SON XƏBƏRLƏR

RUSİYA BAKI-CEYHANI BOMBALADI

2021.10.20, 07:36
RUSİYA BAKI-CEYHANI BOMBALADI

Gunaz.tv
RUSİYA BAKI-CEYHANI BOMBALADI Azərbaycan Qafqaz savaşının ilk zərbəsini aldı Rus təyyarələri Tiflisə, neft anbarlarının yerləşdiyi Poti limanına və Borçalıya raket zərbələri endirib Rusiya ilə Gürcüstan arasında avqustun 8-də Cənubi Osetiya ətrafında başlayan müharibə getdikcə şiddətlənir. Avqustun 9-na keçən gecə və dünən bütün gün ərzində Cənubi Osetiyaya yeridilmiş Rusiya və Gürcüstan ordu hissələri arasında şiddətli döyüşlər gedib. Rus aviasiyası münaqişə zonasına əsla dəxli olmayan yaşayış məntəqələrinə, o cümlədən paytaxt Tiflisə, Qori şəhərinə, Poti limanına, azərbaycanlılar yaşayan Bolnisi və Marneuli bölgələrinə raket-bomba zərbələri endirib. Aviazərbələrin dünən gecə prezident Mixail Saakaşvilinin iqamətgahı yaxınlığına da endirildiyi bildirilir. CNN telekanalı gecə yarısı Tiflisin bombardman edildiyi haqda təcili xəbər yayıb. Rus təyyarələrinin atdığı bombalardan biri də Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin keçdiyi əraziyə düşüb. Kəmərə nə qədər ziyan dəyməsi haqda dəqiq məlumat yoxdur. Rusiya-Gürcüstan müharibəsi gürcü qüvvələrinin Cənubi Osetiyaya daxil olmasından sonra başlayıb. Gürcü-osetin münaqişəsi bölgəsində ötən həftədən davam edən atışmalardan sonra rəsmi Tiflis osetinlərin gürcü kəndlərinə həmləsinə cavab olaraq hücum qərarı alıb. Gürcüstan ordusunun hissələri qısa müddətdə Cənubi Osetiyanın mərkəzi Sxinvalinin ətrafındakı osetin mövqelərini tutaraq şəhərə daxil olub. Avqustun 8-da günün birinci yarısında gürcü ordusu şəhəri demək olar ki, nəzarət altına alıb və Cənubi Osetiyanı Rusiya ərazisi olan Şimali Osetiya ilə birləşdirən Zarsk yolunu bağlayıb. Cəmi 1-2 saat sonra Rusiya rəhbərliyi Gürcüstana irimiqyaslı hərbi müdaxilə qərarı verib. Rusiyanın Şimali Qafqazdakı 58-ci ordusunun tank hissələri Cənubi Osetiyaya daxil olaraq gürcüləri Zarsk şossesindən sıxışdırıb, daha sonra 150-dən çox zirehli tankdan ibarət Rusiya qoşun hissələri Sxinvaliyə doğru hərəkət edib. Bununla da bölgədə Rusiya və Gürcüstan arasında Cənubi Qafqaz üçün görünməmiş miqyasda şiddətli döyüşlər başlayıb. Avqustun 9-na keçən gecə Gürcüstan ordusu hələ Sxinvalinin bir hissəsinə nəzarət edirdi. Amma gürcü ordusunun hissələri şəhərin mərkəzində bir neçə vurulmuş tank buraxaraq ətraflara doğru geri çəkilib. Bununla belə bölgəyə yeridilmiş Rusiya qüvvələrinin nisbəti gürcü qoşunları ilə müqayisədə dəfələrlə çox olsa da ruslar və onlara kömək edən osetin birləşmələri asanlıqla irəliləyə bilməyib. Bölgədə bütün gecəni şiddətli döyüşlər gedib, Sxinvali gürcü mövqelərindən “Qrad” qurğularından, tank və toplardan atəşə tutulub. Rusiya təyyarələri isə bütün dünyanın gözü qarşısında suveren ölkənin hava məkanına daxil olaraq münaqişə bölgəsinə dəxli olmayan şəhərləri və mülki infrastrukturu bombardman ediblər. Rusiya aviasiyası gecə Gürcüstanın Qara dənizə açılan Poti limanını bombardman edib. Bu limanda Gürcüstan hərbi dəniz qüvvələrinin bazası da yerləşir. Xatırladaq ki, orada Azərbaycanın da özəl marağı var. Azərbaycan Dövlət Neft Şirkəti 350 milyon dollar investisiya yatıraraq Poti limanında neft terminalı tikib. “Frans press” agentliyinin məlumatına görə, limanın infrastrukturu tamamilə dağılıb, ölənlər və yaralananlar var. Rus təyyarələri gecə Gürcüstan Müdafiə Nazirliyinin Senaki hərbi bazasını da şiddətli bomba zərbələrinə məruz qoyub. Nəticədə hərbi kazarmalar dağılıb, texnikanın bir hissəsi sıradan çıxıb, əsgərlər arasında ölənlər və yaralananlar var. Tiflisə bomba zərbələrinin endirilməsindən sonra ölkə rəhbərliyi şəhərdəki dövlət obyektlərinin evakuasiyası haqda qərar çıxarıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, evakuasiya Müdafiə Nazirliyindən başlayıb. Tiflisdə M.Saakaşvilinin iqamətgahının yerləşdiyi Avlabari rayonunun əhalisi də köçürülüb. Ölkə rəhbərliyi rus təyyarələrinin Saakaşvilini öldürmək üçün iqamətgaha zərbə endirə biləcəyindən narahatdır. Dünən səhər Rusiya qoşunlarının komandanlığı məlumat yayıb ki, 58-ci ordunun hissələri Sxinvalinin mərkəzində sülhməramlı qüvvələrin düşərgəsinə daxil olub. Onlara Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri dəstək verir. Rusiya prezidenti Dmitri Medvedev bəyan edib ki, Cənubi Osetiyada sülhə məcburetmə əməliyyatı başlayıb və əməliyyatın gedişi haqda hərbi komandanlıq ona müntəzəm məlumatlar verir. Rusiya KİV-i xəbər verib ki, qoşunlar Gürcüstanın nəzarətində olan və Dmitri Sanakoyevin başçılıq etdiyi müvəqqəti administrasiyanın yerləşdiyi 4 osetin kəndinə doğru hücuma keçib. Gürcüstanın nəzarətində olan Transqafqaz magistralı bu kəndlərdən keçir. Rusiya quru qoşunları komandanının köməkçisi, polkovnik İqor Konaşenkov bildirib ki, Sxinvali ətrafına xüsusi təyinatlı bölmələr yeridilib: “Rusiyanın bölgədəki qoşunlarına dəstək üçün əlavə qüvvələr də yeridiləcək”. İ.Konaşenkov etiraf edib ki, Sxinvalidə vəziyyət olduqca mürəkkəbdir. O, deyib ki, 58-ci ordunun hissələri mürəkkəb dağlıq şəraitdə gürcü ordusunun atəşi altında irəliləməyə çalışır. Döyüş əməliyyatları zonasına tanklar, artilleriya, motoatıcı və kəşfiyyat bölmələri yeridilib. Əməliyyata quru qoşunlarının komandanı, ordu generalı Vladimir Boldırev başçılıq edir. 58-ci ordunun vəzifəsi aviasiyanın da dəstəyindən istifadə edərək gürcü qoşunlarını Cənubi Osetiyadan geri oturtmaqdır. İ.Konaşenkov deyib ki, son iki gündə Cənubi Osetiyada 20-dək rus hərbçisi öldürülüb, bir neçəsi yaralanıb. Rəsmi Tiflisin əməliyyatların gedişi haqdakı xəbərində isə deyilir ki, Sxinvaliyə nəzarət gürcü qoşunlarının əlindədir. Müdafiə naziri David Kezaraşvili bildirib ki, qoşunlar əvvəl tutduqları mövqelərdən geri çəkilməyib, əksinə, yeni mövqelər tutub. Müdafiə nazirinin müavini Batu Kuteliya isə bildirib ki, iki gün ərzində gürcü şəhərlərinin bombalanmasında iştirak edən 7 Rusiya təyyarəsi vurulub, onlardan birinin pilotu əsir götürülüb, o, indi dindirilir. 7 təyyarənin vurulması xəbərinə RF Müdafiə Naziriyində əvvəlcə istehza ediblər, lakin sonra etiraf olunub ki, 2 təyyarə itirilib. Gürcüstanın dövlət naziri Temur Yakobaşvili deyib ki, ölkənin hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri dünən 4 Rusiya təyyarəsini vurub. Rusiya təyyarələri dünən gecə Qoridə telekommunikasiya stansiyasına da zərbə endirib. Bu zərbədən sonra Gürcüstanın mobil rabitə şəbəkələrində problem yaranıb. “Yeni Müsavat” olaraq dünən Gürcüstanla mobil telefon əlaqəsi yaratmaq istəsək də çoxsaylı cəhdlərimiz baş tutmurdu. Nəhayət, “Georgian Times” qəzetinin baş redaktoru və eyniadlı media-holdinqin prezidenti Malxas Qulaşvili ilə çətinliklə də olsa telefon əlaqəsi yarada bildik. O, situasiyanın çox mürəkkəb olduğunu dedi: “Elə indicə Rusiya təyyarələri Qorini yenidən bombaladı, dünən gecə Potini bombalayıblar, nəticədə liman dağıdılıb. Tiflisin ətrafındakı Vazani bazasına, Senakiyə zərbələr endirilib”. M.Qulaşvilidən öyrəndik ki, Poti limanında ARDNŞ-ə məxsus neft terminalı hələlik salamatdır, lakin rus təyyarələrindən atılan bombalardan biri Bakı-Ceyhan neft kəmərinin keçdiyi əraziyə düşüb. “Kəmərə ziyan dəyib-dəymədiyi haqda məndə məlumat yoxdur”- deyən Qulaşvili bildirdi ki, indi ətraflı danışmağa imkan yoxdur və daha sonra bizimlə əlaqə saxlamağa çalışacaq. Digər məlumata görə, Bakı-Supsa neft kəmərinin keçdiyi ərazilərə də bomba zərbələri endirilib. Dünən BMT Təhlükəsizlik Şurası Gürcüstan-Rusiya müharibəsi ilə bağlı ikinci dəfə müzakirələr keçirib. Lakin bu dəfə də heç bir qərar qəbul olunmayıb, müzakirələr isə daha çox diplomatların bir-birinə ünvanladığı sərt ifadələrlə yadda qalıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib ki, Gürcüstan üzr istəsə, bombardman dayana bilər: “Bu, hələ başlanğıcdır, mən hələ bunun sonrasının gələcəyini demirəm”. V.Çurkin Gürcüstanın BMT-dəki səfiri Alasaniyanın rus təyyarələrinin Gürcüstan şəhərlərini bombaladığı haqda BMT TŞ üzvlərinə verdiyi informasiyanı əvvəlcə təkzib edib. Lakin Alasaniyanın “Gürcüstan nə etməlidir ki, Rusiya bu bombardmanlara son qoysun” sualı qarşısında ehtiyatı əldən verib: “Başlanğıc üçün Gürcüstan bizdən üzr istəməlidir, ancaq bunun daha böyük məsuliyyəti hələ qabaqdadır. Gürcüstanın məsuliyyətsiz hərəkəti üzündən Cənubi Osetiyada minlərlə adam ölüb, Sxinvali 24 saat ərzində dağılıb”. Rusiya Sxinvalidə ölənlərin sayının 1500-dən çox olduğunu bildirir. ABŞ dövlət katibi Kondoliza Rays isə bəyan edib ki, Rusiya Gürcüstanın bombardman edilməsini dərhal dayandırmalı və öz qoşunlarını bu ölkədən çıxarmalıdır: “Biz Rusiyanı Gürcüstana raket və aviasiya hücumlarını dayandırmağa çağırırıq. Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmət etməli və öz qoşunlarını bu ölkədən geri çəkməlidir”. K.Rays bildirib ki, ABŞ-ın yüksək rütbəli təmsilçiləri tərəflərlə danışıb və atəşi dayandırmağa çağırıb. O da məlum olub ki, tərəfləri atəşi dayandırmağa sövq etmək üçün bölgəyə beynəlxalq təşkilatların nümayəndələrindən ibarət ekspertlər qrupu göndərilir. Lakin günün ikinci yarısında məlum olub ki, Rusiya Gürcüstana əlavə qüvvələr yeridir. Prezident D.Medvedevin əmri ilə Rusiya ordusunun ən elitar birləşməsi sayılan Pskov desant diviziyası hərbi texnikası ilə birlikdə Cənubi Osetiyaya göndərilib. Rusiya komandanlığı günün ikinci yarısında “Sxinvalinin gürcü qoşunlarından tam azad edildiyi” haqda raport da verib. General V.Boldırev deyib ki, “Sxinvali şəhəri tamamilə azad edilib”. O, bildirib ki, bu məqsədlə şəhərə hərbi-hava desantı çıxarılıb. Rusiya təyyarələri dünən də gün ərzində Tiflis yaxınlığındakı Vaziani hərbi bazasına, azərbaycanlılar yaşayan Marneuli və Bolnisi bölgələrindəki hərbi obyektlərə dağıdıcı zərbələr endirib, mülki sakinlər və hərbçilər arasında tələfat var. Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili Qərb mətbuatına açıqlamasında təsdiq edib ki, Rusiya təyyarələrinin zərbələri nəticəsində Poti limanı tamamilə dağıdılıb, bombalar BTC-nin keçdiyi ərazilərə də düşüb. Xatırladaq ki, Azərbaycan nefti dünya bazarlarına Poti limanından çıxarılır. Gürcüstan İraqdakı sülhməramlı qüvvələrinin yarısını təcili geri qaytarmaq qərarı verib. İraqdakı 2 min nəfərlik Gürcüstan hərbi kontingentinin yarısının Amerika hərbi hava qüvələrinə məxsus nəqliyyat təyyarələri ilə qayıdacağı gözlənilir. Bu xəbəri “SkyNews” telekanalı yayıb. Gürcüstan hərbi kontingentindən isə bildirilib ki, bütün briqada geri dönür: “Biz Amerika hərbi təyyarələrinin gəlişini gözləyirik”. Digər məlumata görə, prezident M.Saakaşvili Təhlükəsizlik Şurasının təcili iclasını keçirərək ölkədə hərbi vəziyyət və komendant saatı elan edilməsi haqda fərman verib. Fərmana görə, hərbi vəziyyət 15 gün qüvvədə olacaq. Bakı vaxtı ilə saat 16 radələrində müharibə bölgəsindən daha bir həyəcanlı məlumat gəldi. M.Saakaşvili bəyan edib ki, Rusiya qoşunları Abxaziya istiqamətindən ölkə ərazisinə hücuma keçib: “Bir neçə saat əvvəl Rusiyanın Qara dəniz donanması Gürcüstanın suveren Abxaziya ərazisinə təcavüz edib. Üç saat əvvəl Rusiya qoşunları və Rusiyanın ağır texnikası Yuxarı Abxaziyaya, Kodor dərəsinə hücuma başlayıb”.Abxaz tərəfi məlumatı təsdiqləyib. “Bizim aviasiya hazırda Gürcüstanın nəzarət etdiyi Kodor dərəsinin yuxarı hissəsində əməliyyat keçirir”- deyə tanınmamış Abxaziyanın “prezidenti” Sergey Baqapş “İnterfaks”a bildirib. Xəbərə görə, rus təyyarələri Abxaziyanın Gürcüstanın nəzarətindəki hissəsini bombardman edir, dənizdən Süxumiyə Rusiya desantı çıxarılıb, minlərlə əsgərdən və zirehli texnikadan ibarət kontingent Abxaziyaya daxil olub. Pekində olan ABŞ prezidenti Corc Buş günün sonunda münaqişəyə dair xüsusi bəyanat verib. C.Buş deyib ki, o, Gürcüstandakı vəziyyətdən möhkəm narahatdır. ABŞ prezidenti hesab edir ki, hərbi əməliyyatların Cənubi Osetiyadan kənara yayılması münaqişənin qızışmasına işarədir: “Rusiya Cənubi Osetiyadan uzaqda olan regionları bombalayır”. C.Buş Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə və bombardmanları dayandırmağa çağırıb. Onun fikrincə, Rusiya və Gürcüstan münaqişənin həllində beynəlxalq vasitəçilərin köməyindən istifadə etməlidir. Bundan az əvvəl C.Buşun M.Saakaşvili ilə telefon söhbəti də olub. Bunu jurnalistlərə M.Saakaşvili deyib. Tərəflərin itkilərinin nə qədər olduğunu müəyyən etmək çətindir, çünki ziddiyyətli xəbərlər yayılır. Rəsmi Tiflis bildirib ki, iki günlük döyüşlərdə 55 nəfər itirib, onlardan 15-i mülki əhalidir. Vurulan Rusiya təyyarələrinin sayı isə 10-a çatıb, təyyarələrin pilotlarından 3-ü sağ ələ keçirilib, “Rustavi-2" telekanalı isə bir pilotun cəsədini nümayiş etdirib. Gürcüstan rəhbərliyi ölkə parlamenti qarşısında bəyan edib ki, Süxumi və ətraf yaşayış məntəqələri onların nəzarətində qalır, Rusiya qoşunlarının şəhəri tutduğu haqda yayılan informasiyalar yalandır. Son məlumatlara görə, Gürcüstanın iqtisadi inkişaf naziri Yekaterina Şaraşadze bəyan edib ki, Rusiya Bakı-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinə hücum edib. Nazirin sözlərinə görə, kəmərlərin keçdiyi ərazilərə bomba zərbələri endirilib, lakin BTC-yə və qaz kəmərinə ziyan dəyməyib: “Bu hadisə göstərir ki, Rusiya nəinki mülki infrastrukturu, hətta beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərini də hədəfə alır”. Qəzetimiz çapa hazırlanarkən yayılan xəbərlərdə deyilirdi ki, gürcü tankları yenidən Sxinvaliyə girib. Cənubi Osetiya separatçıları etiraf edib ki, şəhərdə döyüşlər gedir, gürcü xüsusi təyinatlıları Sxinvalinin mərkəzində kiçik dəstələr halında döyüşür. M.Saakaşvili isə Kodor dərəsi istiqamətində abxaz separatçılarının hücumlarının dəf edildiyini, Sxinvali ətrafında Rusiya Baş Qərargahına bağlı Baş Kəşfiyyat İdarəsinin 60-a yaxın xüsusi təyinatlısının məhv edildiyini bildirib. Sxinvalidə isə neçə gündür hərbi əməliyyatların mərkəzində qalan 50-dən çox jurnalistin həyatı üçün təhlükə yaranıb. Artıq onların arasında ölən və itkin düşənlər var, jurnalistlər onları xilas etməyi xahiş edir. Rusiyanın baş naziri Vladimir Putin isə Çinə səfərini yarımçıq kəsərək dünən Vladiqafqaza gedib. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar