SON XƏBƏRLƏR

Ərdoğan İlham Əliyevə zəng etdi

2021.11.08, 19:37
Ərdoğan İlham Əliyevə zəng etdi

Gunaz.tv

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik etdi, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırdı. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət dilədi.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğuladı ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.

Dövlətimiz başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.

Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd etdilər.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edildi. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar