SON XƏBƏRLƏR

“Sepah”ın şikayəti ilə İsfahan şəhər şurasının üzvü iclaslarda iştirak etməkdən məhrum edilib

2021.10.20, 07:36
“Sepah”ın şikayəti ilə İsfahan şəhər şurasının üzvü iclaslarda iştirak etməkdən məhrum edilib

Gunaz.tv

GünAz TV: İsfahan şəhər şurasının üzvü Mehdi Müqəddiri 6 ay müddətində şuranın iclaslarında iştirak etməkdən məhrum edildiyi barədə məlumat yayıb.

 

Onun sözlərinə görə, bu qərar “Sepah”ın İsfahan şəhər şöbəsi və “Əmr be Məruf Təşkilatı”nın şikayəti əsasında məhkəmə tərəfindən çıxarılıb. İşi məhkəməyə aparan səbəb Mehdi Müqəddirinin “Twitter” və “İnstagram” kimi sosial şəbəkələrdə yazdığı iki status olub.

 

O, ötən il yazdığı bu statuslarda Şiraz şəhər şurasının həbs olunmuş üzvü Mehdi Hacəti və Quran araşdırmaçısı olan Əliəsğər Qürurini müdafiə etmişdi.

 

Xatırladaq ki, Mehdi Hacəti “Twitter”də yazdığı statusda həbs edilmiş iki bəhai dostunu müdafiə etdiyi üçün 2018-ci ilin sentyabrın 27-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Bir neçə gün sonra isə 200 milyon tümən girov qarşılığında azadlığa buraxılmışdı.

 

Qeyd etmək lazımdır ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, əksər iranlı rəsmilər ölkədə heç kəsin öz fikirlərini ifadə etdiyi üçün həbs olunmadığını iddia edirlər. Hətta “dini lider” Əli Xamneyi 2018-ci ilin mart ayında Novruz bayramı münasibətilə Məşhəddə etdiyi çıxışda bildirmişdi ki, “İranda söz azadlığı var və xalq müxtəlif fikirlər səsləndirməkdə sərbəstdirlər”. Rəsmilərin çıxışlarından fərqli olaraq, reallıq bunun tam əksini göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar