SON XƏBƏRLƏR

SEPAH Ermənistanla sərhəddə zirehli texnika yeritdiyini yazıb

2022.09.15, 16:48
SEPAH Ermənistanla sərhəddə zirehli texnika yeritdiyini yazıb

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusuna bağlı sosial media orqanları və SEPAH-ın olduğu bildirilən teleqram kanalı İran ordusunun piyada və zirehli bölmələrinin Ermənistanla sərhəddə yerləşdirildiyini yazıb.

"Dünəndən etibarən İran və Ermənistan sərhədində 100 faiz döyüş hazırlığı yaradılıb, ordunun piyada və zirehli bölmələri sərhəddə yerləşdirilib"-deyə, SEPAH-ın teleqram kanalında qeyd olunub.

Bununla yanaşı Güney azərbaycanlıların sosial mediada yaydığı məlumata görə, general İsmail Xəlilzadə İranın hərbi müşavirlərinin nümayəndəsi olaraq, general Əhmədi isə “Həmzə Qərargahının” əməliyyat və kəşfiyyat üzrə məsul şəxsi kimi təcavüzkar Ermənistan ordusunun yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər. 

Son günlər İran ordusu və İnqilab Keşikçiləri Korpusuna aid qısa mənzilli raket komplekslərinin sərhəddə daşınması, bölgəyə hərbi texnika və canlı qüvvənin köçürülməsi ilə bağlı rəsmi şəkildə bağlı təsdiq olunmamış xəbərlər yayılıb.

Rəsmi Tehranın son günlər Ermənistana dəstək nümayiş etdirməsi, "sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyi" ilə bağlı bəyanatları bu ölkənin sərhəddə hərbi texnika toplaması xəbərinin doğruluq ehtimalını artırır.

Qeyd edək ki, sentyabrın 13-də Nikol Paşiniyanın İbrahim Rəisi ilə telefon danışığında İran prezidenti Ermənistan xalqının təhlükəsizliyinin İran üçün olduqca mühüm olduğunu deyib.

"İran və Ermənistan münasibətləri təhlükə altına düşməməli, kommunikasiya yolları hökumətlərin nəzarəti altında olmalıdır. İran regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırdır, Ermənistanın təhlükəsizlik məsələsi İran üçün vacibdir"-deyə, İbrahim Rəisi bildirib.

Xatırladaq ki, bundan öncə ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun uğurlarının davamlı olduğunu görən Tehran hökuməti 28 oktyabr 2020-ci ildə İran Ordusunun Quru Qoşunlarının 321-ci briqadasını "sərhədlərdə müdafiə bazasını gücləndirmək" bəhanəsi ilə Azərbaycan sərhəddinə yeritmişdi.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar