SON XƏBƏRLƏR

“Sərhəd Azərbaycanı” əyalətinin yaradılması planı yenidən gündəmə gəlib – təklif layihəsi parlamentin komissiyalarına təqdim olunub

2021.10.20, 07:36
“Sərhəd Azərbaycanı” əyalətinin yaradılması planı yenidən gündəmə gəlib – təklif layihəsi parlamentin komissiyalarına təqdim olunub

Gunaz.tv

GünAz TV: Azərbaycan əhalisi və bir neçə millət vəkilinin etirazına baxmayaraq Qərbi Azərbaycanın parçalanması planı yenidən gündəmə gətirilib.

 

Məlumata görə, Mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi Xoy şəhərinin sözdə milət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinin komissiyalarına təqdim olunub.

 

O bu barədə “Məclis və Azərbaycan” agentliyinə danışıb.

“Bəzi millət vəkillərinin etirazına rəğmən “sərhəd Azərbaycanı” əyalətinin təsis edilməsi ilə bağlı təklif layihəsi nəhayət ki, sentyabrın 3-də parlamentin komissiyalarına təqdim olundu. Ölkənin daxili işləri və şuralar, həmçinin ictimai, mədəni, milli təhlükəsizlik və xarici siyasət komissiyalarına (alt komissilayardır) təqdim olunan təklif layihəsi 35 deputat tərəfindən imzalanıb.”- deyə o bildirib.

Onun sözlərininə görə, Xoy şəhəri təklif olunan əyalətin mərkəzi kimi, Çaypara, Makı, Şot, Poldəşt, Çaldıran və Salmas isə əyalətin şəhərləri kimi təklif olunub.

 

Hökumətin əlaltısı kimi tanınan millət vəkili bir çox şəhərin Qərbi Azərbaycanın mərkəzi şəhəri Urmiyədən uzaq məsafədə yerləşməsini, yeni əyalətin yaradılmasına əsas səbəb kimi göstərib.

 

Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad avqustun 17-də sözügedən təklif layihəsinin parlamentə təqdim olunduğunu açıqlamışdır. Bundan sonra azərbaycanlılar və bəzi yerli millət vəkilləri Qərbi Azərbaycanın parçalanması planına kəskin qarşı çıxdılar.

Bunun ardınca avqustun 18-i səhər saatlarında təklif layihəsini təqdim edən Tağı Kəbirinin Qərbi Azərbaycan Deputatlar Birliyinin rəisi postundan kənarlaşdırıdığı ilə bağlı xəbər yayıldı. Xoyun millət vəkili Deputatlar Birliyinə üzv millət vəkillərinin əksəriyyətinin səsi ilə tutduğu vəzifədən uzaqlaşdırıldı və onun yerinə Salmasın millət vəkili Şəhruz Bərzgər seçildi.

 

Qərbi Azərbaycan Əyalətinin parçalanması planına Urmiyənin millət vəkilləri Nadir Qazipur, Hadi Bahaduri, Ruhulla Həzrətpur, Culfa və Mərəndin millət vəkili Məhəmməd Həsənnəjad, Təbrizin millət vəkili Əhməd Əlirzabeygi və daha bir neçə deputat etiraz bildirmişdir.

 

Mətbuata açıqlama verən millət vəkilləri Tağı Kəbirinin irəli sürdüyü təklif layihəsini onun seçki təbliğatına xidmət etdiyini və növbəti seçkilərdə rəqiblərinə qalib gəlmək məqsədi ilə gündəmə gətirildiyini bildirmişdilər.

 

“Xoyun millət vəkili tərəfindən parlamentə təqdim olunan təklif layihəsi bir neçə deputat tərəfindən imzalanmışdır. Lakin deputatlar ardıcıl imzalarını geri götürür. Onlar yenə də buna qarşı çıxacaq. Həmçinin bu parlamentin ömrü sözügedən təklif layihəsini müzakirə etməyə çatmayacaq.”- deyə Nadir Qazipur vurğulamışdır.

 

Ruhulla Həzrətpur da həmkarına oxşar açıqlama ilə çıxış etmişdir. O bildirib ki, təklif layihəsi 67 deputat tərəfindən imzalanıb. Lakin məsələyə aydınlıq gətirildikdən sonra onların əksəriyyəti imzasını geri götürüb. Artıq təklif layihəsi üçün yetəri qədər imza qalmayıb.

 

Hadi Bahaduri isə bəyan etmişdir ki, yeni əyalətin harada yaranacağı sual altındadır. Çünki, əyalətdə yerləşəcək Salmas və Makının millət vəkilləri də bu təklifə qarşı çıxır. Ona görə də təklif layihəsini imzalamaq üçün Kirman, Sistan və Bəluçistan və mərkəzi Əyalətlərinin deputatlarına müraciət edirlər.

 

Məhəmməd Həsənnəjad isə Qərbi Azərbaycan Əyalətinin o qədər də böyük olmadığını, ona görə də əyalətin içində yeni əyalətin yaradılmasına ehtiyac olmadığını diqqətə çatdırmışdır. O bildirib ki, söhbət yeni əyalətin yaradılmasından gedirsə, yəqin ki, Fars, İsfahan, Kirman, Yəzd və s. kimi əyalətlər gündəmə gəlməlidir.

 

Təbrizin millət vəkili Əhməd Əlirzabeygi də sözügedən təklifə qarşı olduğunu bildirmişdir. “Belə təkliflər adətən seçkiqabağı ortaya çıxır. Biz buna qarşıyıq. Sabitsizlik yaradan və təhlükəsizlik problemlərinə səbəb olan istənilən layihə parlamentdə təsdiqlənməməlidir.”- deyə o vurğulayıb.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar