SON XƏBƏRLƏR

Gürcü ekspertlər: “Xocalı yalnız Azərbaycan xalqının deyil, bütün Qafqaz xalqlarının faciəsidir”

2022.02.23, 07:08
Gürcü ekspertlər: “Xocalı yalnız Azərbaycan xalqının deyil, bütün Qafqaz xalqlarının faciəsidir”

Gunaz.tv

Bunu tarix elmləri doktoru, Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia deyib.

O qeyd edib ki, oxşar faciələrlə üzləşmiş gürcü xalqı Xocalı soyqırımını öz faciəsi kimi qəbul edir və azərbaycanlıların kədərinə şərikdir.

“Xocalıda erməni quldurları yaşlı, qadın, uşaq, fərq qoymadan əliyalın dinc əhalini öldürə biləcəklərini göstərdilər. 

Silahlı ermənilər Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləməyə çalışırdı və ona görə də etnik təmizləmə aparırdılar. Təbii ki, tarix elmi bu hadisəni soyqırımı aktı kimi qiymətləndirir. Bu faciə gürcü ictimaiyyətinə çox yaxşı məlumdur. 

Xocalı faciəsinin Gürcüstan ictimaiyyətinə izah etmək üçün mümkün olan hər şey edilib. 

Faciə ilə bağlı gürcü dilində kitablar tərcümə edilib. Gürcü tarixçiləri də Xocalı soyqırımı haqqında çox yazıblar. Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələrinin faşizmi barəsində gürcü dilində xeyli məqalələr var. 

Oxşar hadisələr gürcü xalqının da başına gətirilib. Ona görə də biz Azərbaycan xalqının faciəsini yaxşı anlayır, onu özümüzünkü bilirik. 

Mən inanıram ki, Azərbaycan tərəfi bu soyqırımı aktının həyata keçirilməsində şəxsən iştirak etmiş Ermənistanın sabiq prezidenti Serj Sarqyan da daxil olmaqla bütün quldurların cəzalandırılmasına nail olacaq. İnanıram ki, Azərbaycan bu istiqamətdə mübarizəsini davam etdirəcək və Xocalı soyqırımı ilə bağlı beynəlxalq ədalət bərqərar olacaq”, - Quram Marxulia bildirib.

Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia isə Xocalı soyqırımının İkinci Dünya müharibəsindən sonra həm Avropada, həm də postsovet məkanında ən qəddar qətliam kimi tarixə düşdüyünü vurğulayıb.

“Xocalı faciəsi İkinci Dünya müharibəsindən sonra baş vermiş ağır cinayətlərdən biridir. Bu faciə həm Avropa coğrafiyasında, həm də postsovet məkanında dinc mülki əhaliyə qarşı ən qəddar cinayət hadisələrindən biridir. 

Faktiki olaraq Xocalı faciəsi tamamilə müdafiəsiz uşaqların qətlə yetirildiyi bir faciə idi. Yəqin ki, bu, postsovet məkanında ən çox uşağın qətlə yetirildiyi yeganə faciəvi hadisədir. Təəssüf ki, bu cinayəti törədən şəxslər hələ də cəzalandırılmayıb. 

Düşünürəm ki, bu məsələdə ədalət bərqərar olunmasa, yekun sülh olmayacaq. Bu faciəni törədən bütün cinayətkarlar beynəlxalq ədalət qarşısında cavab verməlidirlər və onların cəzalandırılması zəruridir. 

Gürcüstan cəmiyyəti bütün digər normal cəmiyyətlər kimi, bu məsələnin fərqindədir və günahkarların cəzalandırılmasından yanadır”, - Badri Naçkebia əlavə edib. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar