SON XƏBƏRLƏR

Ruhani: “Biz, gənc nəslin səsini eşitməli, fikirlərini qəbul etməliyik”

2021.10.20, 07:36
Ruhani: “Biz, gənc nəslin səsini eşitməli, fikirlərini qəbul etməliyik”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani, fevralın 6-da jurnalistlərlə görüşündə ölkənin indiki durumundan narazı olan gənc nəsildən və onun tələblərindən danışıb.

 

Ruhani deyib ki, hazırda ölkə əhalisinin 70 faizini gənclər təşkil edir və onların müasir dövrün tələblərinə uyğun olaraq öz istəkləri var: “İslam inqilabı baş verəndə, bizim ölkə əhalisinin yeddi milyonunu gənclər təşkil edirdi. Lakin bu gün onlar, ölkə əhalisinin 70 faizini təşkil edirlər. Onların müasir dövrün tələblərinə uyğun olaraq öz düşüncələri və yolları var. Elə buna görə də, hesab edirəm ki, biz gənc nəslin səsini eşitməli, onun düşüncə və fikirlərini qəbul etməliyik.

 

İndiki nəslin öz ideyaları, öz sözü və təklifləri var. Gənclərin həm də öz dünyası var və bu gün onlar hər şeyə fərqli baxırlar. İndiki gənclərin intellekt səviyyəsi də keçmişdəkindən tam fərqlidir. Düşünürəm ki, biz onların səsini eşitməli, təkliflərini dinləyib araşdırmalı, düşüncələrini qəbul etməli və onlarla oturub danışmalıyıq. Bu gün, gənc nəsil, təkcə səsinin hakimiyyət tərəfindən eşidilməsi ilə kifayətlənmir. O , həm də səsinin, düşüncə və baxışının, təklif və istəklərinin hakimiyyətdə əks olunmasını və ona təsir etməsini istəyir. Çünki onlar cəmiyyətimizin əksəriyyətini təşkil edirlər.

 

İnqilab baş verəndə, cəmiyyətimizdəki insanların savadı, intellekt səviyyəsi, dünyaya baxışı və onunla əlaqəsi, o dövrün tələblərinə uyğun idi. Lakin indi zaman və dövr tamamilə dəyişib.  Elə buna görə də, hesab edirəm ki, biz indiki zamanı və dövrü tanımalı, onunla ayaqlaşmalıyıq. Çünki əgər zamanı və dövrü tanısaq, işlərimizi və vəzifəmizi yerinə yetirmək bizm üçün o qədər də çətin olmayacaq”.

 

 

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar