SON XƏBƏRLƏR

ŞƏHƏRLƏR ŞƏHƏRİ.orhan pamuq

2021.10.20, 07:36
ŞƏHƏRLƏR ŞƏHƏRİ.orhan pamuq

Gunaz.tv
ŞƏHƏRLƏR ŞƏHƏRİ orhan pamuq Çevirənlər: Arif Əmrahoğlu Paşa Əlioğlu Tıqqıldayan iri divar saatı…… Titr yazıları Gecə. Şəhərlər şəhəri İstanbulun mənzərəsi. Gecənin lacivərdi içərisində məscidlərin, gəmilərin, sarayların, maşınların işıqları: Nağılvari bir mənzərə… Fotoqraf hekayəsinə başlayır. Titr yazıları davam edərkən yalnız bir səs, yorğun, kədərli bir səs eşidilir… Fotoqraf: (səs) Mənə bir hekayə danış deyirsiniz… Olar, sizə bir hekayə danışacam, amma qəlbimi aça biləcəmmi, bilmirəm… Hekayə danış deyəndə, ağacları düşünürəm… Yuxumdakı ağacları… Vaxtilə bir hekayə danışmışdım, qəlbimi açmışdım… Amma danışan yalnız mən deyildim. Hərə bir hekayə danışırdı… Mənimsə təsəvvürümdəki yalnız ağaclarıydı…. O zaman cavan idim… Xeyr, mən daha cavan deyiləm. Fotoqraf görünür… Vaxtından əvvəl düşmüş iyirmi yaşlarında bir gəncdi. Üst-başı səliqəsizdi, üzü tüklüdü, kədərlidi, amma büsbütün kefsiz də deyil… Ağır, qalın pərdənin qarşısında, bəlkə pavilyonda, bəlkə əyləncə yerində, bəlkə də bunlara oxşar bir məkandadı. Belə yerlərə alışqan olduğu hiss edilir… Özünə qarşı göstərilən maraqdan, hekayə danışmaqdan məmnundu. Kədərlə, hüznlə, inanaraq danışır, amma danışığında yumor duyğusu da var… Fotoqraf: Cavanlığım çox geridə, danışacağım hekayənin başlanğıcında qaldı… O zamanlar gəncdim, odlu-alovluydum, atamın üzünə ağ olmuşdum. Fikrim-zikrim İstanbulda oxumaqdaydı… Əvvəlcə İstanbulda, sonra oxumaqda… Atamın sözünə qulaq asmadım, ondan ayrıldım… O da xərcliyimi kəsdi… Bir qohumumun köməkliyilə bu işi tapdım. Pavilyon fotoqraflığının peşə ola biləcəyi ağlıma belə gəlməzdi. Atamla uzağı altı aya barışacağımızı güman edirdim. Xeyr, altı ay sonra atam deyil, sirli bir adam axtardı məni… Sonralar xidmətçi olduğunu öyrəndiyim bu adam məni şəhərin ucqar küçələrindəki bir evə apardı… Orada bir qadın…, gözəl bir qadın təklif elədi ki, pavilyonlarda, içki məclislərində şəkillər çəkib ona çatdırım… Hər səhər… Şəkillərin nəyinə lazım olduğunu demədi. İşə görə çoxlu pul təklif elədi. Razılaşdım. Ekranda Fotoqrafın gətirdiyi şəkillərə baxan qadının əli görünür. Bir-bir şəkilləri qarışdırır. Pavilyonlarda çəkilmiş şəkillər… Kədərli, dərdli üzlər… İçki içən bığlı kişilər. Bomboz, ya da heç bir məna bildirməyən sifətlər. Masaların ətrafına yığışmış saysız-hesabsız kişilər… Qəribə vəziyyətdə duranlar, çatıq qaşlılar, mənasızcasına gülənlər, kameraya yan baxanlar, qədəh qaldıranlar, dərdlilər… Bir-birinə bənzəyən, bənzəməyən kişi üzləri… Fotoqraf: (səs) Bütün gecəni şəkil çəkəndən, şəkilləri çıxardandan sonra sabaha yaxın balaca otağımda gözümün acısını alıb yola düşürdüm. Şəhərin yuxudan yenicə oyandığı dumanlı alatoranda çılpaq şabalıd ağaclarının altından keçərkən qadının şəkildə nə axtardığını fikirləşirdim. Hərəkət edən maşından görünən şabalıd ağacları, ağacların budaqları ağır-ağır, səssizcə axır… Fotoqraf: (səs) Bu iş iki ilə yaxın çəkdi… Hər səhər ehtirasla əlimdəki şəkilləri qapıb masasına oturar və şəklini çəkdiyim o üzlərə uzun-uzadı baxardı… Haqqında bildiyim bircə atasıyla çəkdirdiyi uşaqlıq şəkli idi… İllər keçəndən sonra nə axtardığını başa düşmüşdüm. Qadının evində Böyük bir divar saatı tıqqıldayır. Səhər. Qadın geniş və boş bir otaqdakı masasının arxasındadı, Fotoqraf əks tərəfdə, onun qarşısındakı divanda oturub. Qadın otuz beş yaşlarındadı. Gözə gəlimlidi… Fotoqrafın gətirdiyi şəkilləri nəzərdən keçirir. Bəzilərini ayırır, böyüdücü ilə baxır, bəzilərini isə əhəmiyyət vermədən bir tərəfə qoyur. Gördüyü işdə ustalaşıbdı, cəld hərəkət edir, qayçıyla şəkillərdən birinin üzünü kəsir. Siqaret çəkir. Divanda oturan Fotoqraf dalğın-dalğın albomu vərəqləyir, aradabir gözucu qadını izləyir. Fotoqrafın baxışı divardakı çərçivəyə salınmış şəklə zillənir. Şəkildə ata minmək üçün şalvar geyinmiş qırx yaşlarında bir kişi və on yaşlarında kiçicik bir qız 60-cı illərin bir Amerika maşınının qabağında durublar… Arxada iri, möhtəşəm bir ağac… Qadın şəkilləri bir filatelist diqqətiylə nəzərdən keçirir. Əlində siqaret var. Bir şəklə xeyli baxır, gülümsəyir. Qadın: Bu adamın üzü o qədər boşdu, elə acıqlıdı ki, baxan kimi bəlli olur: çox güman ki, üç uşağı var. Uşaqlar gecə-gündüz dalaşırlar. O isə yuxusunda bağçalı bir ev görür. Başqa şəklə keçir. Bezmiş kimidi. Sonra başqa bir şəklə… Başqa bir şəkli nəzərdən keçirəndə qəflətən təsirlənir. Şəklə böyüdücüylə diqqətlə baxır. Fotoqraf Qadının fərqli üz tapdığını sezir… Qadın masasından qalxıb pəncərəyə sarı gedir, gün işığında şəklə bir daha baxır. Qadın: Başqa şəkli varmı bu adamın? Fotoqraf çantasından bir dəstə şəkil çıxardır, Qadına yaxınlaşır. Fotoqraf: Hamısı burdadı… Fotoqraf qalaq-qalaq şəklin içindən birini seçib Qadına uzadır. Şəkildə üç kişi var, qədəh toqquşduran üç kişi. Soldakı üzü mənalı kişi Qadının diqqətini çəkir. Qadın: Başqa? Fotoqraf: Yoxdu, başqasını çəkmədim. Qadın: (əsəbi) Niyə? Fotoqraf: O biri üzlər kimi üzdü… Qadın oturur. Şəkildəki üzə diqqətlə baxır. Qadın: Yox… Üzü elə bil danışır. Atam həmişə deyərdi ki, mənalı üz həmişə bir hekayə danışır… Fotoqraf: Kimdi bu adam? Qadın: Bilmirəm… (öz aləmindədi) Amma sanki elə bil illərdi onu tanıyıram. Qadın sevincək soruşur. Qadın: Onu tapa bilərsənmi? Fotoqraf: (özünü itirir) Qarsonu tanıyıram. Soruşaram. Qadın məmnundu, gülümsəyir. Yenidən şəklə baxıb xəyala dalır. Qadın: Başqa şəkillərini də çək… O olduğuna tam əmin olmaq istəyirəm… Fotoqraf çıxır. Qadın yenidən şəkildəki üzə baxır. Ağlına nəsə gəlir. Tələsik gedib küçə qapısını açır. Pilləkənlərlə düşən Fotoqrafı səsləyir. Qadın: Ondan həyatda ən çox nə istədiyini soruş… Qadın qapını örtür. Tək qalınca sanki xəyali bir havaya bürünür. Təkbaşına oyun oynayan balaca bir qız kimi öz-özünə mızıldanaraq danışır. Elə bil nəsə xatırlayır. Qadın: Yuxularında nə gördüyünü soruş…. Yuxularının tamamlanıb-tamamlanmadığını… Yoxsa unudurmu? Yuxularında üzlər silinirmi, bir-birinə qarışırmı? Xatırlayırmı, özü ola bilirmi? Meyxanədə. Fotoqraf Bəyoğlu küçələrindən keçir. Bir meyxanəyə girir. Vərdiş elədiyi məkanda olduğundan rahatca arxa tərəfə, mətbəxə gedir. Mətbəxin bir tərəfində kök Qarson güzgünün qabağında üzünü qırxır. Üzü sabunludu. Solda bir aşpaz kartof soyur. Fotoqraf Kök Qarsona girişir. Fotoqraf: Ülgüclə qırxırsan… Qarson gözünü güzgüdən çəkmir. Qarson: Bir dəfə ciletlə qırxım dedim, elə bildim köpüyün altından başqasının üzü çıxacaq. Hah ha… Ülgücümü düz otuz beş ildi işlədirəm. O da mənə xəyanət eləməyib heç… Bax, bax… Altından öz üzüm çıxır… Fotoqraf çantasından Saatsazın şəklini çıxarıb ona göstərir. Fotoqraf: Bunu tanıyırsanmı? Qarson gözünün ucu ilə baxır. Qarson: Xeyr. Fotoqraf bu dəfə şəkildəki başqa adamı göstərir. Fotoqraf: Bəs bunu? Qarson: Niyə soruşursan? (Səssizlik) Xanımımın həmşəhərlisidi o… Bələdiyyə avtobusunda sürücüdü… Fotoqraf: Hansı xətdə? Qarson: Eyup-Eminönü. Eyup-Eminönü avtobusunda Fotoqraf əyləşdiyi avtobus oturacağından sürücü kabinəsinə baxır. Kabinədəki güzgüdə sürücü görünür. Yol boyunca evlərin, köhnə tikililərin, otelyelərin mənzərələr… Fotoqraf sürücüyə yaxınlaşır, şəkli göstərir. Sürücü əvvəlcə oxşada bilmir, sonra şəkildəki kişini tanıyır. Sürücü: Sən çəkmisən bunu… Fotoqraf: Dostumdu, onu axtarıram… Pulqabını unudub. Sürücü: Unudar., huşsuzdu… Saatsazdı. Fotoqraf: Dükanı hardadı? Sürücü: Dayanacağa çatanda göstərərəm. Saatsaz dükanı. Paltarlar sərilmiş bir küçə. Qocaman çinar ağacı, köhnə bir ev. Fotoqraf saatsaz dükanına yaxınlaşır. Vitrinə baxır. İçərini görməyə çalışır. Həyəcan və maraqla qapını açarkən qapıya bağlı çan çalınır. Çaşır. Saat tıqqıltıları. Piştaxtanın önündə şıq geyimli, gödəyin biri, arxasında Saatsaz. Saatsaz təmir elədiyi saatı müştəriyə qaytarır. Saatsaz: Bəəli, həmişə xoş saatlar göstərsin sizə. Gödək zəncirli saaatı qulağına tutur, bəxtiyarlıqla dinləyir. Gödək: İşləyir! Saatsaz: Əvvəlki səsini də çıxardırmı? Gödək: (məmnun) Lap əvvəlki səsidi. Gödək səliqə ilə saatını ciletinin cibinə qoyub çıxır. Çanın səsi. Saatsaz Fotoqrafı görmüşdür. Saatsaz: Xoş gəldin. Fotoqraf qolundakı saatı çıxarıb piştaxtaya qoyur. Fotoqraf: Buna bir baxarsanmı? Saatsaz: Nə olub? Fotoqraf: (uydurur) Nəsə dərdi var, amma bilmirəm nədi. Saatsaz saatı alır, ustalıqla açır. Barmaqları vərdişlidi. Həyəcanlı anlar… Fotoqraf: Fikirləşirdim ki, daha saatlar xarab olmaz. Saatsaz: Niyə? Fotoqraf: Çünki daha saatları insan düzəltmir. Saatsaz: Amma səninkini insan düzəldib. Dinlə (saatı Fotoqrafa uzadır). Yayı boşalıbmış. Dərdi olduğunu nədən bildin? Fotoqraf: Hiss elədim… Məni narahat edirdi… Saatsaz: Hamı belə hiss eləsəydi, dünya bambaşqa bir aləm olardı… Heç kimin ağlına gəlmədiyi bir detal taxacam saatının qəlbinə. Nə saatın, nə də sən narahat olacaqsan daha. Saatsaz piştaxtadan qalxır. Dükanın başqa tərəfinə keçir. Fotoqraf dükanı nəzərdən keçirir, həyəcanlıdı. Saatlar, saat tıqıltıları. Bir biblo(1) saatın görümlü rəqqasına toxunur. Saatsaz əlindəki bir detalla geri qayıdır. Fotoqraf: Rahat olmaq üçün belə bir dükandamı işləmək lazımdı? Saatsaz: Sirr dükanda deyil, saatların içindədi. Fotoqraf: Nədədi bu sirr? Saatsaz: Nədə olduğunu dəqiq bilmirəm… Amma axşam dükanı bağlayıb evə gedirəm… Evdə səssizlikdi. Elə səssizlikdi ki, sanki dükandakı saatların tıqqıltısını eşidirəm. Qapıları bağlayıb, pəncərə örtüklərini endirəndən sonra qaranlıqda saatların tıq-tıq işlədiyini yadıma salıram. Hamısı boş qaranlıq dükanda, bir anda… Elə bunun özü də rahatlığımı əlimdən alır, cavan oğlan… Saatın işi qurtarıb. Saatsaz saatı Fotoqrafa uzadır. Fotoqraf: Borcum? Saatsaz yox mənasında başını yelləyir. Fotoqraf bir anlığa cəsarətə gəlir. Qadının tapşırığını xatırlayır. Fotoqraf: Həyatda ən çox nə olmasını istəyirsən? Saatsaz bir anlığa fikrə gedir. Saatsaz: İnsanlara saatları anlatmaq istərdim… Mexanizmlərin incəliyini, yayların qorxuncluğunu, çarxların qaranlığını… İndi heç kim saatın nə olduğunun fərqində deyil… Bəlkə də elə buna görə insanlar kədərlidilər, bəlkə də elə buna görə hekayələrini danışa bilmirlər… Əqrəblə yelqovanın arxasında necə bir canın olduğunu belə hiss eləmirlər… İnsanlara saatların sirrini başa salmaq istərdim… Onda yuxudan təzəcə oyanan kimi dünyaya gözlərini açardılar… Kədərlərindən qurtular, bəlkə də hekayələrini danışa bilərdilər… Fotoqrafla Saatsaz bir anlığa göz-gözə gəlirlər. Saatsaz öz alətlərinə və piştaxtaya sarı əyiləndə Fotoqraf dükandan bayıra çıxır. Qapının qabağında bir-iki addım atıb dayanır. Nəsə xatırlayıbdı. Fotoqraf yenidən dükana qayıdır. Tez-tələsik Saatsazın şəklini çəkir. Bir də çəkmək istəyir, Saatsaz əliylə dayanmasına işarə edir. Fotoqraf: Sağ ol! Fotoqraf çıxanda Saatsaz öz dünyasına qayıtmışdı. Qapının çanı! Fotoqrafın evi Fotoqraf lenti çıxardır. Dərmanların köməyilə Saatsazın üzü tədricən aydınlaşır. Fotoqraf şəkli götürür və diqqətlə Saatsazın üzünə nəzər salır. Fotoqraf masasının arxasında məktub oxuyur. Məktubu qatlayıb zərfə qoyur. Kədərlidi. Qadının evi Evin ümumi görünüşü. Qadın masanın arxasındadı, Saatsazın şəkildəki üzünə baxır. Qadın: Saatsaz olduğunu bilirdim… Yalnız Saatsazın üzü bu qədər qəribə, çaşdırıcı ola bilər. Hər şey var bu üzdə: kədər, qorxu, eşq… Elə bil xəritədi… Yanılmamışam. Fotoqraf divanda oturmaqdadı. Narahatdı. Qısqanır. Fotoqraf: Sənin tayın deyil o! Qadın: Mənə onun yuxularını bir daha danış! Fotoqraf: (əsəbi) İnsanlara saatlardan danışmaq istəyir… Adamlar yalnız bu zaman kədərlərindən qurtara, hekayələrini danışa bilərlər… Qadın ayağa qalxır, dalğın-dalğın gəzişir. Qadın: Onun öz sözləriylə de. Fotoqraf yadına salmağa çətinlik çəkir. Qadın evin saatlı tərəfinə gedir. Fotoqraf: Elə bil onun sözləri yoxuydu. Adamlar var ki, sənə nəsə danışırlar. Evə qayıdırsan, başın onun hekayələriylə dolu olur, amma həmin adamın heç bir sözünü xatırlaya bilmirsən. Qadın evin saat olan tərəfində gözdən itir. Fotoqraf bunun fərqinə varır. Maraqlanır. Səssizcə o tərəfə yaxınlaşır. Saatın tıqqıltısı. Fotoqraf saat olan tərəfə çatanda Qadını tənhalıq içində görür. Masanın üstündə ilk dəfə gördüyü üç şey var: Güzgü, ütü, lampa. Qadın Fotoqrafın baxışını tutur. Bir az utancaqdı, etiraf eləmək qəsdindədi. Qadın: Yuxularımda çox gözəl şeylər görürəm… Amma səhər ayılanda heç birini xatırlamıram… Xatırladığım yalnız bunlardı… Bir güzgü, bir ütü, bir lampa… Fotoqraf başa düşməyə çalışaraq masanın üstündəki yuxu əşyalarına baxır. Qadın: Gülüşü necəydi? Fotoqraf: Kimin? Qadın: Saatsazın! Fotoqraf: Kədərliydi. Qadın pəncərədən çölə baxır. Öz aləmindədi… Qadın: Kədərliydi, elə deyilmi? (Birdən hazırlaşır) Məni onun yanına apar! Fotoqraf: Başqa şəkillər də var, baxmayacaqsanmı? Qadın: İki il birlikdə arayıb-axtardıq… İndi məni ora apar… Xahiş edirəm… Fotoqraf: (qətiyyətsiz) İndimi? Qadın: İndi! Qadın çıxır. Fotoqraf çarəsizdi, hirslidi. Fotoqraf: O, sənin axtardığın deyil! Mavi maşının içində Qadının sürdüyü 60-cı illərdən qalma lacivərd Amerika maşını Tarlabaşı prospektindən sürətlə şütüyür. Fotoqrafın gözünə güzgüdən asılmış nəzərlik sataşır, ona diqqətlə baxır. Qadın: Atam asıb onu… Məni qorusun deyə… Çünki iyirmi il sonra bu maşınla bir üz axtaracağımı bilirdi… Atam həmişə deyirdi ki, günlərin bir günü qəsəbəyə qayıdacağıq… Bunu orada gözəl ərəb atlarından asarlarmış… Mənim yaxşı ata minməyimi istəyirdi həmişə. Maşın əvvəlki sürətlə Eyupa yaxınlaşır. İndi ikisi də dalğındırlar. Fotoqraf: Evdən məktub gəlib… Atam xəstədi. Səssizlik. İkisi də sanki öz dünyalarına qapılıblar. Qadın öz-özünə danışırmış kimi açıqlayır. Qadın: Bir neçə dəfə bütün o üzlərə niyə baxdığımı sənə başa sala biləcəyimi fikirləşmişəm. Ağac görüntüsü. Budaqları çılpaqdır. Maşın sürətlə yoluna davam edir. Qadın: İnsanlara baxanda başa salmaq istəyirəm… Amma sonra fikrimdən daşınıram. Saatsaz dükanına az qalmış Mavi maşın yollardan qıvrılaraq Saatsaz dükanı yerləşən məhəlləyə girir. Qadın dükana otuz-qırx metr qalmış maşının surətini azaldır, qarşı səkiyə yaxınlaşdırır. Səssizlik. Qadın: Hansıdı? Fotoqraf: (işarə edir) İrəlidəki. Qadın (təlaşla): Barmağınla göstərmə. Saatsaz dükanının qarşısından şələli bir odunçu keçir. Fotoqraf: İndi qarşısından odunçu keçdi. Bax oradı. Qadın: Odumu? Dükandan dəri gödəkçəli bir adam çıxır. Saatını qoluna taxır. Fotoqraf: Yox. Qadın: Təbii ki, yox. Təlaşından, çaşqınlığından Qadın üzr istəyirmiş kimi gülümsəyir. Çantasında siqaret qutusunu axtarıb tapır. Ağzına aldığı siqareti Fotoqraf alışqanla yandırır. Qadın əsəbi və təlaşlıdı. İkisi birlikdə küçəyə baxırlar. Boş küçədə səksək oynayan iki qız. Maşının arxa tərəfindən gələn iki kişi danışa-danışa yanlarından keçirlər. Yekə adam: Kəmərləri sıxmazsanız, mən bu işdə yoxam dedim. Balaca adam: Ağabəy, kəmərləri olduğunu nə bilirsən? Yekə Adam: Sən nə deyirsən! Mən bu şəhərə ilk dəfə gəldiyim gün otel otağında vallahi… yeddi kişini… Sonra təbii dərdini başa sala bilirsən, başa sal. Onlar Saatsaz dükanının qarşısından keçərək uzaqlaşırlar. Fotoqraf səbirsizliklə maşının radiosunu qarışdırır. Başqa dünyaları xatırladan musiqi və səslər. Qadın: (şübhəli) Dükanın o dükan olduğuna əminsənmi? Fotoqraf: Əminəm. Yenə səssizlik. Qadın: (əsəbi) Görən məni necə qarşılayar? Salam, necəsiniz? Əl verəcəyik. Ona atamdan danışacam. Əlləri haqqında bir daha danışarsanmı? Fotoqraf: (başdan edərək) İşini bilən əllərdi… Qadın: Gülüşü? Gülüşü necədi? Fotoqraf: Kədərlidi. Səssizlik. Qadın: Əsəblərim pozuldu. Maşının arxasından, uzaqdan bir əskiçi görünür. Əskiçi: Əskiçi… Əski şeylər alıram, əskiçi… Fotoqraf: Bax! O! Odu! Saatsaz dükanından çıxıb. Dükanının qapısını bağlayır. Qadın: (təlaşla) Görmürəm! Fotoqraf: Odu! Saatsaz küçənin o biri tərəfi ilə irəliləyərək uzaqlaşır. Bir anlıq dayanır. Ciblərində nəsə axtarır. Sonra yoluna davam edir. Saatsaz küçəylə ağır-ağır uzaqlaşarkən Qadın maşını işə salmaq istəyir. Mühərrik ilk anda işə düşmür. Qadın təkrar cəhd göstərir… Mühərrik işə düşür. Maşın ağır-ağır Saatsaza doğru yaxınlaşır. Qadın da, Fotoqraf da çox həyacanlıdılar. Maşın ehmalca Saatsaza yaxınlaşır. Saatsaz yaxınlaşan maşını hiss edir. Öz aləmindədi, amma bir anlığa geri boylanır. Qadının gözləri onun üzündədi. Saatsaz bir anlığa Qadına baxıb irəli dönür. Qadının ehtiraslı marağının fərqinə vardığından ona bir də baxır. Qısa müddətə də olsa, Qadın illərlə axtardığı üzü ilk dəfə görür. Gözü yolda deyil, Saatsazdadı. Həyəcanlı siqnal səsi! Qırmızı bir kamyon qarşılarına çıxır. Qadın sükanı sağa burur, maşını kamyondan zorla qurtarır. Saatsaz başqa tərəfə üz tutub, pilləkənlərdən uzaqlaşmışdır. Qadın ona çatmaq üçün maşının sürətini artırır. Maşını keçid çıxışı olan başqa küçəyə sürür. Orda da heç kim yoxdu… Qadın bir anlığa dayanır. Dərindən nəfəs alır. Qadın: İtirdik! Maşının sürətini artırır. Yağış çisələməyə başlayır. Şüşə silənlərin musiqisi. Maşın Haliç boyu uzanan sahil yoluyla irəliləyir. Qadın xatirələrdən doğan duyğulu səslə danışa-danışa maşını sürür. Qadın: Mən uşaq olanda atam bəzən qəflətən yoxa çıxırdı… Bəzən oyun oynadığımıza görə yoxa çıxırdı… Evin içində bir yerdə, otaqların birinin güncündə tapacağımı fikirləşir, həyəcanla onu axtarırdım. Bəzən də xəbərsiz-ətərsiz yoxa çıxardı… Əvvəl-əvvəl oyun oynadığını güman edirdim. Hardasa gizlənib, demək, oyun oynayır, tez axtarıb tapım… Atam ucaboyluydu, arıq idi… Üzü yumşaq, baxışları da kədərli… (gözləri yaşarır). Amma həmişə elə deyildi… Səhv bir iş görəndə qaşları çatılırdı, üzündə hər şey bir-birinə qarışırdı. Belə vaxtlar, mənə hirsləndiyi vaxtlar ortalıqdan yoxa çıxırdı. (Gözlərindən yaş axmağa başlayır). Acığın tutmasın, nə olar, deyirdim. Ata daha yaxşı minəcəm… Bərk-bərk yapışacam… yəhərin üstündə dimdik duracam… Sən yoxa çıxanda dözə bilmirəm. Evin içini saatlarla axtarar, qırx dəfə baxdığım yerlərə təkrar-təkrar baxardım. (Artıq ağlamağa başlayıbdı). Hardasan, ata, deyərdim. Daha ortaya çıx. Bir də eləməyəcəm… Hava qaralır, qorxuram, artıq gizlənmə, istədiyin kimi olacam… Mənə acığın tutmasın, daha gizlənmə… Mənimlə danış, nə olar, ev bomboşdu, nə olar, nə olar… Haliç arxasındakı bir yerdə Maşın naməlum yerdə, kənara çəkilərək dayanıbdır. Gözə adam dəymir. Yağış çisələyir. Qadın hələ də için-için ağlamaqdadı. Fotoqraf çarəsizcəsinə ona baxır. Ehmalca tərpənir, əli onun saçlarına sarı gedir. Bir anlığa dayanır, sonra oxşamağa başlayır. Fotoqraf: Ağlama, ağlama, xahiş edirəm… Qadın bir az toxdayır. Səssizlik. Qadın: Yaman susadım… Su gətirərsənmi mənə? Fotoqraf: Sumu? Qadın: Su. Fotoqraf ətrafa baxır, baqqal dükanını görüb maşından düşür. Qadın maşında təkdi, öz aləmindədi. Fotoqraf baqqal dükanına girir. Fotoqraf: Su varmı? Baqqal: (yaxşı eşitmir) Anlamadım? Fotoqraf: Su! Su varmı? Baqqal: Var. Fotoqraf əlində su şüşəsi dükandan çıxır. Amma maşınla Qadın yoxdu. Fotoqraf boş yola baxır. Təklik, çarəsizlik duyğusu. Fotoqraf evində Fotoqraf yatağına uzanıb, gözlərini tavana dikib. Saatsaz dükanındakı yüzlərlə saatın tıqqıltısı. Saatların görüntüsü: Yalnız qaranlıqda tıqqıldayan yüzlərlə saat. Səhərin aydınlığında Fotoqraf uzandığı yatağından qalxır. Masasına keçir. Bir müddət yeni çəkdiyi şəkillərə baxır. Dalğındı. Birdən qətiyyətlə şəkilləri toplayıb, dəstələyir. Fotoqraf Qadının boş evində Fotoqraf sürətlə Qadının evinə girir. Eyni qətiyyətlə pilləkənlarla sürətlə qalxır. Yuxarı mərtəbələrin birindən iki hambal ağır bir şkafı hıqqana-hıqqana aşağı endirməkdədi. Yanlarından keçəndə Fotoqrafın üzündə bir anlığa əndişə görünür. Açıq qapıdan Qadının evinə girir. Çaşıb qalır: Qadının mənzili bomboşdu. Yüzlərlə üz şəkli, qəzet kəsikləri yerə səpələnib. Curnallar, albomlar… Bəlkə də qadının yox olduğu hələ Fotoqrafa çatmayıb… Yerdəki şəkillərə baxaraq özünü itirmiş halda gəzişir. Əyilib bir-iki şəklə baxır, sonra tullayır. Ortalığı təmizləyən qapıçıya yaxınlaşır. Fotoqraf: Hara getdi, bilirsənmi? Qapıçı: Xeyr. İyirmi ildən sonra iki gündə çıxdı. Fotoqraf: Əşyaları? Qapıçı: Hər şeyi bu əskiçilərə satıb. Fotoqraf iç otaqdakı masanın fərqinə varır. Masanın üstündə eyni güzgü, ütü və lampa hələ də durur. Əskiçi əlində çuvalla içəri girir. Bu üç əşyanı tez-tələsik çuvalına doldurub çıxır. Fotoqraf Saatsaz dükanının qarşısında Fotoqraf qaçaraq addımlarla Saatsazın dükanına yaxınlaşır. Baxanda duruxub qalır. Dükan bağlıdı. Örtük salınıbdı. Üzərində «Kiralik dükan» lövhəsi. Fotoqraf yenə də ümidsizliklə qapını silkələyir. Əlində yorğan teli olan Yorğançı keçir. Yorğançı: Bağlıdı… Bağlıdı… Fotoqraf: Hara getdi? Yorğançı: İtib batıb. Fotoqraf çarəsiz durur. Bizans xarabalıqlarında Fotoqraf bir divarda oturub. Qadının və Saatsazın izini itirməyin kədəri. Haliç arxası. Çılpaq və cılız ağacların hüznü. Fotoqrafçı Qadın üçün gətirdiyi üz şəkillərini boşluğa tullayır. Fotoqraf evində Fotoqraf gecə yatağının bir tərəfinə büzüşüb, solğun küçə lampasının işığında ehtirasla qadının sözlərini xatırlayır… Fotoqraf: Salam. Necəsiniz… Əl tutuşacağıq… Ona atam haqqında danışacam? Əlləri haqqında bir də danış. Gülüşünü? Bir üzü digərindən fərqləndirən nədir? Hekayə… Mənalı üz sanki nəsə danışır… Susadım… Su gətirərsənmi? Qapı döyülür. Fotoqraf qalxır, gedib qapını açır. Poçtalyondu. Poçtalyon: Teleqram var. Fotoqraf teleqramı alır, dəftərə imza atır. Teleqramı açıb oxuyur. Fotoqraf: «Atan öldü, evə gəl»! Otağın ortasında donub qalır. Avtobus Şəhərlərarası avtobus boşluqdakı dümdüz yolla sürətlə şütüyür. Fotoqraf arxa tərəfdə büzüşüb qalıb. Pəncərəsindən yüzlərlə incə, narın qovaq görünür. Avtobus gecə də yol gedir: alaqaranlıqda faraları görünür, sonrasa itir. ÖLÜLƏR ŞƏHƏRİ Quru ölü ağaclar. Ölülər şəhərinin ümumi görüntüsü. Dumanlı bir səhər. Fotoqraf boş bazardan keçir. Tənha küçələr. Sıxıntı… Fotoqraf ata evinin qapısında ayaq saxlayır, qapını döyür. Ata evində Atanın uzadılmış cənazəsi. Fotoqraf meyidin yanında oturur. Əlini atasının üzünə uzadır. Ölünün gözləri açıqdı. Fotoqrafın əli geri çəkilir. Ata evinin çöl tərəfdən görüntüsü. Fotoqraf büzüşmüş halda divanda yuxuya gedib. Ana içəri girir, taxta ilişir. Əli sevgiylə və xəfifcə oğlunun yanağında gəzinir. Ana: Burada yatma, üşüyərsən. Ana, Böyük qardaş, Fotoqraf nahar masasının arxasındadılar. Təmiz masa süfrəsi. Yalnız Böyük qardaş nəsə yeməkdədi. Ana (Fotoqrafa): Üzün kül kimidi. Səssizlik. Fotoqraf: Bu nə səsdir? Böyük qardaş: Heç nə eşitmirəm. Fotoqraf: Atamın gözləri qapanmır. Böyük qardaş: Atamın gözlərini qapamaq üçün… Ana: Atanızın gözləri qapanır artıq, siz narahat olmayın. Həmişə belə olmasını istərdi. Hamımız bir masanın ətrafında. Kənarda, divar dibində atanın çəkmələri. Ana: Sən də daha burda qal… Görüləsi iş çoxdu… Bu həftə mandıraya1 gedərsiniz. Olan-qalanı satıb qurtarmaq lazımdı… İki qara geyimli, yekə qorxunc kişi bağa girir. Yanlarında tabut, çiyinlərində ip, asqı… Gəlin pəncərədən onları görür. Gəlin: Gəldilər. Oğullar masadan qalxarkən… Ana: Dəfn vaxtı sizi gözü yaşlı görən olmasın. Qəbristanlıq Qəbir ətrafına toplanmış camaatın ümumi görüntüsü. İmamın səsi: Fatihə! Böyük qardaşla Fotoqraf dua oxunanda əllərini açırlar. Qəbrin içinə girmiş yaşlı bir kişi kəfənin üz tərəfini açır. Yaşlı adam: Oğulları hardadı, oğulları hardadı? Gətirin bura. Fotoqrafı atasının qəbri üstünə gətirirlər. Yaşlı adam: Yaxşı bax, atandımı bu sənin? Fotoqraf: (səssizcə) Atamdı… Yaşlı adam: Eşitmədim. Bir də de. Fotoqraf: Bəli, atamdı, atamdı bu mənim! Mandıra(2) yolunda Fotoqraf və Böyük qardaş dəmiryolu boyu irəliləyirlər. Dəmiryolu körpüsündən keçərkən Fotoqraf arxası üstə çevrilmiş bir tısbağa görür. Dayanıb düzəldir. Böyük qardaş: Elə bil başqası olmalıydı mənim atam, o qəribə qadına aşiq olan adam deyil. Özümü inandırdım. Axşam evə qayıdanda özüm-özümə bu bizim ev deyil deyirdim… Bütün bunları sənin də hiss elədiyini, İstanbuldan buna görə qayıtmadığını fikirləşirdim. Fotoqraf: Bilmirdim. Böyük qardaş: Qadını ilk dəfə görəndə mandırada kiminsə yaxını bildim. Müəllimmiş… Əri də müəllimdi… Müəllim arvadının mandırada nə işi var? Açıq yerlə gedirlər. Arxada uzun nazik bir qatar görünür. Fit çalır. Mühərrikin gurultusu… Böyük qardaş: Məktəb üçün onlara yandırmağa odun verirəm, deyirdi atam. Tələbkar qadındı, o da hesab dəftərini qaydaya salır, deyirdi. Hər gün mandıraya getməyə başladı. Böyük qardaş öndə, Fotoqraf arxada mandıraya gəlirlər. Ətrafda heyvanlar, iri traktor təkəri, paslı tənəkələr, güyümlər… İt hürüşməsi… Mandıra evi Fotoqraf atasının masasında oturub. Atasını tanımaq istəyirmiş kimi ətrafa göz gəzdirir. Bir tərəfdə geniş yataq… Vita tənəkə qablarında iki çiçək… Qaz lampası… Masanın siyirməsini açır, içində bir dəftər görür. Çıxarır. Dəftərin səhifələrini çevirir. Müəllim qadının təmiz işlək xətti. Böyük qardaş gəlir. Fotoqraf: Dəftər budumu? Böyük qardaş başıyla təsdiqləyir. Fotoqraf: Xətti həqiqətən gözəlmiş. Böyük qardaş: Atam bura gəlməyimi istəmirdi. Böyük qardaş əyilərək alışqan hərəkətlə masanın alt gözünü açır… Sədəflə işlənmiş bir qutunu masanın üstünə qoyur. Qutunu açıb içini göstərir. İki müşdük, yaxşı bir köhnə alışqan, bir bıçaq, qapaqlı, zəncirli bir saat, kiçik bir qutu. Böyük qardaş: Seç. Fotoqraf bir anlığa dayanır. Diqqətlə saatı əlinə alır. Fotoqraf: Digərləri qalsın. Böyük qardaş: Yaxşı. Alışqanı, bıçağı cibinə qoyur. Fotoqraf kiçik qutunu açır. Qutunun içindən bir qadın şəkli çıxır, üzü, gözləri qaralanıb, oyulub… Qorxunc bir görüntü. Fotoqraf: Bunu sənmi eləmisən? Böyük qardaş: Nəyi? Böyük qardaşın səsi yalan danışdığını gizlətmir. O, içində qadın şəkli olan qutunu cibinə qoyur. Böyük qardaş: Çox maraqlanırsansa, qayıdanda məktəbin yanından keçərik… Onu sənə göstərərəm… Böyük qardaş evin başqa otağına keçir, iki ov tüfəngi gətirir. Böyük qardaş: Ata ki, yalan danışmağa başladı, daha ata deyil (tüfəngləri masanın üstünə qoyur). Anam bunları evə aparmağımızı tapşırıb. Böyük qardaş masanın gözündən mavi lentlə bağlı açar çıxarır. Böyük qardaş: Bunu da… İbtidai məktəb Mərkəzdən uzaq, təbiətin qoynunda bir dövlət binası. Dirəkdə bayraq… Məktəblilər bağda «qaçdı-tutdu» oynayırlar… Aralarında qadın müəllim. Başı açıqdı. Cəlbedicidi. İki qardaş onu uzaqdan seyr edirlər. Böyük qardaş bir anlığa qardaşına baxır. Məktəblilərin nəşəli səsləri. Qadın müəllim onu uzaqdan seyr edən Böyük qardaşla qardaşının varlığını daxili duyğuyla sezmiş kimi, bir anlığa dönür və iki qardaşa sarı baxır. Ata evində Gecə. Fotoqraf yatağına uzanıb, əlində tutduğu zəncirli saatına uzun-uzadı baxır. Bayırda sönük işıq. Çılpaq budaqlarda uğuldayan güclü külək. Fotoqraf yana çevrilib yuxuya gedir. Çay üzərindəki körpü İki qardaş bir körpü üstündədilər. Böyük qardaş oturub ayaqlarını suya sarı uzadıb. Fotoqraf arxada ayaq üstədi. Axan suyun şırıltısı. Böyük qardaş: Bir üzə baxırsan, xəyala dalırsan… Amma gözünü açıb yumana qədər xəyal yox olur… Xəyal artıq ağlındadı, bu düzdümü? Həmişə yalan olmalıdı, ağlında yox… Yoxsa yanarsan… Fotoaparatını niyə gətirmədin? Fotoqraf: (Dalğın) Bilmirəm. Böyük qardaş: Çünki qəsəbə xəyalını kağıza köçürəcəm, nə olacaq, -deyə fikirləşdin, elə deyilmi? Fotoqraf: (Bir an fikirləşir). Xeyr… (Qərarını deyir) Daha İstanbula qayıtmayacam… Ata evi Axşam. Süfrə arxasında Fotoqraf, Ana, Böyük qardaş, gəlin oturublar. Ana: Hansı ana oğlunun oxumağını istəməz… Amma heç bir ana oğlunun sərxoş şəkilləri çəkə-çəkə ömrünü başa vurmasını da istəməz. Bir gün İstambula gedər, məktəbini qurtarıb, vəkil olarsan… Amma bir halda ki, qalırsan, böyük qardaşına yardımçı olacaqsan… İndi, oğlanlarım, gəlin sizə bir şey göstərəcəm… Ana qabaqda, iki qardaş arxada əsən pillələkanlarla aşağıya, sandıq otağına enirlər. Köhnə əşyalar, sobalar, manqal, xalı, qutular, sandıqlar, balaca mizlər, qəfəs… Ana otağın başqa tərəfinə gedir. Oradakı sandığı kənara çəkir, xalını yığır. Döşəmə taxtasını yerindən qaldırır. Böyük qardaşa sarı çevrilir. Ana: Gəl…… Sox qolunu içəri… Böyük qardaş qolunu dəlikdən içəri soxur. Ana: Yaxşı, sox yaxşı… Böyük qardaş nəsə tapır. Ana: İndi onu çək çıxart. Böyük qardaş dəlikdən kiçik, daşınan bir seyf çıxarır. Ana otağın ortasındakı masanın arxasında oturur. Seyf masanın üstünə qoyulur. Ana: Açarı ver, baxaq görək. Ana Böyük qardaşdan açarı alır. Seyfi açır. Qardaşlar maraqla baxırlar. Ana özündən razıdı, məxmər bir kisə çıxarır. Bağını açır. İçindəkiləri masanın üstünə boşaldır: qızıllar. Ana: (Böyük qardaşa) Say baxaq, neçə dənədi… (Fotoqrafa sarı dönür) Böyük qardaşın bilir, bazar içindəki məscidin bitişiyində boş torpaq sahəsi var ha… atanın xalası oğullarının… İyirmi il tamam olur, hələ də qayıtmayıblar… Qayıtsalar sahəni bizə ucuz verərlər… Böyük qardaş qızılları sayır. Böyük qardaş: Otuz yeddi. Ana: Çox yaxşı… Bir də say, kisəyə qoy. (Fotoqrafa sarı dönür) Böyük qardaşın orada dükan tikdirək deyir… Bu iş sənlikdi… Sabah avtobusa minərsən, o biri gün onları tapıb qızılları verərsən (Cibindən bir kağız çıxarır). Bu ünvana… Fotoqraf çaşqın halda əlindəki kağıza baxır. Ana Böyük qardaşdan aldığı torbanın ağzını büzmələyir, Fotoqrafa uzadır. Ana: Bu torbanın içində hamımızın gələcəyi var, unutma… Avtobusda Avtobusun pəncərəsindən axan görüntülər. Ağaclar. Fotoqraf avtobusdadı. Avtobus gecə də yol gedir. İstirahət dayanacağı Avtobus yol üstündəki dayanacaqların birinə çatıb. Fotoqraf avtobusdan düşüb. Amma başqa sərnişinlərlə birlikdə yeməkxanaya girmir. Sıxıntıyla gəzişir. İrəlidə bir kafe var. Ora gedir. İçəridə televizora baxan adamlar. Fotoqraf siqaret yandırır. Geri dönmək istəyəndə qəflətən donub qalır: qadının üzünün görüntüsü. Fotoqraf öncə görüntünün haradan və necə gəldiyini qavraya bilmir. Sonra fərqinə varır: diqqətini çəkən güzgüdəki görüntüdü. İçəridəki televizorun əksi… Kafe Fotoqraf kafeyə girir. Gözü ekrandakı qadındadı. Qadının üzündə duyğulu bir ifadə var. Fotoqraf əfsunlanmış, donmuş kimidi. Bir stulda oturur, ekrandakı qadına baxır. Ekranda görüntü dəyişir: Saatsaz görünür. Saatsazın qarşısında bir stolüstü saat var, danışır. Saatsaz: İllərlə saatların içində yaşadım… Saatların sehri həyatımın sirri oldu… Günlərin bir günü bu sirrin üzlərimizin bilməcəsiylə çözülə biləcəyini başa düşdüm… Beləcə, yuxularım başqasının yuxuları ilə qarışdı. Daha heç vaxt unutmaram… Çünki saatın üzü ürəyə yaxındısa insanın öz üzü danışır… Ekranda saat görüntüləri. Padşah şəkilləri… Saat tıqqıltıları. Fotoqraf kafedəki dalğın, kədərli tamaşaçılarla birlikdə ekrandakı görüntülərə baxır. Bayırdan avtobusun güclü siqnalının səsi eşidilir. Amma Fotoqraf yerindən tərpənmir. Bir anlığa bayıra baxır. Sonra gözünü yenidən ekrana dikir. Siqnal səsi yenidən eşidilir. Avtobus tərpənib dayanacağı tərk edir. Eyni zamanda ekrandakı görüntü də qurtarır. Boş ekranın parlaq işığı. Qəhvəçi ekrana yaxınlaşır. Videodan kaseti çıxardır. Qapağına qoyur, oradakı kepkalı adama verir. Fotoqrafın gözü videokasetdə və onu alan kepkalı adamdadı. Kepkalı Adam kafedən çıxır. Fotoqraf onun izinə düşür. Kepkalı Adam kamyonetinə çatanda Fotoqraf ona yetişir. Fotoqraf: Bir saniyə olar? Kepkalı Adam: Buyur. Fotoqraf: Bayaq baxdığımız… Sənindimi o? Kepkalı Adam: (şübhələnir): Neynirsən? Fotoqraf: Almaq istəyirəm… Satarsanmı? Kepkalı Adam: Əmanətdi! Fotoqraf: Çox pul verirəm. Kepkalı Adam: Mənim deyil, dedim. Sahibi qəsəbədədi. Qapağın içindəki video kaseti pencəyinin içinə yerləşdirir. Qəsəbə yolunda Kamyon zil qaranlıq yolla irəliləyir. Kepkalı Adam kamyonu sürür, Fotoqraf da yanındadı. Gecənin tənhalığı və qaranlığı. Fotoqraf: Sahibi kimdi? Kepkalı Adam: İndi görərsən. Səssizlik. Qorxunc gecədə ağaclar. Kepkalı Adam: İyirmi ildir, gecə vaxtı burdan keçəndə hələ də qorxuram. QƏRİBLƏR ŞƏHƏRİ Kamyon qəsəbənin əsas yolu ilə irəliləyir. Küçələr bomboşdu… Vahiməli qaranlıq. Kamyon başqa bir küçəyə dönür. Qəsəbədə boşluq havası. Kamyon təmirçilər çarşısı ilə irəliləyir. Qəribə, ürküdücü tikililər, evlər. Kamyon lampası yanan bir təmirçixanaya az qalmış dayanır. Kepkalı adam kamyondan düşür. Kepkalı Adam: Gözlə burda! Kepkalı Adam təmirçi dükanındakı masada içki içən üç kişiyə yaxınlaşır. Onları salamlayır. Masanın ucu tərəfində oturan, əldən düşmüş, görüb-götürmüş bir nəfərə, Qəsəbə Saatsazına yaxınlaşır. Kepkalı Adam: Buyur, əmanəti gətirdim. Videokaseti Qəsəbə Saatsazına verir. Onun qulağına kamyonda gözləyən Fotoqraf haqqında nəsə pıçıldayır. Qəsəbə Saatsazı: (Masadakılardan üzr istəyir) Bir dəqiqə, icazənizlə… Masadan qalxır. Videokaseti pencəyinin içinə qoyur. Ağır-ağır kamyona, Fotoqrafa yaxınlaşır. Bir anlığa yaxından Fotoqrafa baxır. Bir gərginlik anı… Qəsəbə Saatsazı: Gedək, dükanımda danışaq? Fotoqraf və Qəsəbə Saatsazı qaranlıq və bomboş küçəylə gedirlər. Qəsəbə Saatsazı: Sən bunu nə üçün bu qədər istəyirsən? Fotoqraf: (Düşüncəli) Səbəbinin izahı qəlizdi… Qəsəbə Saatsazı hansısa sirdən söz açıldığını bilirmiş kimi başını yelləyir… Qəsəbə Saatsazı: Bilirəm, çətindi (özündən razı). O qadını öncə yuxunda gördün, elə deyilmi?… Mən əvvəlcə yuxumda gördüm, sonra dükanıma gəldi… Qəsəbənin… tənha və qaranlıq küçələrində soyuq bir floresan lampasının görüntüsü. Floresanlı vitrində oyuncaq bir uşaq… Uzaqdan qarovulçu fiti eşidilir. Qəsəbə Saatsazının və otelin yerləşdiyi küçənin ümumi görüntüsü. Yalnızlıq, hüzn duyğusu… Fotoqrafla Qəsəbə Saatsazı saatsaz dükanında üzbəüz oturublar. Aralarında rakı şüşəsi. Hərəsinin qarşısında bir qədəh, bir azca ləbləbi… Qəsəbə Saatsazı: Yuxumda gördüm ki, bir çarşıdayam… Çarşıda da ki, hər şey var, nə istəyirsən, ən yaxşı yeməklər, paltarlar, ipək qumaşlar, nələr, nələr… Bir də baxıb görürəm ki, bir dükanda da həyatlar satırlar… İstədiyim həyatı seçirsən, o ruhun üzü sənin üzün olur, daha bəxtiyar yaşayırsan… İstədiyim üzü seçəcəyim anda bir qadın çıxdı qarşıma… Başa düşdüm ki, mələkdi… Dedi ki, Saatsaz, yaxşı fikirləşdinmi, bu yolun dönüşü yoxdu… Qorxdum. Tər içində oyandım. Günorta vaxtı bu qadını qarşımda gördüm… Burada, dükanda elə bil dilim tutuldu. Dedi ki, bura nə qəribə dükandı, nə qəmli halı var… Bayırdan qarovolçu fiti eşidilir. Fotoqraf dalğındı, maraqla qulaq asır. Saatsaz dükanındakı saatların tıqqıltısı. Yoxsul, kiçik bir dükandı… Saatları da müştəri cəlb etməyən. Arxada televiziya ekranı. Qəsəbə Saatsazı piştaxtanın üstündəki gözəl, baxımlı və iri saata işarə edir. Qəsəbə Saatsazı: Bu saatı sevdi, oxşadı… Çox gözəl saatdı dedi, amma ruhunu itirdiyi üçün xarab olub. Yalnız sən təmir edə bilərsən onu, dedi. Yaxşı, - dedim, - sənin üçün təmir edərəm. Gülümsədi, bir çəngə pul çıxartdı, çoxlu pul… Yenə gülümsədi… (Piştaxtadan kaseti götürür). Bunu verdi. Əmanətdi, dedi, bax, yuxularını xatırlayacaqsan… Üzündə itirdiyin şeyi tapacaqsan… Başqaları da baxsınlar, onlar da xatırlayacaqlar… Gənc dostum, mən baxdım, başqalarına da göstərdim, amma heç nə anlamadım. Saatı da təmir eləmədim. Fotoqraf: Nə vaxt gələcəyini dedimi? Qəsəbə Saatsazı: Nə zaman təmir edəcəyimi soruşdu… Ən geci bir aya, dedim… Amma hələ də qurtarmamışam… Nəsə uydurmağa çalışıram. Yenə gələcəm, dedi, əmanətimə sahib ol (Dükanın qapısına baxır). Qapıda mavi bir maşın vardı, oturub getdi. Fotoqraf: Maviydi, eləmi? Qəsəbə Saatsazı: Yuxu mavisi… Bəlkə məlum olur ki, bu qadını yuxunda sən də görmüsən, sifətinin görən kimi tanıdın, elə deyilmi? Fotoqraf əlacsız qalır, cavab vermir. Qəsəbə Saatsazı: Hərənin bir sirri var, buna qarışmaram… Amma mənə verdiyi əmanətdi… Əgər çox pulun yoxdusa, heç… Fotoqraf: (Sözünü kəsərək) Qızıllarım var, sabah xırdalaram… Qəsəbə Saatsazı: (Maraqla) Göstər baxaq. Fotoqraf cibini qurdalayır, kisəni çıxarıb ağzını açır. Bir qızıl çıxarıb Qəsəbə Saatsazına uzadır. Qəsəbə Saatsazı qızılı götürür, yoxlamaq üçün əlində tutur. Fotoqrafın kisəsinə baxır. Qəsəbə Saatsazı: Səndən on dənə istəyəcəyəm… Çox məsuliyyətli… Fotoqraf çarəsizlik içindədi. Qəsəbə Saatsazı: Yaxşı, doqquz olsun. Fotoqraf daha səkkiz qızılı sayarkən Saatsaz diqqətlə ona baxır. Səliqəylə qapağına qoyulmuş videokaseti ona uzadır. Qəsəbə Saatsazı: Nə mən səni tanıyıram, nədə bunu sən məndən almısan. Fotoqraf ayağa qalxır. Qəsəbə Saatsazı: Oturardın… Fotoqraf: Otel harada tapa bilərəm? Qəsəbə Saatsazı: Düz qarşıda… (Arxasındakı televizorla videonu göstərir) Bunu da al… Ucuz verərəm. Otağında baxarsan… Otel saatsaz dükanının qarşısındadı. Gecə, otelin görüntüsü. Fotoqrafın otağının işığı yanır. Otel otağında Fotoqraf kaseti qoyub, ekrandakı görüntüyə baxmaqdadır. Qadının üzü bütün görüntünü tutur… Haradasa bədənin toxumalarını göstərən bir işıq içində. Sürəkli saat tıqqıltısı eşidilir. Qadının duyğulu üzü acı və dərin mənayla doludu. Qadın: İllər öncə qarlı bir qış axşamı atam bir əhvalat danışmışdı… Bir vaxtlar hamının unutduğu kədərli bir ölkədə kiçik bir qızla atası tək-tənha yaşayırlarmış. Ata qızını elə sevərmiş ki, başqa bir həyatının olmasını istərmiş… Böyük bir qadın olanda qız Qaf Dağının arxasındakı quşu tapıb, bütün talesizlərin üzünü bir-birinə bənzədən tilsimi açacaqmış… Kiçik qız atasını dinləyə-dinləyə yuxuya gedər, yuxularında bir-bir bu işləri görərmiş… Amma səhər oyananda hələ də kiçik qız kimi qalmasına üzülərmiş. O qızın kim olduğunu sonralar başa düşdüm. Günlərin bir günü səhər qar yağarkən yuxularımdan yetkin bir qadın kimi oyandığım zaman… Bir saat qülləsinin altındakı şəhərdə məskunlaşanda… Qəmli hekayə danışanlarla bir-birimizi beləcə axtarmağa başladıq… Xəritə deyə bir-birimizin üzümüzə baxır, hekayə deyə ruhlarımızı masaya qoyuruq. Qəriblər şəhərinin çarşısı Səhər. Fotoqraf çarşıda gəzir. Qəssab bıçaqlarını bülövçüyə veribdir. Fotoqraf qəzet köşkünə girir. Bir topa qəzet alıb çıxır. Otelinə qayıdarkən qəssabla və bülövçü qarşılaşır… Oteldə Fotoqraf otelə girir. Otel katibindən açarını alır. Katib: Hələ nə qədər burdasınız? Fotoqraf: Bir və ya iki həftə, bilmirəm. Yuxarı, otağına qalxır. Fotoqraf otel otağındadı. Pəncərədən bayıra, qarşıdakı Saatsaz dükanına baxır. Otaqdakı masanı pəncərənin yanına gətirir. Mizi də masanın qarşısına qoyur. Oturur. Masanı bir az da qarşısına çəkir. İndi oturduğu yerdən Saatsaz dükanını rahat görür. Daha yaxşı görmək üçün yerini düzəldir. Fotoqrafın baxış bucağından Saatsaz dükanının görüntüsü. Qəsəbə Saatsazı dükanın qapısında görünür, bir hissəni işığa tutub baxır. Birdən qarşıdakı otel otağından ona baxan Fotoqrafı görür. Fotoqraf Saatsaz dükanına baxmağa davam edir… Qəsəbədə Saatsaz dükanı Bir başqa səhər. Qəsəbə Saatsazı qadının qoyduğu xarab stolüstü saatı düzəltməyə çalışır. Fotoqraf qapıdan girir, qoltuğunun altında qəzetlər, curnallar… Kağız paketin içində yeməklər… Fotoqraf: Dedim bir soruşum görüm, xəbər-ətər varmı? Qəsəbə Saatsazı: Yox… Buna özümdən detal düzəldirəm, əsli deyil, amma hər halda işlədəcək… Otursana… Fotoqraf: Neçədə gəlmişdi o gün? Qəsəbə Saatsazı: On iki, bir arası, günorta vaxtı. Fotoqraf: Hardan gəldiyini demədimi? Şəhər, saat qülləsi varmış… Qəsəbə Saatsazı: Heç nə demədi… Qısa bir sükut. Tıqqıldayan saatlar… Fotoqraf: Bu qəsəbədə vaxt necə keçir? Qəsəbə Saatsazı: (Amansızcasına) Keçmir!… Ölənə qədər vaxt keçsin deyə, gözlərsən bu qəsəbədə … Otel otağı Fotoqraf pəncərənin önündə oturub qəzetdəki bir krossvordu həll edir. Aradabir ya bayıra baxır, ya da atasından qalan zəncirli saata… Otağın və masanın halından Fotoqrafın uzun zamandı günlərini bu masada oturmaqla, pəncərədən Saatsaz dükanına baxmaqla keçirdiyi bəlli olur. Külqabı ağzına qədər doludu… Yatağın üstündə qalaq-qalaq qəzet, curnal… Masanın üstündə portağal qabıqları… Qapı döyülür. Fotoqraf dönür. Xadimə içəri girir. Xadimə: Otağı təmizləyim. Fotoqraf: (istəmir) Qoy qalsın. Qadın əlacsız çıxıb gedir. Fotoqraf otağın qapısını diqqətlə bağlayır. Gecə. Otelin boşluğu və səssizliyi: hüzn duyğusu. Fotoqraf otağında televizorun qarşısındadı. Ekranda Qadının görüntüsü. Bu görüntünün yanında tutqun-tutqun ekrana baxan Fotoqrafın görüntüsü əks olunur… Qadın hekayəsini danışdıqca Fotoqraf da onunla birlikdə eyni vaxtda onun sözlərini təkrarlamaqdadır. Bəlli olur ki, Fotoqraf qadına baxa-baxa hekayəsini əzbərləyib. Qadın - Fotoqraf: Günlərin bir günü qar yağanda yuxularımdan yetkin qadın kimi oyandığım zaman… Bir saat qülləsinin altındakı şəhərdə məskunlaşanda… Hüzn hekayəçiləri ilə bir- birimizi belə axtarmağa başladıq. Xəritə deyə bir-birimizin üzümüzə baxır, hekayə deyə ruhlarımızı masaya qoyuruq… Gecə. Otelin ümumi görüntüsü. Qadının görüntüsü ekranı tutur. Fotoqraf yenə kasetə baxmaqdadı. Qadının həddindən artıq duyğulu üz ifadəsi. Üzündə bir kədər, dərin bir hüzn. Qadın baxışlarını ağır-ağır aşağı salır. Önündə Saatsaz oturmaqdadı. Qadın əllərini yaxınlıq duyğusuyla onun çiyninə qoyur. Saatsaz da öz düşüncələrindədi. Səhər… Fotoqraf siqaret kötükləri, qəzetlər, kağız kəsikləri ilə dolu masasında məşğuldu. Qəzetlərdən üz şəkilləri kəsir. Sonra bu şəkillərdəki üz ifadələrini qadın baxdığı kimi böyüdücü ilə nəzərdən keçirir. Daha sonra başqa kəsilmiş qəzet parçasındakı üzə baxır. Ağzında siqaret var. Durub pəncərədən bayıra, Saatsaz dükanına baxır. Qəsəbə Saatsazı əlində iri gözəl saatla dükanından çıxır, otelə doğru gəlməyə başlayır. Fotoqraf pəncərənin qarşısından çəkilir, məftunluğun alışqanlığıyla videonu işə salır və ekrandakı qadın görüntüsünə baxmağa, hekayəsini dinləməyə başlayır. Vərdişi üzrə yatağının qırağında oturub. Qapı döyülür. Fotoqraf qapını açır. Qəsəbə Saatsazı qucağında saat, həyatından razıdı. Fotoqraf saatla maraqlanmışdır. Saatsazı içəri buraxır. Qadının görüntüsü və hekayəsi televiziya ekranında davam edir. Qadın: Bir saat qülləsinin altındakı şəhərdə məskunlaşanda… Qəsəbə Saatsazı iri saatı masanın üstünə qoyur. Qəsəbə Saatsazı: Saatı düzəltdim. Səssizcə saatı qurur. Gözləyir, səs gəlmir. Qəsəbə Saatsazı: Haydı, işlə də! Saatı qurdalayır, dəqiqə əqrəbini itələyir. Saatdan tanış musiqi eşidilir: bir sirr və xoşbəxtlik anı… Qəsəbə Saatsazı məmnundu. Fotoqraf: Necə düzəltdin? Qəsəbə Saatsazı: Orasını-burasını qurdaladım… Qalanını özü bilər. Mən də başa düşmürəm. Bir ay oldu, hələ gəlmədi… Fotoqraf: Bir ay dörd gün… Qəsəbə Saatsazı: Hər gün saat on iki-bir olanda mənim də səbrim tükənir… Bir də gələcəm, dedi… Röyadan çıxan kimi gələcək. Qəsəbə Saatsazı televizor ekranına sarı dönür. Ekranda üz görüntüləri, rəsmlər. Maraq və qorxuyla baxır. Qəsəbə Saatsazı: Bütün bunların hikməti nədi? Heç kəsin ağlı bir şey kəsmir bu işlərdən… Xəyallar, yuxular, saatlar. Ekranda qadının sehrli görüntüsü… Qəsəbə Saatsazı Fotoqrafa sarı dönür. Şəfqətlə, maraqla… Qəsəbə Saatsazı: Kimin-kimsən yoxdumu sənin? Fotoqraf: Var, gözləyirlər. Qəsəbə Saatsazı: Gəl, səni götürüb bir az gəzdirim… Dostlar var… Qəriblər gecəsi İkisi birlikdə, Fotoqrafla Qəsəbə Saatsazı qəsəbədən çıxırlar. Gecə. Qorxunc və bomboş bir anbar binası. Qəsəbə Saatsazı qucağında iri saatla qabaqda, Fotoqraf arxada köhnə tikiliyə girirlər. Anbar olduqca genişdi, üst tərəfdən iki çılpaq elektrik lampası ilə işıqlandırılıb… Bir yanda sərilmiş paltarlar… Bir masa, bir neçə taburet… Qırıq-sökük kətillər… Üstü örtülü naməlum cihazlar… Bir soba, bir neçə sandıq, köhnə bir soyuducu. Üstündə ondan da köhnə radio. Masa başında iki kişi oturub: Su Məmuruyla onun Can Yoldaşı. Qəsəbə Saatsazı onları Fotoqrafla anlaşılmaz nəsə göstərən ruh halıyla və qardaşlıq duyğusuyla tanış edir. Qəsəbə Saatsazı: Salam. Bu dostum su işləri üzrə məmurdu… Su məmuru: Salam… Dörd il oldu… Dövlət qəsəbənin su problemini həll edəcəm dedi. Bir gün mühəndislər, siyasətçilər gəldilər. İşə başlandı, bir həftədən sonra da məni bura gözətçi qoyub getdilər. Qorumağa bir şey də yoxdu. Unutdular məni burda. Qəsəbə Saatsazı: Amma hər ay vilayətə gedir, şöbədən maaşını alır… Su məmuru: Amma inanıram ki, bir gün xatırlayacaqlar. Qəsəbə Saatsazı o biri kişini göstərir. Balaca, diqqəti çəkməyənin biri. Sobanın üstündəki sapılcanı qarışdırır. Qəsəbə Saatsazı: Bu dostum da onun Can Yoldaşıdı. Can yoldaşı: Salam. Açıqkönüllülüklə bir salam verir. Bir neçə saatdan sonra. Ambarın ümumi görüntüsü bu ucqar yerdə kimlərinsə kasıb yaşadığını göstərir. Masanın üstünə sapılca qoyulub, çörək, köhnə qırıq boşqab, çəngəl, bıçaq, rakı şüşəsi, qədəhlər… Bir tərəfdə sandıq, üstündə saat… Dördü də masanın ətrafında oturublar. Can Yoldaşı səmimiyyətlə və həyacanla danışır. Can Yoldaşı: Həkimlər xəstəyə bütün dərmanları veriblər, amma mədəsindəki ağrı keçməyib… Xəstə öləndə mədəni kəsib baxıblar, daş kimi ağac kök salıbmış mədəyə… Oğul atasından yadigar qalsın deyə bu ağacdan bıçağına sap düzəldir… İllər keçəndən sonra o bıçaqla turp kəsmək istəyir, turpa toxunmasıyla bıçağın sapı qopur. (Səssizlik). Yəni həkimlər xəstəyə turp yedirtsəydilər, ölməzmiş… Qəsəbə Saatsazı: (Söhbətə maraq göstərmir). Bu həftə totalizatorda bir nəfərə on üç düşdü… Can Yoldaşı: Yuxarı kəndlərə qurd gəlib, dul bir qadını parçalayıb… Qəsəbə Saatsazı: O sənin dediyin, ayı… Su Məmuru: Qurdlar artıq bura da gəlir. Qısa səssizlik, sıxıntı duyğusu. Qəsəbə Saatsazı cibindən kart çıxardır, qırmızıtoxmaq qadını göstərir. Qəsəbə Saatsazı: Gəlin qız qaçdı oynayaq. Qız qaçdı oynayırlar. Masanın üstündə içki şüşəsi, qədəhlər, pul, oyun kağızları… Can Yoldaşının əli gətirir, bir dəstə pulu yığır. Fotoqraf cibindən yenə pul çıxarır… Su məmuru diqqətlə kart paylayır. Yenə Can Yoldaşı udur. Fotoqraf arağından bir qurtum içir. Qəsəbə Saatsazı uduzduqca əsəbiləşir. Qəsəbə Saatsazı: (Fotoqrafa) Sən də uduzursan, amma vecinə deyil…. Çünki qızıl kisəsi var… Pulun varsa, həmişə məğrursan. Bayırdan ağ önlüklü iki nəfər iplə çəkib gətirdikləri bir atla ağır-ağır yaxınlaşırlar. Qaranlıqda qorxunc bir görüntü. Atın cingiltili nal səsləri… İçəridə Can Yoldaşı yenə udub. Pulları yığır. Nal səsləri açıq-aşkar eşidilir. Qəsəbə Saatsazı: Allah lənət eləsin! Qəssablar! Qəssabla şagirdi, arxalarında at içəri, anbar binasına girirlər. Su məmuru: (Burnuyla Fotoqrafa işarə edir) Yad deyil, bizdəndi. Qəssablar atı yanlarından apararkən Can Yoldaşı ayağa qalxır. Cibindən çıxartdığı ağ dəsmalı atın gözlərinə bağlayır. At bir dəri, bir sümükdü, heysiz və yaşlıdı. Can Yoldaşı: Yum, canım, gözlərini, yum, kədərli atım, yum, məhzunum… Görüləsi heç nə yoxdur bu tərəfdə. Fotoqraf arxa tərəfə aparılan atı diqqətlə izləyir. Qəsəbə Saatsazının başı qumar kartlarına qarışıb. Atı bir pərdənin arxasına çəkirlər. Yerə yıxdıqları bilinir. At kişnəyir. Qəsəbə Saatsazı: (Qəzəbli, əsəbi) Allah bəlanı versin… Kağız parçası… Su məmuru: Kartla danışma… Danışma daha! Qəsəbə Saatsazı: Danışıram mən, məğrur olmadığım üçün uduzan kimi danışıram… Mən insanam, ürəyimi, sirrlərimi açıram, dostum! Pərdənin arxasından süzülən işıqdan istər-istəməz qəssabların atı kəsdikləri görünür. Fotoqraf dözə bilmir, masanın arxasından durub, uzaqlaşır… Küncdəki taxçanın üstündəki köhnə radionun dalğalarını qarışdırmağa başlayır. Hardasa bambaşqa, nəşəli bir həyat olduğunu bildirən musiqi. Qəssab pərdənin arxasından içəri girir. Əlində önlüyünə sildiyi qanlı bıçaq. Fotoqrafı salamlayır. Qəssab: Xoş gəldin. Qumar masası dağılıb. Qəsəbə Saatsazı iri, gözəl saatı qurdalayır. Saatın musiqisi eşidilir. Su məmuru masada təkbaşına diqqətlə qumarın nəticələri ilə bağlı hesab aparır… Arxada Qəssab və Can Yoldaşı ağları çəkib gərərək ütüləməyə hazırlayırlar… Fotoqraf uzaqdan onları izləyir. Sərxoş, kədərli… Qəsəbə Saatsazı yenə saatın musiqisini çaldırır…. Musiqi qəflətən kəsilir. Saat xarab olub. Qəsəbə Saatsazı saatı hirslə silkələyir… Qəsəbə Saatsazı: Ay Allah! Xarab saatı yerə qoyur. Sərxoş halda taxta sandığın üzərinə arxası üstə uzanır. Başı sandığın ucundan tərsinə yerə doğru sallanır. Əli ilə qəribə işarələr edərək yayğın sərxoş səslə dillənir. Qəsəbə Saatsazı: Dünyanı tərsinə görəndə başa düşürəm ki, bütün lampalar küllük olacaq, bütün masalar ağac, bütün aynalar baş olacaq…. (Fotoqrafa üz tutur). Gənc dostum o zamana kimi gözləyəcəkmi? Məğrurdur…. Məğrurlar gözləyir… Çünki həmişə istədikləri nəsə var… İstəyənlər gözləyərlər, gözləsinlər, amma mən gözləməyəcəm! Heç bir şey! Fotoqraf kədərlə Qəsəbə Saatsazına baxmaqdadı. Su məmuru diqqətlə hesab çəkməyindədir. Qəsəbə Saatsazı: İdman totalizatorunu gözləməyəcəm…. Gecəni gözləməyəcəm…. Saatları gözləməyəcəm… Qadınları gözləməyəcəm… Fotoqraf hekayəsini davam etdirir. Fotoqraf: (Səs) Yalnız gözlədiyim günlərdə deyil, hekayəm qutarandan sonra da hey bunu fikirləşdim. Səhər. Otelinə doğru gedən Fotoqrafın görüntüsü. Qəsəbənin boşluğu, cansıxıcılığı. Təklik duyğusu… Fotoqraf: (Səs) Oraya, gözlədiyim qəsəbəyə qadının qayıdacağına necə əmin ola bilərdim? … Niyə gözləyirdim?… Nəyi?… Qəsəbədə külək… Sovrulan yarpaqlar, kağızlar… Fotoqraf: (Səs) Gözlədiyim vaxt ərzində ətrafımdakıların, bütün dünyanın bambaşqa bir yerə vardığının fərqindəydim artıq. Yenə də evimə, anamla böyük qardaşımın yanına qayıtmaq ümidimi axıra qədər qoruyub saxladım. Düz on dörd ay on dörd gün o qəsəbədə o qadını gözlədim. Uzun qışın sonuna gedirdik. Qızıllarımın axırıncısını da xırdalamışdım. Ağaclıq və islanmış yolda qadının mavi maşını sürətlə irəliləyir… Yuxudakı kimi, harada olduğu bəlli deyil…. Otel - Otelin qarşısı: Qarşılaşma Fotoqrafın otağı. Divarlar aylardır qəzetlərdən, curnallardan kəsilmiş yüzlərlə, minlərlə üz şəkilləri ilə doludu. Bütün divarları dolduran bu üz şəkilləri ucbatından otel otağı qorxunc bir yerə çevrilibdi. Hər yerdə qalaq-qalaq qəzetlər, curnallar, albomlar…. Aramsız işləyən televizor… Fotoqraf masasında əyləşib. Saçı-başı dağınıq, üzü tüklü, yorğun-arğın… Çox dəyişib… Pəncərədən çölə, qəsəbədəki Saatsazın dükanına hələ də ehtirasla baxır. Saatsaz dükanının otel pəncərəsindən görüntüsü. Qapı açılır və dükandan iki nəfər çıxır. Biri əlində iri, gözəl saatı tutan Qəsəbə Saatsazıdır, o birisi yekə, qara bir adam… Otelə doğru irəliləyirlər. Fotoqraf onlara baxır, amma çox da maraq göstərmir. Öz aləmindədi, dalğındı. Qapı döyülür. Fotoqraf qalxır. Yan-yörəsindəki qəzet topasını, zibili götürüb qapını açır. Xadimə qadın: Zibili ver. Fotoqraf əlindəki zibili və kəsik qəzetləri ona verir. Xadimə Qadın: Otağı da təmizləyim… Fotoqraf: Lazım deyil. Fotoqraf qapını Xadimə Qadının üzünə örtür. Xadimə Qadın əlində zibil qalır, söylənir. Bir əlində qəzet yığını, o biri əlində zibil qabı ağır-ağır pilləkənlərlə enir. Zibili bir tərəfə atır. Kəsilmiş qəzet yığınını otelin giriş otağında başqa yerə, bir taxçanın üstünə qoyur. Eyni vaxtda bir musiqi eşidilir: gözəl, iri saatın melodiyası…Amma pozuq melodiya. Xadimə Qadın dolu külqabını boşaltmaq üçün əlinə alanda giriş mərtəbəsindəki otaqda Qadın ilə Qəsəbə Saatsazının üzbəüz oturduqları görünür. Qabaqlarındakı taxçada iri, gözəl saat var. Qəsəbə Saatsazı əzik-üzükdü, suçlu görünür. Xarab saatın pozuq melodiyası kəsilir. Qadın xəstə uşağı oxşayan kimi saatı oxşayır. Qadın: Fikir eləmə, amma buna təmir demək olmaz, sən bu saatı daha da öldürmüsən… Ruhunu verməmisən ona… Qəsəbə Saatsazı: Çox çalışdım mən bununla… Bir ara elə gözəl çalırdı ki… Qadın: (Kədərlə ah çəkir) Bu Saatsazın dükanı kiçikdir, amma nə məhzundu deyə düşünmüşdüm. Əmanətimə baxar və düzəldər deyirdim. Qəsəbə Saatsazı içdən utanaraq əzilib-büzülür. Qadın: Əmanətə baxdınmı? Qəsəbə Saatsazı: Əmanətə (Özünü itirir)? Baxammadım… Qadın əsəbiləşir, durumdan sıxıldığı hiss olunur. Ayağa qalxıb var-gəl edir. Qadın: Saatsaz, verdiyim əmanətə arxa çevirmisən. Qəsəbə Saatsazı: (Çaşqın, utancaq) Məndə deyil ki… Qadın: Necə? Qəsəbə Saatsazı: Cavan bir uşaq bir dəfə baxdı, tilsimə düşdü… Qadın, Xadimə Qadının taxçaya qoyduğu qəzet kəsiklərinin, üz şəkillərinin fərqinə varır. Dalğınlıqla əlini bu qəzet, curnal, üz şəkilləri yığınının üzərində gəzdirir… Qəzet, kağız yığını, üzlər, Qadına vaxtilə baxdığı fotoşəkilləri, qəzetləri xatırladır. Fikirlidi. Qadın: Necə uşaqdı? Qadın yuxarı mərtəbəyə qalxan pilləkənin başındadı… Qəsəbə Saatsazını nəsə xatırlayan kimi dinləyir… Daxili bir hisslə bir anlığa yuxarı, pillələrdən yuxarı baxır. Qəsəbə Saatsazı: Geri qaytarmır… Buralı deyil… Ondan ayrılmır… Gecə-gündüz baxır… Hey baxır… Qadın birdən gerçəkliyə qayıdır. Qəsəbə Saatsazı onu dilxor edir… Saata bir daha baxır… Qadın: Çox adama unutduğu yuxusunu xatırlada bilərdi bu… Qadın qətiyyətlə oteldən çıxır. Qapı qarşısında gözləyən mavi maşınına sarı gedir. Qəsəbə Saatsazı suçluluq duyğusuyla saatı götürüb qadının arxasınca qaçır. Maşının yanında ona çatır, Yekə Adam qadın üçün maşının qapısını açıb. Qəsəbə Saatsazı: Əslində sizi heç unutmamışam… Əmanətini də gətirəcəm, tezliklə, bu yaxınlarda… Qadın (Maraq göstərir): Yaxındamı? Qəsəbə Saatsazı: Bəli, bu yaxınlarda… Uşaq bütün günü baxır… Gecə-gündüz baxır… Gözləyir… Qadının maşına minmək üzrə olduğunu başa düşən kimi Qəsəbə Saatsazı təlaş keçirir… Qəsəbə Saatsazı: (Çarəsizliklə) Dükanıma gəlin… Yeni, başqa bir saatım var, çox gözəldi!… Qadın maşına minmişdir. Qadın: Necə saatdı?! Qəsəbə Saatsazı qadını dükanına aparmaq qəsdinin həyacanındadı. Qəsəbə Saatsazı: Çox gözəl! Baxarsınız… Qəsəbə Saatsazı təlaşla dolanıb o biri qapıdan maşına minir… Mühərriki işləyən maşın ağır-ağır ekrandan çıxır… Kamera ağır hərəkətlə yuxarı qalxanda otelin pəncərələrindən biri görünür. Fotoqrafın aylarla önündə oturub qadını gözlədiyi pəncərədi bu… Amma Fotoqrafın oturuşu və baxış bucağı irəlidəki Saatsaz dükanına baxmaq üçün hesablandığından oradan otelin qarşısındakı maşın görünmür. Fotoqraf Qadının maşınını yalnız qarşı səkiyə, saatsaz dükanına yaxınlaşanda görür. Mavi maşını saatsaz dükanının qarşısında görən Fotoqraf ayağa qalxır, pəncərədən aydınca görünür. Fotoqraf dükana yaxınlaşan mavi maşını görəndə gözlərinə inanmır, şövqlə baxır… Qəsəbə Saatsazı maşından düşür, dükanın qarşısında Qadını gözləyir. Qadın Yekə Adamın açdığı qapıdan çıxır, saatsaz dükanına yönəlir. Dükanın qapısında qadın bir anlığa daxili bir hisslə yavaşıyır. Bəlkə də qəsəbə Saatsazı ona nəsə deyib… Qadın sezgiylə dönüb otelə baxır. Otelin pəncərəsindən şövqlə ona baxan Fotoqrafı görür. Qadın geri dönür, səkiylə otelə doğru qaçır… Gözləri otel pəncərəsindədi. O da gördüyünə inanmayan kimidi. Amma üzündə bunu gözlədiyini, bildiyini göstərən yumşaq, duyğulu bir ifadə var. Pəncərədən ona baxan Fotoqrafa sarı qaçır. Səkidən düşür, otelə doğru bir-iki addım atır. İndi qadınla Fotoqraf üz-üzədilər. Qadının üzündə şəfqət, acı sevgi… Fotoqraf örtülü pəncərənin arxasından üzündə inamsız bir ifadəylə qadına baxır. Əlləri bütün gücüylə şüşəyə dirəyib. Qadına doğru bir addım atan kimi şüşə qırılır. Qadın bir anlığa dayanır. Sanki vəziyyətini düşünür… Geri dönür, sürətli addımlarla maşına doğru gedir. Qadın: Gedirik. Qəsəbə Saatsazı əlindəki iri saatı yerə qoyur. Qaçaraq qadının yolunu kəsməyə, onu dayandırmağa çalışır. Qəsəbə Saatsazı: Nə olar, getməyin! Orada aylardı sizi gözləyir. Nə olar, getməyin. Əmanət də ondadı… Yekə Adam Saatsazı itələyir. Fotoqraf Qadına çatmaq üçün sürətlə otel pilləkənlərini enməkdədi. Qadın maşına minir. Yekə Adam da minir. Maşının mühərriki işə düşür. Qəsəbə Saatsazı: Gəlir… Getməyin, gözləyin! Mavi maşın hərəkət edir… Maşın uzaqlaşarkən otelin qapısında Fotoqraf görünür. Uzaqlaşan maşının arxasınca ümidsizcəsinə bir neçə addım atır. Qəsəbə Saatsazının yanına, saatsaz dükanının qarşısına çatanda dayanır. Fotoqraf: Hara getdilər? Qəsəbə Saatsazı artıq bezibdi. Qəsəbə Saatsazı: Bilmirəm. Fotoqraf çarəsizcəsinə dörd tərəfinə baxır. Büzüşdürülüb yerə atılmış bir kağız parçası… Əyilib götürür. Fo

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar