SON XƏBƏRLƏR

Sarkozinin qətiyyətsizliyi və Avropa Birliyi

2021.10.20, 07:36
Sarkozinin qətiyyətsizliyi və Avropa Birliyi

Gunaz.tv
Sarkozinin qətiyyətsizliyi və Avropa Birliyi 4507.jpg Avropa Birliyi (AB) uzun müddətdir istər strukturu, istərsə də gələcəyi ilə bağlı problemlər yaşamaqdadır. Bu problemlərin çoxunun qlobal sistemdəki rəqabətdən və iqtisadi imkanlardan qaynaqlandığı aydındır. Bununla bərabər problemlər siyasət vasitəsilə üzə çıxır və AB liderləri anlaşılmazlıqlar səhnəsinin baş rollarının ifaçılarına çevrilirlər. Üstəlik öyrəşmədiyimiz və tam olaraq nə istədiyi bilinməyən liderlər də varsa, problemlər tamamilə bu şəxslərin adları ilə əlaqələndirilir. Əslində demokratik ölkələrdə liderlərə baxaraq analiz aparmaq tam doğru qəbul edilmir, amma söhbət Fransa prezidenti Nikola Sarkozidən gedirsə, belə analizlər qaçılmaz olur. Sarkozini tanıyaq Sarkozinin AB-ni daha bütöv, daha federal bir qurum olaraq görmək istədiyi məlumdur. Bu istək əslində bəzi AB üzvü olan ölkələrin də gələcəklə bağlı planları ilə üst-üstə düşür. Eyni zamanda AB-ni daha sıx əməkdaşlığa cəlb edəcək hər hansı addımın fikir ayrılıqlarını daha da artıracağını düşünən dövlətlər də mövcuddur. Bu fikrin təmsilçisi kimi İngiltərə əks cəbhədə olan Fransa tərəfindən heç bir zaman əsl Avropa ölkəsi kimi tanınmayıb. Fransa əsl Avropa ölkəsi kimi gördüyü Almaniya ilə əməkdaşlıq edib və möhkəm bir AB üçün hər zaman fransız-alman birliyini əsas götürüb. Bu səmimiyyət bəzən o qədər irəliyə gedib ki, “iki ölkəyə tək hökumət quraq” fikirləri belə səslənməyə başlayıb. Nəticədə birgə fəaliyyət göstərəcək ordu məsələsində razılığa gəlinib, ortaq hökumət fikri isə unudulmaq üzrədir. Bir tərəfdən amerikasayağı iqtisadi və siyasi təşkilatlanma işinə qibtə edən və ABŞ-ın uğurunun arxasında “elastikliyin” dayandığını söyləyən Sarkozi digər tərəfdən isə daha bütünləşmiş bir Avropa fikrini müdafiə edərək, necə bir siyasi model nəzərdə tutduğu barədə tərəddüdlər yaradıb. Sarkozi dedikdə bir tərəfdən Avropanın öz müdafiə sistemini qurmasının vacib olduğunu israr edən, digər tərəfdən isə NATO-nu müdafiə edən, NATO-ya dəstək verməyə hazır olduğunu söyləyən, nüvə sahəsində milliliyə sadiq qalacağına söz verən, həm hərbi xərclərin və əsgər sayının azaldılmasına çalışan, həm də fransız əsgərlərini ABŞ-ın olduğu hər yerə göndərməyə hazır olduğunu bəyan edən siyasi lider başa düşülür. Onun digər münasibətlərində də bəzi qətiyyətsizliklər tapmaq mümkündür. Rusiyanın Avropanı enerji ilə şantaj etdiyini deyən Sarkozi bu ölkəyə səfəri zamanı AB ilə Rusiyanın yaxın müttəfiqlər olduğunu söyləmişdi. Düzdür, həmin açıqlaması zamanı kameralar önündə o qədər də sakit görünmürdü, amma yenə də onun bu sözləri ciddi qəbul olundu. Sarkozi ABŞ səfəri zamanı Konqresdəki çıxışında amerikalılara onları düşmənlərdən - almanlardan qoruduqlarına, yəni ortaq hökumət qurmaq istədikləri ölkədən xilas etdiklərinə görə təşəkkür etmişdi. Papanı ziyarəti zamanı: “Bütün fransızlar hər şeydən əvvəl katolikdir və fransız olmağın dəyişməyən şərti budur”, - deyən prezident Fransaya qayıtdıqdan sonra cümhuriyyət dəyərləri, inqilab və vətəndaşlıqla bağlı açıqlamalar vermiş və məcburən dünyəvilik məsələsinə də toxunmuşdu. Bu anlaşılmazlıqlardan Fransada baş çıxarmaq çətin olduğu üçün Sarkozi hadisəni bir müddətliyə gündəmdən çıxarmalı oldu. İqtidarının ilk aylarında Yaxın Şərqdəki ərəb xalqlarına marağı olduğunu açıqlayan Sarkozi Fələstində Həmasın dəstəklənməsi və Suriya ilə əlaqələrin qurulması fikirlərini səsləndirmişdi. Livanda isə Maruni liderlərinin tərəfini tutmuş, ardınca İsrailə səfəri zamanı Fransanın daima İsrailin yanında olacağını bildirmişdi. Bu mövzunu uzatmayaq, nümunə çoxdur. Belə qərara gəlmək olar ki, Sarkozinin qətiyyət göstərdiyi tək məsələ Türkiyəyə qarşı olmasıdır. Ağla belə, bir fikir də gəlir ki, bəlkə Sarkozi Türkiyəyə səfər edər və parlamentdə çıxışı zamanı fikirlərinin əksinə olan ifadələrə yer verər. Fransanın AB “dizayn”ı Sarkozinin narahatlıq doğuran bəzi addımları fransız vətəndaşlarında olduğu qədər bəzi AB ölkələrində də Fransaya qarşı etibarsızlıq yaradıb. Fransa bir çox iqtisadi və siyasi səbəblərə əsaslanaraq iki əsas məsələdə israr edir. Bunlardan birincisi, AB-nin gələcəyini tənzimləyən Lissabon Razılaşması çərçivəsində daha bütünləşmiş bir Avropa qurulması idi. Bu istiqamətdə Almaniyanı dəstəkləyici kimi seçdi və bu ölkə ilə birlikdə digər dövlətləri yola gətirmə prosesinə başladı. Ancaq elə həmin vaxtda Sarkozi Fransanı dünya gücünə çevirmək layihəsinə də start verdi. “Dünya gücü” layihəsi çərçivəsində Fransanı dünyaya çıxaracaq yolun Aralıq dənizindən keçdiyini xatırladan Sarkozi Aralıq dənizi birliyinin qurulması fikrini ortaya atdı. Bu fikrə əsasən qurum sadəcə Aralıq dənizi ilə sərhəd olan ölkələrdən ibarət olmalı idi. Layihədə iki önəmli problemin olduğu qısa müddət ərzində ortaya çıxdı. Birincisi Aralıq dənizi sahilində yerləşən və İsrail ilə diplomatik əlaqələri belə olmayan ərəb ölkələri ilə İsrailin bir qurumda necə birləşəcəyi məsələsi idi. Bundan əlavə, Fransa Əlcəzairi yola gətirməli, sözügedən ölkə isə öz qonşuları, məsələn, Mərakeş və Liviya ilə rəqabətinə mənfi təsir etməyəcək balansı qorumağın yollarını tapmalı idi. Qısacası, Fransa İtaliya və İspaniyaya liderlik etməyi və Aralıq dənizinin cənubunu “şimallı” ölkələr kimi mühasirəyə almağı planlaşdırmışdı. Bu təhlükəsizlik xəttinə və iqtisadi mühasirəyə əvvəlcə ərəb ölkələri etiraz etdi və bir qismi bunu yeni imperializm təcrübəsi kimi dəyərləndirdi. Ardınca Fransa İspaniyanın etirazları ilə qarşılaşdı. İkinci problem sözügedən layihədə Aralıq dənizi sahilində yerləşməyən Almaniyanın kənarda qalması idi. Üstəlik Fransa Aralıq dənizində İngiltərəyə rəğmən, təkbaşına sərbəst hərəkət edə biləcəyini düşünürdü. Hətta İngiltərə Kiprlə yeni ittifaq müzakirələri apararkən Fransa Kipr sahillərində hərbi təlimlərə start vermişdi. Təbii olaraq bu problemlər nəticəsində AB daxilində anlaşılmazlıqlar ortaya çıxdı. Başda Almaniya olmaqla bir çox ölkə Fransanın daha bütünləşmiş Avropa fikrinin Fransanın liderliyi ilə ərsəyə gələcək Avropa layihəsi olduğunu düşündü. Üstəlik, Fransa tərəfindən bu fikirləri təsdiqləyəcək bəzi addımlar da atıldı: Fransa Lissabon Razılaşması çərçivəsində nəzərdə tutulan “Avropa başqanı” məsələsində çox açıq yarışmaya girişdi. Fransa “Mr. Europe” postuna namizəd göstərilən İngiltərənin keçmiş baş naziri Toni Bleyerə veto qoydu. Səbəb kimi isə İngiltərənin tam avropalı olmaması göstərildi. Bunun əvəzinə Fransa beynəlxalq ticarət və valyuta təşkilatlarına liderlik etmiş fransızların namizədliyini irəli sürdü və bu dəfə də Almaniyanın vetosu ilə üzləşdi. Buna baxmayaraq, iki ölkə arasındakı anlaşılmazlıqların zaman ötdükcə aradan qaldırılacağı fikri əsasında hərəkət edən Fransa ümidini Lissabon Razılaşmasının 2009-cu ilin iyun ayının 7-də Avropa Parlamentinə keçiriləcək seçkilərə qədər təsdiqlənməsinə bağladı. Fransada Lissabon Razılaşması üçün referendum keçirilmədi, bu razılaşma parlamentdə təsdiqləndi. Amma İrlandiya məsələnin önəmli olduğunu əsas gətirərək, gələcəyi müəyyənləşdirəcək razılaşmanı referenduma çıxardı. Səsvermə keçirildi və Lissabon Razılaşması irlandlar tərəfindən rədd edildi. Fransada da əgər razılaşma referenduma çıxarılsa idi, böyük ehtimalla təsdiqlənməyəcəkdi. Bu məqamda bir məsələyə toxunmaqda yarar var. Əhalisinin sayı çox olan böyük ölkələrin, yəni adı çəkilməsə də, Türkiyənin AB-yə üzvlüyü məsələsinin Fransada referenduma çıxarılması ilə bağlı layihənin Senatda qəbul olunmamasında Lissabon Razılaşmasının referenduma çıxarılmamasının da rolu olub. Əslində qanunlara görə, prezident istəsə bu məsələni referenduma çıxara bilərdi. Sarkozi məsələni xalqın iradəsinə həvalə etməklə “xeyr” cavabının çıxmasını əldə etmək və bu yolla prezidenti, bəlkə də özünü siyasi məsuliyyətdən xilas etməyi planlaşdırmış ola bilər. Bununla bərabər Lissabon Razılaşması qəbul edilsin deyə referenduma getməməyi qətiyyətsiz bir addım kimi dəyərləndirildi. Ortaya çox qəribə bir mənzərə çıxdı: əgər bir məsələ rədd edilməlidirsə, referenduma çıxarılmalıdır, əgər qəbul olunmalıdırsa referenduma ehtiyac yoxdur. Prof.dr. Beril Dedeoğlu - Qalatasaray Universitetinin müəllimi zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar