı işçiləri bölgənin iqtisadiyyatı üçün əhəmiyyətli sayılırlar.

Hakimiyyət orqanları, Kənd Təsərrüfatı Nazirliyi bu şəxslərin istehsalat və ixracat problemlərinin həll olunması üçün tədbir görməli, onların bundan artıq müflisləşməsinə imkan verməməlidir”-deyə, Urmu şəhərinin nümayəndəsi parlamentdəki çıxışında bildirib. 
Qeyd edək ki, Qərbi Azərbaycan, xüsusilə Urmu bölgəsinin əsas gəlir qaynaqlarından biri birinci dərəcəli alma məhsuludur.

Son illər, özəlliklə 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulların ixracında problemlər yaranıb. Əlaqədar dövlət qurumların bağçılara dəstək verməməsi yüz minlərlə ton məhsulun zay olmasına, fermerlərin  müflis olmasına səbəb olub.

Bundan öncə Rusiya, Azərbaycan Respublikası, Hindustan, İraq, Türkiyə və Pakistana ixrac edilən məhsulun satılmaması bağçılarla birgə bu sahə tacirlərinin də iflas etməsin gətirib çıxarıb.

Şərqi Azərbaycan əyalətində də oxşar problemlər yaşanır. Bu, yerli məsulları hökuməti tənqid etməyə məcbur edib.

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin fərmandarı Seyid Əli Musəvi bir neçə gün bundan öncə bölgənin kənd təsərrüfatı sahəsində, xüsusilə bağçılıq sahəsində çalışanlarının ağır durumda olduqları barədə xəbərdarlıq edib.

O, Marağada illik 300-350 min ton alma istehsal edildiyini, bunun bir çoxunun xarici ölkələrə göndərildiyini və bir neçə ildir ixracatın azalması nəticəsində bağçıların çoxunun ziyan gördüyünü söyləyib.

Marağanın İran parlamentindəki nümayəndəsi Əli Əlizadə də məsələyə münasibət bildirib və bu sahədə planlaşdırılmış fəaliyyətlərin olmamasından dolayı maraalıların çətinliklə üzləşdiklərini söyləyib.

Onun sözlərinə görə, hazırda Marağa mahalında 45 min ailə alma istehsalı, onun satışı və ona bağlı olan sahələrdən dolanır və problemlərin aradan qaldırılmayacağı təqdirdə bölgədə iqtisadi böhran baş verəcək.

C.E  


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar