SON XƏBƏRLƏR

Şahrudinin oğlu: "Atam həkimlərin əvəzinə islami tibb mütəxəssislərinə qulaq asdı və xəstəliyinin müalicəsi nəzarətdən çıxdı"

2021.10.20, 07:36
Şahrudinin oğlu: "Atam həkimlərin əvəzinə islami tibb mütəxəssislərinə qulaq asdı və xəstəliyinin müalicəsi nəzarətdən çıxdı"

Gunaz.tv

GünAz TV: Mahmud Haşimi Şahrudinin oğlu Əla Haşimi Şahrudi xəbər agentliklərindən birinə verdiyi müsahibə zamanı atasının xəstəliyi və ölümü barədə maraq doğuracaq fikirlər səsləndirib.

 

O qeyd edib ki, atası xəstəliyinin müalicəsində həkimlərə deyil, "islam tibbi mütəxəssisləri"nə etimad göstərib və bu da onun xəstəliyinin nəzarətdən çıxmasına səbəb olub.

 

"1396- cı ildə (2017), cərrahiyyə əməliyyatından öncə ayətullah Əli Xamneyi atamla görüşmək üçün gizli şəkildə bizə gəlmişdi. Həmin görüşdə dini lider atama həkimlərin müalicəsinə etibar etməyi və onların sözlərini dinləməyi tövsiyyə etmişdi. Amma atam onun sözlərinə qulaq asmadı, islami tibb mütəxəssisləri onun beynini qarışdırdılar və nəticədə atam müalicəsini onlara etibar etdi", - Əla Haşimi Şahrudi əlavə edib.

 

Qeyd etmək lazımdır ki, İranda son illər ərzində haqqında ən çox müzakirə aparılan mövzulardan biri "islami tibb"dir. Mahmud Haşimi Şahrudi özü "islami tibb"in dirçəldilməsinə böyük dəstək göstərən rəsmilərdən idi. O, hətta bu istiqamətdə dini mədrəsələrdən "qəribə, təəccüb doğuracaq və faydalı məlumatları" toplamaqlarını istəmişdi.

 

İran Səhiyyə nazirinin mavini İrəc Hərirçi cari ilin oktyabr ayının 7-də ötən illər ərzində ölkədə 4 din xadiminin xərçəng xəstəliyinə tutulduğunu, onlardan xəstəlikləri ağır dərəcədə olan 3 nəfərin müalicə edilərək sağaldığını, "islami tibb"ə üz tutan 1 axundun isə öldüyünü bildirmişdi.

 

Şahrudinin oğlunun bu müsahibəsindən sonra Nazir müavinin həmin çıxışında Şahrudini nəzərdə tutduğu aydın olur.

 

Xatırladaq ki, səhhəti ağırlaşan Mahmud Şahrudi 2017-ci ildə Almaniyaya aparılmışdı. Lakin bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə, almaniyalı siyasətçi Volker Bek ondan məhkəməyə şikayət etmişdi . Bundan sonra İran rejimi məsuliyyətə cəlb ediləcəyindən qorxub, axundun Almaniyada müalicəsini dayandıraraq, onu İrana qaytarmışdı.

 

Mahmud Şahrudi məhkəmə sisteminə rəhbərlik etdiyi 10 il ərzində ən azı 7 daş-qalaq etməklə öldürmə, çoxlu sayda məhkəməsiz mühakimə edilərək öldürmə və 2000-dən çox edam aktı həyata keçirməklə, ən qəddar canilərdən biri kimi yadda qalıb. Həmin illər ərzində 1000-dən çox siyasi fəal da qanunsuz olaraq həbs edildikdən sonra Şahrudinin çıxardığı hökmlər əsasında edam edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar