SON XƏBƏRLƏR

Rəsmi: Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 750 nəfəri ötüb

2021.10.20, 07:36
Rəsmi: Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 750 nəfəri ötüb

Gunaz.tv

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində koronavirus infeksiyasına yoluxanların sayı 6832 nəfərə çatıb.

 

Güney Azərbaycan əyalətlərində infeksiyadan ölənlərin sayı isə 756 nəfər olub.

 

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 48 saat ərzində daha 229 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 2421 nəfərə çatdığını bildirib. 

 

 

O, koronavirus infeksiyasından ölənlərin sayının isə 241 nəfər olduğunu deyib.  Sominin sözlərinə görə, əyalətdə ən yüksək yoluxma faktı Təbriz, Sarab, Mərənd, Şəbistər, Miyana, Marağa, Əhər, Tufarqan və Heris şəhərlərində qeydə alınıb.

 

 

İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Bu əyalətdə iki gündür ki, yeni rəqəmlər açıqlanmır. ən son verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilib. 

 

 

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1273 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 96 nəfər, sağalanların sayı isə 708 nəfərdir. 

 

 

Ərdəbil əyalətində də bu günə kimi 702 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha dörd nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 119 nəfərə çatıb.

 

 

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 753, xəstəlikdən ölənlərin sayı isə 75 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən koronavirusa yoluxan 570 nəfərin tam sağaldığını deyib.

 

 

Həmədan əyalətində də yeni rəqəmlər açıqlanmayıb. Aprel 7-dən etibarən yenilənməyən statistikada, 558 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib. Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. 

 

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar