SON XƏBƏRLƏR

Ərdəbildə ölüm sayı doğum sayını üstələyib

2021.12.28, 10:20
Ərdəbildə ölüm sayı doğum sayını üstələyib

Gunaz.tv

Son illər Ərdəbil əyalətində cəmiyətin artımının mənfi göstəriciləri. Boşanma sayının çoxalması və ölüm sayının doğum sayını üstələməsi ilə bağlı problem dəfələrlə müzakirə edilib və əyalətin Qeydiyyat İdarəsi təhlükə barədə xəbərdarlıq edib.

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin verdiyi son statistikaya görə, cari günəş ilinin ilk 9 ayı ərzində Xoruş Rüstəm, Şahrud, Səreyin, Kosər, Arşaq və Nəmin şəhərlərində ölüm sayı doğum sayına nisbətdə olduqca çoxdur.

Statistikaya əsasən qeyd olunan müddət ərzində Nəmin şəhərində 185 ölüm, 71 doğum qeydə alınıb.

İdarənin verdiyi məlumatda Nir şəhərində durumun dahada təhlükəli səviyyəyə çatdığı, 9 ay ərzində 378 nəfərin öldüyü, 107 uşağın dünyaya gəldiyi qeyd olunur.

Bununla yanaşı əyalətin başqa bölgələrinin göstəriciləri də olduqca düşündürücüdür. Arşaqda 67 ölüm, 11 doğum, Kövsərdə 189 ölüm, 143 doğum, Səreyində 95 ölüm, 65 doğum, Şahrudda 114 ölüm, 50 doğum, Xuruş Rüstəmdə 120 ölüm və 56 doğum faktı qeydə alınıb.

Ərdəbil əyalətinin cəmiyyəti ilə bağlı son 9 ay müddətində ölkə üzrə verilən ümumi statistikada 12476 doğum və 7393 ölüm faktının göstərilməsinə baxmayaraq, yerlərdəki Qeydiyyat İdarələri və əyalətin Qeydiyyat İdarəsinin verdiyi statistika ötən ilin eyni dövrü ilə müqayisədə Ərdəbil əyalətinin cəmiyyət artımının 7,4% azaldığını göstərir.  

Bununla yanaşı əyalətdə boşanma hallarıda kəskin artıb və bir neçə gün bundan öncə Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli əyalətin boşanmaların sayına görə ölkə üzrə 5-ci yerdə olduğunu deyib.

“Gənclərin gec evlənməsi, boşanma hallarının çoxalması, uşaq dünyaya gətirməyə marağın olmaması, tək övladlılığa üstünlük verilməsi, əyalətdən başqa yerlərə köçün çoxalması və digər faktorlar Ərdəbil əyalətindəm əhalinin sayının azalmasına səbəb olan əsas amilləridir”-deyə, Rəsuli qeyd edib. 

Qeyd edək ki, rəsmi statistikaya görə, hal-hazırda Ərdəbil əyalətinin əhalisi 1 milyon 325 min 269 nəfərdir. 

Onların 927 min 688 nəfəri şəhərlərdə, 397 min 581 nəfəri kəndlərdə yaşayır. Əyalət sakinlərinin 676 min 351 nəfəri kişi, 648 min 918 nəfəri isə qadınlardan ibarətdir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar