SON XƏBƏRLƏR

Ruhani: "BVF diskriminasiyaya yol vermədən İranın kredit müraciətinə baxmalıdır"

2021.10.20, 07:36
Ruhani: "BVF diskriminasiyaya yol vermədən İranın kredit müraciətinə baxmalıdır"

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani ötən gün keçirilən Hökumət Kabinetinin iclasında ölkəsinin Beynəlxalq Valyuta Fondundan istədiyi 5 milyard dollar kreditlə bağlı çıxış edib.

 

O bildirib ki, qurum "ayrı-seçkiliyə yol vermədən" rəsmi Tehranın müraciətinə baxmalıdır.

 

İran prezidenti həmçinin qeyd edib ki, koronavirusun yayılmasına rəğmən, iqtisadi stabilliyi qorumaq üçün insanlar işlərinə geri qayıtmalıdırlar.

 

"Dövlət üçün ən rahat iş xalqdan evdə qalmasını istəməkdir. Lakin bu, qeyri-mümkün işdir. Xalqın evdə qalmasının davam etməsi günəmuzd işləyən və 1 gün işləməsə, yeməksiz qalacaq insanları nəzərə aldıqda, mümkünsüzdür", deyə Həsən Ruhani əlavə edib.

 

Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif mart ayının sonlarında koronavirusla mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar həcmində kredit istəmişdi. Lakin qurum hələ ki, Tehranın müraciətinə heç bir cavab verməyib.

 

Digər tərəfdən, bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus veriləcək pulların İran xalqına sərf edilməyəcəyini deyərək, ölkəsinin İrana kredit verilməsinə qarşı olduğunu bəyan edib.

 

"Bu pulları rejim İran xalqına deyil, regionda maliyyələşdirdiyi və dəstəklədiyi terrorçu qruplaşmalara xərcləyəcək. Buna görə də, kreditin verilməsinin İran xalqına bir faydası olmayacaq". - deyə sözçü əlavə edib.

 

Morqan Ortaqus martın 31-də "Twitter"də yazdığı statusda bildirmişdi ki, İran hökuməti kredit istəmək əvəzinə, Xamneyinin vergidən azad fondlarında mövcud olan 100 milyard dollardan çox puldan koronavirusla mübarizə üçün müəyyən qədər məbləğ götürə bilər.


Xatırladaq ki, BVF koronavirusla mübarizə, eləcə də onun səbəb olduğu iqtisadi böhranların aradan qaldırılması üçün dünya ölkələrinə faizsiz və ya aşağı faiz həddi ilə 50 milyard dollarında kredit xətti ayırıb. Qurum bu günə qədər həmin məbləğdən 11 ölkəyə kredit verib.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar