SON XƏBƏRLƏR

"Milyonlarla insan bölgədən köç edəcək"- Urmulu millət vəkilindən təhlükə xəbərdarlığı

2021.11.18, 11:44
"Milyonlarla insan bölgədən köç edəcək"- Urmulu millət vəkilindən təhlükə xəbərdarlığı

Gunaz.tv

Onun sözlərinə görə, göl quruyacağı halda bölgədən geniş köç başlayacaq.

Noyabrın 6-da şimal-qərb bölgəsi üzrə (Şərqi, Qərbi Azərbaycan, Ərdəbil və Zəngan) Nümayəndələr Məclisinin toplantısında çıxış edən Vəhid Calalzadə Urmu gölünün hazırkı böhranlı durumuna toxunub.

“İndi Urmu gölünün durumu yaxşı deyil və bölgədə yaşayan milyonlarla insanın məişət və yaşayışı təhlükə altındadır”-deyə, millət vəkili bildirib.

Göl quruyacağı halda yaranacaq fəsadlardan danışan millət vəkili hökumət orqanlarına və əlaqədar qurumlara xəbərdarlıq edib.

“Gölün quruması nəticəsində milyonlarla ton duz əmələ gələcək.

Duz fırtınalarının baş qaldırması ekosistemin dəyişilməsi, canlıların məhv olması ilə yanaşı milyonlarla insanın bölgədən köç etməsinə səbəb olacaq”-deyə, Urmunun nümayəndəsi durumun təsəvvür olunduğundan daha acınacaqlı olmasına diqqət çəkib.

Sabiq prezident Həsən Ruhaninin seçkiqabağı Urmu gölünün bərpası ilə verdiyi vədləri xatırladan Calalzadə islahatçıların 8 illik hakimiyyəti dövründə heç bir iş görülmədiyini deyib.

“Gölün durumu günü-gündən pisləşsə də, İbrahim Rəisi iqtidarının qurumanın qarşısının alınması ilə bağlı konkret planı yoxdur”-deyə, o, yeni hökuməti qınayıb.

İki həftə bundan öncə Azərbaycan İnkişaf Evi bəyanat yayaraq Həsən Ruhani hökumətini tənqid edib və Urmu gölünün ətrafında yaşayan 6 milyon azərbaycanlının həyatının təhlükədə olduğunu bildirib.

“6 milyondan çox sakini olan bu bölgənin əhalisi ciddi təhlükə altındadır. Onlar gölün quruması nəticəsində yaranan fırtınaların yaratdığı toz və iqlim dəyişikliyinin zərərli təsirləri ilə üz-üzədir”-deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 21-də Şərqi və Qərbi Azərbaycan əyalətlərinin İran parlamentindəki nümayəndələri və hər iki əyalətin valilərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən İ.Rəisi seçkiqabağı təşviqat kampaniyasında verdiyi vədlərin bir neçəsini yenidən dilə gətirib.

O, Azərbaycan əyalətləri üzrə nümayəndələrin Urmu gölünün durumu və bundan irəli gələn ekoloji fəlakətlərlə bağlı suallarına cavab olaraq bildirib ki, gölün bərpası prosesində yerli mütəxəssislərin, məsulların yardımlarından istifadə olunacaq.

Ancaq bu günə kimi Rəisi hökumətinin hər hansı əməli addım atması ilə bağlı məlumat yoxdur.

Mütəxəssislər və siyasi şərhçilər prezidentin dediklərini Ruhaninin vədlərinin yenilənmiş variantı kimi dəyərləndirir, gölün bərpası istiqamətində fundamental tədbirlərin həyata keçirilmədiyini bildirirlər.

C.E  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar