SON XƏBƏRLƏR

İranda məhkəmə sədri bölgə əhalisini "qarətçi" adlandırdı

2021.11.11, 13:30
İranda məhkəmə sədri bölgə əhalisini "qarətçi" adlandırdı

Gunaz.tv

Kəndliləri qarətçilikdə günahlandıran məhkəmə sədri onlara qarşı sərt tədbirlər görülməsini istəyib.

O, yerli əhalini bölgədə yerləşən qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini, bunun xəyanət və millətin malını oğurlamaq olduğunu deyərək, hüquq-mühafizə orqanlarının daha ciddi addımlar atmalı olduqlarını deyib.

Məhkəmə başçısı bölgə məhkəmələrinə göndərilən cinayət işlərinin 35%-nın qızıl konsentratı qaçaqmalçılığı ilə bağlı olduğunu qeyd edib.

“Xalqın əmin-amanlığını, ictimai asayişini pozmaq, milli sərvətləri talamaq məhkəmə sisteminin qırmızı xətti və pozucularla mübarizə bu sistemin fəaliyyətinin prioritet istiqamətidir”-deyə, Səmii bildirib.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndiryan” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.

C.E

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar