SON XƏBƏRLƏR

Ruhanidən Trampa xəbərdarlıq: “Aslanın quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxarar”

2021.10.20, 07:36
Ruhanidən Trampa xəbərdarlıq: “Aslanın quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxarar”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani iyulun 22-də ölkənin xarici ölkələrdəki səfirləri ilə görüşdə Amerikanın İrana qarşı sanksiyalarından danışaraq, Tehrana qarşı yürütdüyü siyasətinə görə ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.

 

İran prezidentinin Trampa xəbərdarlığı, dini lider Əli Xamneyinin İran Xarici İşlər Nazirliyinin diplomatları və xarici ölkələrdəki səfirləri qarşısındakı çıxışında onun üç həftə əvvəl İsveçrəyə səfərində Hörmüz boğazını bağlayacaqlarına ehyam vurmasını dəstəkləməsindən bir gün sonraya təsadüf edib.

 

Öz çıxışında Vaşinqtonla hər hansı bir danışıqlar aparılmasının mənasız olduğunu vurğulayan Ruhani deyib ki, Amerikanın bölgədə yürütdüyü siyasətinin kökündə islam respublikasını devirmək və İranı parçalamaq durur: “Amerika ilə danışıqlar aparmaq onun qarşısında təslim olmaq və əldə etdiyimiz nailiyyətlərin sonu deməkdir. Bu isə yolverilməzdir. Amerika iqtisadi və psixoloji baxımdan İrana təzyiq göstərməklə ölkədə sabitliyi pozaraq iğtişaş yaratmaq niyyətindədir. Lakin Amerika bu hədəfində uğursuz olacaq və istədiyinə nail ola bilməyəcək.

 

Bu gün Amerikada iş başında olan bu komandaya təslim olub bir addım geri çəkilsək, onlar millətimizin bütün mənafeyini qarət edəcəklər. Lakin bu ağır şəraitdə biz heç nədən qorxmur, qanımızın axırıncı damlasına qədər onların qarşısında dayanacağıq. Əlbəttə, bu yolda biz ziyan da edə bilərik. Lakin müəyyən qazancımız da olacaq. Hər halda bizim Amerika qarşısında iki seçimimiz və yolumuz var. Ya təslim olmaq, ya da müqavimət göstərmək. Biz isə ölkəmizə qarşı göstərilən hər bir təzyiqi müqavimət göstərəcəyik.

 

Biz deyəndə ki, İran nefti ixrac olunmasa, heç kəs neft ixrac edə bilməyəcək, amerikalılara elə gəlir ki, biz Hörmüz boğazını bağlamaq niyyətindəyik və ona eyham vururuq. Halbuki bizim qarşımızda çoxlu yollar var. Hörmüz boğazını bağlamaq isə bu yolların ən asan variantıdır. Lakin bizim bağlamaq üçün ixtiyarımızda çoxlu “boğazlar” var.

 

Mən üzümü Amerika prezidentinə tutub deyirəm: Cənab Tramp, aslanın quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxara bilər. Bildirirəm ki, bizimlə sülh, bütün sülhlərin anası, İranla savaş isə bütün müharibələrin anası sayılacaq. Biz isə ölkəmizə qarşı heç bir təhdidi qəbul etməyəcəyik”.

 

 

Xatırladaq ki, iyulun 3-də İsveçrəyə səfər edən Həsən Ruhani, jurnalistlərə açıqlamasında Vaşinqtonun İran neftinin ixracına qoymağa çalışdığı qadağadan danışıb: “Amerikalılar bildirirlər ki, İran neftinin ixracının qarşısını tamamilə almaq istəyirlər. Onlar bu sözün mənasını anlamırlar. Çünki region nefti ixrac olunduğu bir vaxtda, İran neftinin ixracının qarşısını almağın heç bir məna və anlamı yoxdur. Əgər Vaşinqton dediyini gerçəkləşdirə bilsə, bunun nəticəsini də görəcək”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar