SON XƏBƏRLƏR

Salmasda talançı Simitqo dəstələri ilə mübarizədə Ləkistan savaşında ölənlərin xatirəsi anılıb

2021.10.20, 07:36
Salmasda talançı Simitqo dəstələri ilə mübarizədə Ləkistan savaşında ölənlərin xatirəsi anılıb

Gunaz.tv

GünAz TV: Salmasın “Qara Qışlaq” kəndində Ləkistan savaşının 99-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

 

Tədbir dekabrın 18-də Qərbi Azərbaycanın salmas şəhərinə yaxın “Qara Qışlaq” kəndində keçirilib.

 

Tədbirdə ötən əsrin əvvəllərində baş verən hadisələr zamanı öldürülən 3500 salmaslı şəhid, həmçinin Ləkistan savaşının Qəhrəmanı Məsud Divan, onun şair qızı Nimtac Salmasi və oğlu mühəndis Teymur Ləkistanının xatirələri böyük ehtiramla yad edilib.

 

Tədbir zamanı tarixi Ləkistan savaşında baş verən hadisələrdən söz açılıb.

 

“1919-cu ildə Simtqo dəstələri Urmiyədə toplaşdığı zaman Salmas əhalisi özünü müdafiə etməyə hazırlaşıb. Həmin vaxt Salmasın Ləkistan məntəqəsinin əhalisi çox çətinliklər 15 min güllə əldə edib və öz silahlılarına təlim keçiblər. Digər tərəfdən Simitqo onları güllələri təhvil verməyə çağırıb və bildirib ki, əgər təslim olmasanız qadın və uşaqların qətl ediləcəyi qaçılmazdır. Nəhayət 1919-cu il dekabrın 19-da Ləkistan əhalisi ilə talançı Simtqo qoşunu arasında savaş başladı. Ləkistanlı kişi və qadınlar hamısı savaşa qoşuldu və böyük qəhrəmanlıq göstərdilər. Lakin onlarda yalnız 340 ədəd silah olduğu üçün “Sultan Əhməd”də baş verən savaş 2 saatdan çox çəkmədi və kürdlər hər tərəfdən kəndə girərək ləkistanlıları qətliam edib, hər şeyi talayıb apardılar. Kişilərin çoxu öldürüldü, qadın və uşaqlar isə əsir düşdü. Kürdlərin əlindən qaçanlar “Qara Qışlaq” kəndinə gəlib  orada yenidən müdafiəyə hazırlaşdılar. Simtqo “Sultan Əhməd”i talan etdikdən sonra “Qara Qışlaq”a hücuma keçdi və tərəflər arasında yenidən qanlı savaş başladı. Simitqo qoşununun sayı və silah-sursatı Ləkistan əhalisindən qat-qat çox idi. Bu savaşda ləkistanlılara Sadiqxan, Məsudxan və İbrahimxan adlı 3 qardaş sərkərdəlik edirdi. Azərbaycanlılar bu qeyri-bərabər savaşda 11 saatdan artıq müqavimət göstərə bilmədilər, bununla da “Qara qışlaq” kəndi işğal edildi.

 

Qeyri-bərabər savaşda Ləkistan qoşununun sərkərdəsi Məsud Divan narahatlığından intihar etdi və bütün məntəqə Simtqo tərəfindən işğal olundu”- deyə salmaslı tarixçi-alim Dr. Tohid Məlikzadə mövzu ilə bağlı öz əsərində yazıb.

 

Məsud Divanın oğlu mühəndis Teymur Ləkistani, Şərif Sənaye Universitetinin qurucularından biridir, o həmçinin İranın elektrik sənayesinin atası kimi tanınır. Teymur Ləkistani atası Məsud öləndən sonra bacısı Nimtacla birlikdə Xoy şəhərinə gedib və öz təhsilini davam etdirib.

 

Salmasın Ləkistan məntəqəsi Urmu gölünün şimal sahillərində yerləşir. Bu məntəqənin 9 kəndi var, bölgə əhalisinin hamısı türkdür.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisələr, Ciloluq faciəsi kimi tarixə düşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar