SON XƏBƏRLƏR

Prezident: "İşğal edilmiş ərazilərdəki evlər sökülüb, daşları Ermənistan və İranda satılıb"

2021.10.20, 07:36
Prezident: "İşğal edilmiş ərazilərdəki evlər sökülüb, daşları Ermənistan və İranda satılıb"

Gunaz.tv

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.

Dövlət başçısı işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb: "Ermənistan həmçinin ətraf mühitə də böyük zərər vurub. 

İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb. Qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib. Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər”.

Dövlət başçısı bildirib ki, təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib.

Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsib: 

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".

"İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - dövlət başçısı bildirib.

İlham Əliyev bildirib ki, hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir.

Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: “Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər". 

İ. Əliyev bildirib ki, Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb: "Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə “Qafqazın Hirosiması” deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar