SON XƏBƏRLƏR

Sərkisyan Kremlə hesabat verdi

2021.10.20, 07:36
Sərkisyan Kremlə hesabat verdi

Gunaz.tv
Sərkisyan Kremlə hesabat verdi Dmitri Medvedyev: "Qarabağ münaqişəsinin hərbi çözümü yoxdur" Rusiya hesab edir ki, Azərbaycanla Ermənistan öz aralarındakı problemi güc yolu ilə həll edilə bilməzlər. "Mən əminəm ki, Qarabağ münaqişəsi hərbi çözümə malik deyil", - deyə Rusiya prezidenti Dmitri Medvedyev dünən Kremldə Ermənistan prezidenti Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib. İki prezident münaqişə məsələsinin öz aralarında apardıqları danışıqlarda "aparıcı mövzu" olduğunu elan ediblər. Bu, Sərksiyanın son 20 gündə Medvedyevlə ikinci görüşüdür. Beynəlxalq vasitəçilər bu ayın əvvəlində Peterburqda Azərbaycan və Ermənistanın liderlərilə "güzəştlər layihəsi"ni müzakirə ediblər və həmin görüş Medvedevin təşkilatçılığı ilə baş tutmuşdu. Ancaq Sərkisyanın tez-tez Kremlə qəbula getməsi Rusiyanın öz qonşuluğunda (və yaxud forpostunda) söz sahibliyi barədə mülahizələri yenidən aktuallaşdırır, o cümlədən Qarabağ münaqişəsinin həlli məsələsində. Qeyd edək ki, Moskva son ilyarımda nizamlama prosesindəki "patronajlığını" əldən buraxmamağa çalışır. 2006-cı ilin noyabrında Minskdə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya səfirliyinin binasında təşkil olunmuş dialoqu nikbinlik yaratmışdı. Eyforiya 6 aydan sonra, prezidentlərin Peterburq danışıqları ərəfəsində də yenidən qabardı və çəkildi. İndinin özündə da Rusiya Minsk qrupunun digər həmsədr ölkələri ilə müqayisədə Qarabağ danışıqlarını canlandırmaq üçün canfəşanlığında seçilir (həmsədrlər avqustun əvvəlində Moskvada görüşmüşdü, daha sonra Lavrov Bakı və İrəvanda səfərlərdə olub), hərçənd ki, bu səylərin heç bir nəticəsi yoxdur. Digər tərəfdən, bəzi müşahidəçilərə görə, Vaşinqton da nizamlamada "təşəbbüskarlığı" özünə qaytarmağa çalışır. Belə bir durumda, bir ay ərzində iki dəfə Sərksiyanla görüşən Medvedev onunla danışıqlardan sonra bəyan edib: "Bizim Ermənistanla münasibətlərimiz müttəfiqlik xarakter daşıyır". Rusiya prezidenti deyib ki, ölkəsi Cənubi Qafqazdakı böhranların dinc yolla həll olunması tərəfdardır: "Нizamlanma hazırkı formatlar və beynəlxalq hüququn təmin olunması əsasında olmalıdır. Bütün bunlar Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz danışıqlarımız zamanı bu işdə Minsk qrupunun vasitəçi rolunu vurğuladıq. Habelə biz danışıq prosesinin intensivləşdirilməsi üzrə yeni imkanlar haqda fikir mübadiləsi aparmışıq". Rusiya prezidenti bəyan edib ki, Moskva münaqişənin Minsk qrupunun vasitəçiliyi ilə nizamlanması tərəfdarıdır. Moskva hesab edir ki, problem Azərbaycanla Ermənistan arasında güzəştlər hesabına həll olunmalıdır. Hərçnəd, Medvedevlə görüşdən bir qədər əvvəl Moskvadakı erməni diasporasının nümayəndələri qarşısında çıxışı zamanı Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağ müstəqil olmalıdır və onun statusu bundan başqa bir şey nəzərdə tutmamalıdır. Birbaşa Kremldə isə Ermənistan prezidenti sərt bəyanatlardan yayınıb, daha çox Moskvayla İrəvan arasında hərbi-texniki əməkdaşlıq haqda danışıb. Medvedev də ehtiyatlı davranıb, ona yönələn sualların əksəriyyətini xarici işlər naziri Sergey Lavrova istiqamətləndirib. Erməni jurnalistin Bakıdan səslənən "müharibə bəyanatları" barədə sualına cavabda Lavrov deyib: "Açığı mən Azərbaycan rəhbərliyinin problemin hərb yolu ilə həll edilməsi çağırışlarını eşitməmişəm. Amma arabir müxtəlif formatlarda nizamlama işində irəliləyişin təmin edilməsi haqda müəyyən bəyanatlar olur. Bununla heç kim mübahisə etməyəcək, razılaşmaq olar ki, belə vəziyyət müəyyən risk və təhlükələr vəd edir, ancaq deyə bilərəm ki, beynəlxalq ictimaiyyətin çözüm tapmaq istiqamətində bütün səyləri də hərb yolunu istisna edir". Bununla yanaşı, Lavrov "təhlükə"nin nədən ibarət olduğunu da deməyib, yalnız tərəflər arasındakı fikir ayrılıqlarını xatırladıb: "Vasitəçilərin əsas məqsədi münaqişə ölkələrinə razılığa gəlməyə kömək etməkdir. Əminəm ki, gələn ilin ilk ayından münaqişənin nizamlaması üzrə səylər davam etdiriləcək". Öz növbəsində, Sərkisyan Moskva ilə İrəvan arasında münasibətlərin "qırılmazlığından" bəhs edib. Ermənistan prezidenti bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq məsələsi nəzərdən keçirilib. Qeyd olunub ki, bu təşkilatda yaxınlarda sədrlik Ermənistana keçəcək, sentyabrda isə Ermənistanda genişmiqyaslı hərbi təlimlər keçəcək. Yeri gəlmişkən, Rusiya mediası Sərksiyanın əfərinin gündəliyindəki yenilikləri göstərərkən, KTMT çərçivəsində birgə sülhməramlı qüvvələrin yaradılması məsələsini xüsusi qeyd edib. Belə qüvvələrin artıq yaxın müddətdə yaradılacağı, İrəvan-Moskva əlaqələrini daha da sıxlaşdıracağı rəsmən bildirilir və Moskvada bunu Azərbaycanın sürətlə silahlanması ilə əlaqələndirirlər. Yeri gəlmişkən, bəzi ekspertlərə görə, Rusiya silahı üçün Azərbaycan bazarı cəlbedicidir. Bu yaxınlarda Moskva qəzetlərinin birində Bakının guya Rusiya istehsalı olan zirehli döyüş maşınları almaq istəyi barədə yayılan xəbərlər də bu qəbildən idi. Mənbə iddia edirdi ki, Azərbaycan "Rosoboroneksport" şirkətiylə 70 ədəd BTR-80 zirehli maşının alınmasına dair müvafiq müqavilə imzalayıb və gələcəkdə daha muasir olan, BTR-90-lar almaq istəyir. Ancaq Qərb ekspertləri isə diqqəti buna yönəldirlər ki, Rusiyanın məqsədi varlanan Azərbaycan bazarını ələ keçirməkdir. Çünki ümumən silah işində alan və satanın münasibətləri çox incə məsələdir, belə ki, "alıcı" tam əmin olmalıdır ki, böhran zamanı "satıcılar" təmir işlərində və ehtiyyat hissələrinin göndərilməsində tam dəstək göstərəcək. "Aydındır ki, rus texnikasının istismarı və təmiri də Qərb texnikasıyla müqayisədə xeyli ucuzdur. Başqa tərəfdən, Azərbaycandakı hərbçilərə hələ də Rusiya texnikasını idarə etmək daha rahatdır", - bunu isə rus hərbçiləri bildirirlər. Sərkisyanın dünənki Moskva görüşləri nəticəsində Rusiyayla Ermənistan birgə bəyanat imzalanıb. Sənəddə göstərilir ki, tərəflər qarşılıqlı hərbi-siyasi əməkdaşlığını inkişaf etdirəcəklər, düzdür, xüsusilə qeyd olunur ki, bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Sərkisyanın Moskva səfəri davam edir. Bakıda isə Rusiya rəsmilərinin açıqlamalarından əsasən bir məqama diqqəti yönəldirlər ki, o da Qarabağ nizamlaması davamı barədə Medvedevin nikbin danışmasıdır. Diplomatik mənbələr diqqəti buna yönəldirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi üçün növbəti imkan bir də MDB-nin sammiti olacaq. Təxminən yay aylarında keçiriləcək bu tədbirdən əvvəl Rusiyanın yeni prezidenti Dimitri Medvedevin Bakı və İrəvana səfəri nəzərdə tutulur. Beləliklə də, Qarabağ danışıqlarında "patronajlıq estafeti" hələ ki, Rusiyanın əlindədir... Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar