SON XƏBƏRLƏR

Tehran həbsxanasında saxlanılan Əlirza Fərşi və 8 məhbus etiraz məktubu yaydı

2021.11.06, 07:57
Tehran həbsxanasında saxlanılan Əlirza Fərşi və 8 məhbus etiraz məktubu yaydı

Gunaz.tv

“Zindanın 2-ci bölməsinin rəhbərliyinin, xüsusilə Mir Yusifin yanlış idarəçiliyinə etiraz edən biz məhkumların yerini əlavə cəza metodu olaraq dəyişib, verdikləri hesabatlarda bizi iğtişaşçı və baş verən xaosun səbəbkarı kimi göstərərək hüquqlarımızdan məhrum ediblər”-deyə, məktubda qeyd olunub.

Məktubda həbsxana rəhbərliyinin yuxarı orqanlara verdikləri hesabatda ağır cinayətlər törətmiş məhkumlar tərəfindən döyülən və yaralanan siyasi məhkumları qəsdən iğtişaşın baş verməsində maraqlı tərəf kimi qələmə verildiyi yazılıb.

Fərşi və məktubu imzalayan başqa 8 dustaq bunun siyasi məhbuslara qarşı basqı olaraq edildiyini, onların ağır cinayətlər törətmiş məhkumlarla eyni bölmədə saxlanılmasının qanuna zidd olduğunu bildirilib.

Məktubda baş verən qarşıdurmadan sonra siyasi məhbusların ağır şəraiti olan bölməyə köçürüldüyü qeyd olunub.

Məktub müəllifləri bütün bunları özlərinə qarşı qanunsuzluq kimi dəyərləndirib və həbsxana rəhbərliyinin bu davranışına etiraz ediblər.

"Biz bu məktubu imzalayanlar həbsxana rəhbərliyinin fırıldaqçı, qərəzli və ədalətsiz davranışlarını pisləyir, bu insanlar tərəfindən bizə qarşı ağ işgəncələrə son qoyulmasını tələb edir və bütün insan haqları təşkilatlarını durumumuzla tanış olmaq üçün zindandan baxış keçirmələrini istəyirik"-deyə, məhbuslar insan haqları təşkilatlarını zindanı ziyarət etməyə çağırıblar.

Bundan öncə oktyabrın 11-i, axşam saatlarında zindana xüsusi qüvvələr gətirilib, türk dili fəalı Əlirza Fərşi və başqa bir neçə məhbusun zindanın 1-ci bölməsinə köçürülüb. 

Rəsmi qurumların birgə yaydığı məlumata görə, Həbsxanalar Təşkilatının başçısı, müfəttişləri və başqa əlaqədar qurumların rəhbərlərinin iştirakı və xüsusi qüvvələrin müşayiəti ilə Fərşi də daxil zindanın 9-cu bölməsində saxlanılan bir qrup məhbus həbsxananın 1-ci bölməsinə köçürülüb.

Məsullar bunu 9-cu bölmədə məhbusların saxlanılması üçün uyğun şəraitin olmaması ilə əlaqələndirib və məhbusların etirazlarına baxmayaraq onları yeni bölməyə köçürüblər.

Tehran əyalətinin Həbsxanalar, Təhlükəsizlik və Təlim Tədbirləri Təşkilatının müfəttişi bildirib ki, göstəriş yuxarıdan, təhlükəsizlik orqanından verilib və köçürülmə mütləq həyata keçiriləcək.

Qeyd edək ki, oktyabrın 8-də Tehranın “Fəşafuyə” zindanında ağır cinayətlərə görə cəza çəkən məhkumlar siyasi məhbuslara hücum edib.

İnsident zamanı siyasi məhbuslar döyülüb. Hücuma məruz qalan siyasi məhbuslardan bir neçəsi bədən xəsarəti alıb.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir. 

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar