SON XƏBƏRLƏR

“Sərhədsiz Reportyorlar” Tehranda həbs edilən 1 milyon 700 min nəfərin dosyesi ilə bağlı İran Məhkəmə Sisteminin gizli sənədini əldə edib

2021.10.20, 07:36
“Sərhədsiz Reportyorlar” Tehranda həbs edilən 1 milyon 700 min nəfərin dosyesi ilə bağlı İran Məhkəmə Sisteminin gizli sənədini əldə edib

Gunaz.tv

GünAzTV: “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı, fevralın 7-də bəyanat yayaraq, 1980-ci ildən 2010-cu ilə qədər təkcə Tehranda və Tehran əyalətinin digər şəhərlərində həbs edilən 1 milyon 700 min nəfərin dosyesi ilə bağlı İran Məhkəmə Sisteminin gizli sənədini əldə etdiyini açıqlayıb.

 

Bəyanata əsasən, İran rejiminin repressiyalarına məruz qalan, adları sənədin siyahısında öz əksini tapan 1 milyon 700 min nəfər 30 il ərzində həbs edilib. Bildirilir ki, İran MƏhkəmə Sisteminin gizli sənədi, İran dövlət qurumlarında çalışan və təhlükəsizlik səbəbinə görə adları gizli saxlanılan şəxslər tərəfindən “Sərhədsiz Reportyorlar” təşkilatına sızdırılıb. Sənəddə bildirilir ki, həmin illər ərzində ən azı 860 jurnalist ölkədə həbs edilib, onlardan 4-ü isə əsassız siyasi ittihamlarla edam edilib: “Əldə etdiyimiz sənəddə 1 milyon 700 min insanın adı var. Onlar arasında cəmiyyətin bütün təbəqələrindən olan insanlar, qadınlar, kişilər, uşaqlar, dini və milli azlıqlardan olan fəallar, eləcə də siyasi və adi məhbuslar var.

 

Bütün bu faktlara baxmayaraq, İran rejimi və onun rəsmiləri dəfələrlə istər ölkə daxilində, istərsə də beynəlxalq arenada bəyanatlar yayaraq, yalandan ölkədə heç bir siyasi məhbusun olmadığını, heç bir jurnalistin həbs edilmədiyini və hər hansı bir əqidə məhbusunun zindanda saxlanmadığını iddia edib, hələ də edir. Məqsəd isə, beynəlxalq hüquq müdafiəçilərini və beynəlxalq qurumları aldatmaq olub.

 

Həmin müddət ərzində, təzyiq və repressiyalara məruz qalan jurnalistlər, “ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda”, “islam respublikasına qarşı təbliğat aparmaqda”, “İranın dini liderini təhqir etməkdə”, “əcnəbilərlə əməkdaşlıq etməkdə” və “casusluqda” günahlandırılaraq həbs ediliblər. Jurnalistlərə həmçinin digər saxta ittihamlar irəli sürülüb. “İslam respublikasının qurucusu Ruhullah Xomeynini təhqir etmək” və  “islami müqəddəsləri təhqir etmək” kimi ittihamlar bu qəbildəndir.

 

Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz Reportyorlar” təşkilatının baş direktoru BMT İnsan Haqları Ali Komisarlığına müraciət edərək, İranda baş vermiş bu cinayətləri ört-basdır etdiklərinə görə və beynəlxalq ictimaiyyətə yalan danışdıqlarına görə, İran rəhbərlərini faktla bağlı cavabdeh olmağa çağırmasını tələb edib.

 

Bildirilir ki, əldə edilən sənəd, “Sərhədsiz Reportyorlar” təşkilatının bir komitəsi tərəfindən araşdırılıb, onun doğruluğu sülh üzrə Nobel mükafatı laureatı xanım Şirin İbadinin və digər iranlı siyasi şəxslərin iştirakı ilə keçirilən bir iclasda təsdiq edilib.

 

Əldə edilən gizli sənədin təqdimat mərasimi isə, “Sərhədsiz Reportyorlar” təşkilatının məsələ ilə bağlı bəyanatının yayılmasından bir gün əvvəl, fevralın 6-da Parisdə keçirilib. Təqdimat mərasiminə xanım Şirin İbadi və İranın bir sıra digər tanınmış müxalif  siyasi şəxsiyyətləri, eləcə də, insan hüquqlarının müdafiəsi ilə məşğul olan bəzi beynəlxalq qurumların nümayəndələri qatılıb. 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar