SON XƏBƏRLƏR

“Sepah” nə üçün Zəhra Nəvidpuru öldürdü?

2021.10.20, 07:36
“Sepah” nə üçün Zəhra Nəvidpuru öldürdü?

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb.

 

Zəhra Nəvidpurun qətlə yetirilməsi, onun həyatda olarkən Hacı Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması və İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) polkovniklərinin onunla əlaqə saxlaması hər kəsin diqqətini Ettelaat Nazirliyi və “Sepah”a yönəltdi.

 

Ettelaat Nazirliyi ilə “Sepah”ın paralel və bir-birinə qarşı mənfi rəqabəti uzun illərdir ki, davam edir.

 

Birbaşa islam cümhuriyyətinin rəhbəri Əli Xamneyinin nəzarətində olan “Sepah”ın təhlükəsizlik bölümü əslində onun əmrlərini yerinə gətirməklə məşğuldur. Bu orqan rəhbərə təqdim etdiyi məlumat və raportlarla onun qərarlarına da ciddi təsir göstərir. Ettelaat Nazirliyi isə ölkənin icraedici sisteminə bağlıdır. Əli Xamneyi bu orqanı o qədər də inqilabçı hesab etmir və “Sepah”ın təhlükəsizlik bölümü qədər ona etimad etmir.

 

“Sepah”ın təhlükəsizlik bölümü hər zaman radikal mövqe sərgiləyib, ölkədə baş verən hadisələrə birtərəfli və Əli Xamneyinin mənsub olduğu düşərgənin gözü ilə baxıb. Belə hadisələrə Ettelaat Nazirliyində o qədər də rast gəlinmir. Ettelaat Nazirliyi daha çox hökumətin ümumi mənafeyini nəzərə alır, lakin “Sepah”ın təhlükəsizlik bölümü rejimin birinci şəxsi Əli Xamneyini müdafiə etməyə üstünlük verir.

 

“Sepah” Əli Xamneyinin qüdrət və səlahiyyətlərinə söykənərək Ettelaat Nazirliyi ilə mənfi rəqabətdə dirənir və bu məsələ getdikcə dərinləşir. “Sepah” Əli Xamneyiyə güvənərək bir çox halda səlahiyyəti olmayan məsələlərə də müdaxilə edir.

 

“Sepah”ın Zəhra Nəvidpurun dosyesinə müdaxilə etməsinin əsas səbəblərindən biri tədricən ictimai-siyasi məsələləri Ettelaat Nazirliyinin inhisarından qurtarıb öz ixtiyarına almaqdan ibarətdir. Əslində onların bu işə qatılmaqdan heç vaxt Zəhra Nəvidpura dəstək vermək kimi niyyətləri olmayıb. “Sepah” bu məsələdən bir vasitə kimi istifadə edərək Ettelaat Nazirliyinin mühüm fiqurlarından olan Salman Xudadadini siyasi səhnədən silmək istəyib.

 

İslam İnqilabı Keşikçilər Korpusu çalışıb ki, qarşıdakı parlament seçkilərində Ettelaat Nazirliyinə bağlı məmurların parlamentə girməsinin qarşısını alsın və onların yerinə öz məmurlarını yerləşdirsin. Məhz bu səbəbdən Ettelaat Nazirliyinin mühüm fiquru olan Salman Xudadadini siyasi səhnədən silmək qərarına gəlib. Ona görə də “Sepah”ın təhlükəsizlik bölümü öz məqsədinə çatmaq üçün Zəhra Nəvidpuru vasitə kimi istifadə edib.

 

Prosesin gedişatında “Sepah” öz polkovniklərinin Zəhra Nəvidpurla əlaqəsini gizlətmək məqsədi ilə onun öldürülməsinə qərar verib, bunu Tehranda planlaşdırıb və Məlikanda öz əlaltılarının vasitəsi ilə həyata keçirib. “Sepah” məsulları Zəhra Nəvidpurun qətlə yetirilməsindən əvvəl onun “Sepah” komandanları ilə irtibatı haqda Səs Fayllarının GünAz TV-yə göndərildiyindən xəbərsiz olub. Bu gün həmin Səs Faylları təhlükəsizlik orqanının gizli planını ictimaiyyət üçün ifşa edir.

 

“Sepah” Zəhra Nəvidpurun qətlə yetirilməsi hadisəsində bir təhlükəsizlik yanlışlığına da yol verib. Bu orqanın məsulları düşünüb ki, bundan əvvəl Salman Xudadadi qıza cinsi təcavüz etdiyi üçün hər kəs Hacı Salmana şübhələnəcək və bu məsələdə “Sepah”ın adı ümumiyyətlə hallanmayacaq. Lakin Səs Fayllarının yayımlanması bu cinayətin arxasında olan orqanı ifşa etdi və nəzərdə tutulan plan pozuldu.

 

Zəhra Nəvidpurun “Sepah” tərəfindən qətlə yetirilməsi Hacı Salmanın təcavüz cinayətinə qətiyyən haqq qazandırmır, onu yüngülləşdirmir. Azərbaycanlı qadın əslində təhlükəsizlik orqanlarındakı bandaların sistemli fəaliyyəti və “Sepah”la Ettelaat Nazirliyi arasındakı siyasi hesablaşmaların qurbanı olub.

 

Bu cinayət hadisəsi azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Soydaşlarımız sosial şəbəkələrdə Salman Xudadadinin cinsi təcavüzə görə mühakimə olunması və “Sepah”ın törətdiyi qətl hadisəsinə görə cavab verməsini tələb edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar