SON XƏBƏRLƏR

“Sepah” Əhvazda hərbi parada hücüm edənlərin Suriyadakı hərbi bazalarına raket zərbələri endirib

2021.10.20, 07:36
“Sepah” Əhvazda hərbi parada hücüm edənlərin Suriyadakı hərbi bazalarına raket zərbələri endirib

Gunaz.tv

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusu (Sepah), oktyabrın 1-də bəyanat yayaraq, 9 gün əvvəl Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum edənlərin Suriyadakı hərbi bazalarına raket zərbələri endirməsindən xəbər verib.

 

Bəyanatda atılan raketlərin sayı açıqlanmasa da bildirilir ki, ballistik raketlər, Suriyanın Fırat məntəqəsinin şərqində yerləşən “təkfirçi terrorçular”ın bazalarını hədəfə alıb və zərbələr nəticəsində “terrorçular”dan bir çoxu həlak olub.

 

Bildirilir ki, raket hücumunda, İranın 750 və 800 kilometr məsafəni qət etməyə qadir olan yer-yer tipli “Zülfüqar” və “Qiyam” adlı ballistik raketlərindən istifadə edilib. Qeyd edilir ki, raketlər İranın Kirmanşah şəhərinin yaxınlığında, Kamyaran istiqamətində yerləşən bir nöqtədən Suriyaya atılıb. Bəyanatda, konkret hansı təkfirçi qrupların hədəfə alındığı və onların itkilərinin  sayı açıqlanmayıb.

 

İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) bundan əvvəl bəyanat yayaraq, bildirib ki, Əhvazda hərbi parada qarşı silahlı hücum, “mürtəce ərəb ölkələrinin dəstəklədiyi təkfirçi-separatçı qruplara bağlı şəxslər tərəfindən həyata keçirilib.

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Beş silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıblar. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 69-a yaxın insan yaralanıb.

 

 

Hadisədən az sonra, İŞİD terror qruplaşması bəyanat yayaraq, hərbi parada silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb və bununla bağlı bir video da yayıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar