SON XƏBƏRLƏR

Ruhani: “Bu bağışlanmaz səhvə yol verənlər məsuliyyətə cəlb ediləcək”

2021.10.20, 07:36
Ruhani: “Bu bağışlanmaz səhvə yol verənlər məsuliyyətə cəlb ediləcək”

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani yanvarın 11-də bəyanat yayaraq, Ukraynanın sərnişin təyyarəsinin Tehranda “Sepah”ın yer-göy raketi ilə vurulmasına münasibət bildirərək, hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

 

Ruhani deyib ki, o, təyyarənin süquta uğramasının səbəbləri barədə İran Silahlı Qüvvələri Qərargahının apardığı araşdırmanın nəticələrini elan etməsindən xəbərdar olandan sonra dərin təəssüf hissi keçirir: “Biz, səhvən baş vermiş bu faciədən dərin təəssüf hissi keçiririk. Mən, İran İslam Respublikası adından bu ağrılı faciə qurbanlarının ailə üzvlərinə başsağlığı verir, bütün aidiyyətli qurumlara göstəriş verirəm ki, hadisə qurbanlarının ailələrinin könlünü ələ almaq, onların dərdinə şərik çıxmaq və onlara kompensasiya ödənilməsi üçün lazımi tədbirləri həyata keçirsinlər.

 

Qasım Süleymaninin şəhadatə çatdırılmasından sonra, təcavüzkar Amerika rejiminin millətimizə qarşı yaratdığı təhdid və qorxu şəraitində, Amerika ordusunun mümkün hücumunun qarşısını almaq üçün İranın bütün silahlı qüvvələri tam hazır ol vəziyyətinə gətirilmişdi. Lakin təəssüflər olsun ki, bu böhranlı şəraitdə yol verilən bir səhv böyük bir insani faciəyə səbəb oldu və onlarla günahsız insanın ölməsi ilə nəticələndi.

 

Bu kədərli faciə bağışlanılası sadə bir məsələ deyil. Sözsüz ki, bu faciəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar davam etdiriləcək və bu  bağışlanmaz səhvə yol verən şəxslər məsuliyyətə cəlb ediləcək” –deyə, İran prezidenti Həsən Ruhaninin yaydığı bəyanatında qeyd olunur.

 

Qeyd edək ki, İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Bu barədə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanatla çıxış edərək, təyyarənin səhvən düşmən hədəfi kimi nəzərə alınaraq vurulduğunu bildirib.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşlarıdır.. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

Hadisə, “Sepah”ın İraqda Amerikanın hərbi bazalarına qarşı raket hücumundan bir neçə saat sonraya təsadüf edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar