SON XƏBƏRLƏR

Rus dili keçmiş SSRİ-də nüfuzunu itirir

2021.10.20, 07:36
Rus dili keçmiş SSRİ-də nüfuzunu itirir

Gunaz.tv
Rus dili keçmiş SSRİ-də nüfuzunu itirir «Yağ alanda dükanda Azərbaycan dilində «72 qəpik» dedim, məktəbə şikayət etdilər…» Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədlinin uşaqlığında başına gələn bu əhvalat çətin ki, bir də Azərbaycanda hansısa uşağın başına gələ. Hər halda, rus dilinin keçmiş SSRİ məkanındakı nüfuzunu öyrənən ABŞ-ın «Gallup» araşdırma təşkilatının əldə etdiyi nəticələr də bunu deməyə əsas verir. «Gallup»ın bu günlərdə elan etdiyi sorğusunun nəticələrinə görə, SSRİ-nin dağılması ilə rus dilinin də bu məkanda nüfuzu durmadan aşağı düşməkdədir. Amma bəzi respublikalarda rus dilinə marağın artdığı da hiss edilir. Təşkilatın əldə etdiyi nəticələrə görə, Ermənistanda, Moldovada, hətta, Rusiya ilə uzun müddətdir qarşıdurma vəziyyətində olan Gürcüstanda da uşağına rus dilini öyrətmək istəyən valideynlərin sayı artmaqdadır. Gürcüstanda rəyi soruşulanların 64 faizi uşaqlarının rus dilini öyrənməsinin çox vacib olduğunu deyib. İki il əvvəl isə Gürcüstanda bu cür düşünən valideynlərin sayı 43 faiz olub. Buna yaxın tendensiya Moldovada da müşahidə edilib. Bu istiqamətdə Azərbaycandakı vəziyyət barədə «Gallup»ın sorğusunda bir məlumat yoxdur. Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi hesab edir ki, sovetlərin dağılmasından sonra rus dili Azərbaycanda nüfuzunu o qədər itirib ki, indi onun milli mədəniyyətə təhlükəsi demək olar yoxdur. Hərçənd bu dildə danışmağın mədənilik, aristokratlıq əlaməti olması barədə təsəvvürlər hələ də qalır: «Mən belə proqnoz verirəm ki, hələ yaxın on ildə rus dilinin nüfuz elementləri qalacaq. Və onun ingilis dilini sıxışdırması xeyli çəkəcək. Amma mən istəyərdim ki, heç biri olmasın. Yəni ki, azərbaycanlılar üçün nə ingilis, nə də rus dili prestij olmasın. Təxminən, Türkiyədəki kimi bir vəziyyət olsun. O vəziyyət yəqin ki, əvvəl-axır gələcək, amma gec gələcək, təxminən bir on il çəkər». Azərbaycandakı rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin isə hesab edir ki, rus dili Azərbaycanda ikinci dövlət dili, yaxud heç olmasa, millətlərarası ünsiyyət dili kimi qəbul olunmalıdır. Amma o, özü də bunun hazırda mümkün olmadığını deyir: «Çünki bunun üçün referendum keçirilməlidir, referendum isə o vaxt keçirilə bilər ki, ya Milli Məclis, ya da vətəndaşların böyük bir qrupu bunu istəsin. Ona görə, mən yaxşı başa düşürəm ki, bu, indi mümkün deyil». Mixail Zabelin onu da qeyd edir ki, hazırda Azərbaycanda yaşayan rus əhalisinin öz dilindən istifadə etməsinə heç bir maneə yoxdur. Bu dildə qəzetlər, televiziya verilişləri, orta və ali məktəblərdə təhsil imkanları genişdir. «Gallup» hesab edir ki, keçmiş sovet məkanında ümumilikdə rus dilinin öz nüfuzunu itirməsi tendensiyası gedir. Hətta, övladının rus dilində təhsil almasını istəyən valideynlər belə, ünsiyyət üçün öz ana dillərini üstün tutublar. Təşkilat vətəndaşlardan soruşub ki, bu sorğu üçün sualları hansı dildə istəyirlər. Hətta, uşağının rus dilini öyrənməsini çox vacib hesab edən erməni valideynlərin tam əksəriyyəti – 97 faizi sorğunun sualları ilə öz dillərində tanış olmağı üstün tutublar. Azərbaycanda da suallarla rus dilində tanış olmaq istəyənlərin sayı cəmi altı faiz olub. Yalnız Qazaxıstanda, Ukraynada və Belarusda suallarla rus dilində tanış olmaq istəyənlərin sayı çox olub. Natiq Zeynalov express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar