SON XƏBƏRLƏR

Ermənistan mətbuatı müdafiə nazirini biabır etdi: səngər qazdığına görə medal alıb

2021.11.17, 09:12
Ermənistan mətbuatı müdafiə nazirini biabır etdi: səngər qazdığına görə medal alıb

Gunaz.tv

Media Papikyanın hansı xidmətlərinə görə 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin yüksək təltifinə - “Qaregin Njde” medalına layiq görüldüyünü araşdırıb və biabırçı nəticə əldə edib.


Məsələ burasındadır ki, “Qaregin Njde” medalı ilə təltif edilən şəxslər ordu quruculuğu və hərbi hazırlıq, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində mühüm xidmətləri olan zabitlər və kiçik zabitlər olmalıdır.

Digər meyarlara görə, Ermənistan sərhədlərinin mühafizəsində, xidmət müddətində hərbçilərin həyatı üçün təhlükənin aradan qaldırılmasında şəxsi şücaət göstərmiş hərbi qulluqçular, Ermənistan ordusunun yaradılmasında və möhkəmlənməsində mühüm xidmətləri olan şəxslər də "Qaregin Njde" medalı ilə təltif edilə bilər.


Ermənistan mediası yazır ki, Suren Papikyan indiyə kimi sadalanan meyarların heç birinə uyğun xidmət göstərmədiyindən, həmin medalı ala bilməz.

“Suren Papikyan nə gizir, nə də zabitdir, ona görə də bu məqam ona aid ola bilməz”.

Qeyd edilir ki, Suren Papikyan medalı 2016-cı ildə alıb və təxminən 10 il bundan əvvəl hərbi xidmət keçib. Xidmət zamanı isə o, komandirini bıçaqlayıb, buna görə 1 il müddətinə azadlıqdan məhrum edilib, sonra 2007-ci ildə amnistiya ilə azadlığa çıxıb.

Bildirilir ki, Suren Papikyan Rusiya hərbi birləşməsində xidmət etdiyinə görə erməni ordusunun formalaşmasında böyük töhfə verə bilməzdi.

“Onun rəsmi tərcümeyi-halında medalı hansı şəraitdə alması qeyd olunmur, nə də açıq mənbələrdə Papikyanın konkret əməlinə görə təltif olunduğu barədə məlumat yoxdur”,-deyə yazan “Hraparak” qəzeti bunu Müdafiə Nazirliyindən öyrənməyə çalışsa da, cavab ala bilməyib.

“Hraparak” öz mənbələrindən dəqiqləşdirib ki, Suren Papikyan həmin medalı 2016-cı ildə baş vermiş “Aprel müharibəsi”ndən sonrakı dövrdə səngər qazdığına görə alıb.

Qeyd edilib ki, 2016-cı il mayın 14-də Qarabağa ezamiyyətə göndərilən Papikyan keçmiş Ağdərə rayonunun Canyataq kəndi ərazisində səngər qazılmasında iştirak.

“Aprel döyüşlərindən sonra çoxlu könüllü dəstələr gedib orduya dəstək verdilər, çünki cərgələri tez doldurmaq lazım idi. Papikyan da o zaman  Paşinyanın qrupunda mühəndis təminatı işlərində iştirak edib”.

Qəzet yazır ki, keçmiş müdafiə naziri Seyran Ohanyanın sözlərinə görə, Papikyanın “Qaregin Njde” medalı səngər qazdığına və ya mühəndis işlərində iştirak etdiyinə görə verilib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar