SON XƏBƏRLƏR

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılış mərasimində iştirak edib

2022.05.28, 04:32
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılış mərasimində iştirak edib

Gunaz.tv

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə salıblar.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar.

Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. 

Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.

Kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulub. Bundan əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış olublar.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə baxıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olublar.

Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin təqdimatı zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, tele-tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir.

Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar