SON XƏBƏRLƏR

Sara Sanders: “Vaşinqton, İranda dinc etirazçıların repressiyalara məruz qoyulması qarşısında sakit qalmayacaq”

2021.10.20, 07:36
Sara Sanders: “Vaşinqton, İranda dinc etirazçıların repressiyalara məruz qoyulması qarşısında sakit qalmayacaq”

Gunaz.tv

GünAzTV: Ağ Ev, yanvarın 10-da bəyanat yayaraq İran rəhbərlərinin ölkədə dinc etirazçıları repressiyalara məruz qoymasından ciddi narahatlığını bildirib.

 

Ağ Evin sözçüsü Sara Sanders jurnalistlərə açıqlamasında bildirib ki, Tramp hökuməti İranın diktator hakimiyyətinin ölkədə dinc müxaliflərin qanuni və sivil hüquqlarını pozmasına göz yummayacaq: “İranda keçirilən dinc etirazlarda minlərlə aksiyaçının tutulması, onların işgəncələrə məruz qoyularaq öldürülməsi barədə məlumatlar yayılıb. Bu isə bizi ciddi nigaran edir. Biz, İranda siyasi məhbusların, eləcə də son etirazlarda həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb edirik.

 

Biz, İranın diktator hakimiyyətinin dinc etirazçıların və ölkə vətəndaşlarının ibtidai və legitim hüquqlarını pozması və dinc etirazçıların repressiyalara məruz qoyulması qarşısında sakit qalmayacağıq. Hesab edirik ki, İran rəhbərləri ölkədə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımalıdırlar və biz onları bu əməllərinə görə cavabdehlik daşımağa məcbur edəcəyik.

 

İranda etirazçılar, hakimiyyətə qanuni narazılıqlarını sivil yolla nümayiş etdirərək dilə gətirdilər. Onlar, hakim rejimdən repressiyalara, fəsad və korrupsiyaya, eləcə də ölkənin milli və təbii sərvətlərinin mənasız və boş-boşuna hərbi macəraçılıq uğrunda sərf ediləməsinə son qoyulmasını tələb etdilər.

 

İran rejimi iddia edir ki, o, demokratiyanın tərəfdarıdır. Lakin, ölkə vətəndaşları həyat səviyyələrinin yaxşılaşdırılmasını istəyəndə və məmləkətdə ədalətsizliyin aradan qaldırılmasını tələb edəndə, bu rejim, öz vəhşi simasını nümayiş etdirir. Bu isə qəbuledilməzdir”.

 

 

Son iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə 5-i son bir neçə gündə zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 

Xatırladaq ki, İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar