SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın Süngün mis mədənində işçilər tətilə başladı

2021.11.23, 11:12
Şərqi Azərbaycanın Süngün mis mədənində işçilər tətilə başladı

Gunaz.tv

Noyabrın 22-i gecə saatlarından başlayan tətil aksiyası nəticəsində Orta Doğunun ən böyük mis mədənində istixrac əməliyyatı tamamilə dayanıb.

Etirazçılar qanunsuz olaraq işdən qovulan 60 əməkdaşının işə bərpa olunmasını tələb ediblər.

Noyabrın 21-i öncədən xəbər vermədən və kompensasiya ödənilmədən işdən çıxarılan, mədən ərazisinə girişlərinə qadağa qoyulan 60 işçi mis mədəninə yaxın kəndlərdə yaşayan azərbaycanlılardırlar.

Bundan öncə oktyabr ayının 4-ü və 24-də Süngün mis mədəninin işçiləri şirkət tərəfindən gecikdirilmiş əmək haqlarının verilməsi tələbləbilə aksiya keçirmişdilər.

Hazırda tətil aksiyasına əl atan işçilər, işdən qovulan 60 əməkdaşın işçi hüquqlarının tələbi, gecikdirilmiş əmək haqlarının ödənilməsi və başqa bu kimi məsələlərdə fəal rol oynadıqlarına görə, şirkət rəhbərliyi tərəfindən cəzalandırıldıqlarını bildirirlər.

Qısa müddətli müqavilələrlə çalışan və iş təminatı olmayan bu işçilər ən aşağı əmək haqqı alır, başqa imkanlardan və siğorta xidmətlərindən istifadə edə bilmirlər.

Hazırda tətil aksiyasına qoşulan işçilərin aylıq əmək haqqı 5-7 milyon tümən arasındadır.

Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılır.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar