İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə martın 3-də “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın Qərblə imzaladığı nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb.
Gunaz.tv
O deyib ki, İranın öhdəliklərini yerinə yetirməsindən əvvəl Amerika ilk addımı atmalı, nüvə sazişinə qayıtmalıdır: “Təəssüflər olsun ki, Vaşinqtonun bu günə qədər İranla bağlı yürütdüyü siyasətində hər hansı bir dəyişiklik müşahidə olunmur. Hesab edirik ki, hər bir addımdan əvvəl Amerika nüvə sazişinə qayıtmalıdır.
Mövcud problemin aradan qaldırılması üçün diplomatiya ən yaxşı həll yoludur və Amerikanın hər bir hərəkəti qarşısında uyğun addımı atacağıq. Lakin bütün bunlara baxmayaraq, biz Amerikanın nüvə razılaşmasına qayıtması üçün yenidən danışıqların aparılmasına qarşıyıq və bunu qəbul etmirik.
Hesab edirik ki, Amerika əvvəlcə nüvə sazişinə qayıtmalı, daha sonra müzakirələrdə iştirak etməlidir. Lakin bir daha bildirirəm ki, Amerika Birləşmiş Ştatlarının bizə qarşı yürütdüyü siyasəti hələ də dəyişməyib.
Nüvə sazişini imzalayan tərəflərlə müzakirə etmədən razılaşmadan çıxan ölkə İran yox, Amerika olub. Məhz buna görə də bizcə yeganə həll yolu odur ki, yeni müzakirələrə yalnız Amerikanın nüvə sazişinə qayıtmasından sonra başlanılsın”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
A.M