SON XƏBƏRLƏR

Həsən Amuli: İrana kiber hücum Amerikanın işidir

2021.10.30, 06:25
Həsən Amuli: İrana kiber hücum Amerikanın işidir

Gunaz.tv

Seyid Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli, İranda yanacaq doldurma məntəqələrinin fəaliyyətinin iflic olması ilə nəticələnən kiber hücumun arxasında Amerikanın olduğunu deyib.

O, oktyabrın 29-da cümə namazı mərasimindəki çıxışında deyib ki, bir neçə həftə öncə Amerika və İsrail İrana danışıqlara qayıtmasını istəmiş, vaxtın tükəndiyini və bunun İranın xeyrinə olmadığı barədə xəbərdarlıq etmişdilər.

“Bütün bu çıxışlar Amerikanın İrana qarşı hansısa addımlar atacağına dəlalət edirdi”-deyə, Amuli kiber hücumu Amerikanın təşkil etdiyini iddia edib.

“Amerika yanacaq doldurma məntəqələrinə etdiyi kiber hücumla onların fəaliyyətini iflic etdi. Bu Amerika üçün baş aşağılıqdır. Bu göstərir ki, Amerika İrana hərbi gücündə deyil və hərbi müdaxilədən məyus olduğu üçün belə bir işə əl atıb. Onlar hərbi qevvələr və dövlətdən qısas almaq əvəzinə adi daxili qarşıdurma yaratmaq üçün xalqı hədəf aldılar”-deyə, əyalət mollası bildirib.

O, Amerikanı hədələyərək kiber hücuma cavab veriləcəyini deyib və İranın cavab verməyəcəyi təqdirdə Amerikanın dahada cəsarətlənəcəyini söyləyib.

Amuli bildirib ki, bütün bu işlərdən məqsəd İranı müzakirə masasına qaytarmaq, ondan imtiyaz almaq məqsədi daşıyır.

“Bütün bu hərəkətlərdən məqsəd təhdid və güc yolu ilə İranı müzakirə masasında oturtmaq və öz istədiklərini ona diktə etməkdir. İran var gücü ilə müzakirələrə qayıtmalı və onların təkəbbürlərinin cavabını verməlidir”-deyə, cümə imamı anlaşılmaz və ziddiyyətli fikirlər səsləndirib.

Qeyd edək ki, oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-dan başlayaraq kiber hücum nəticəsində İranın bütün yanacaq doldurma məntəqələrinin fəaliyyəti iflic olub. Bu hadisədən sonra ölkə boyu qara bazarda satılan yanacağın qiyməti kəskin artıb. 

Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq yanacaq doldurma məntəqələrinin hamısının fəaliyyətini bərpa etmək mümkün olmayıb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar