SON XƏBƏRLƏR

Şərqi Azərbaycan: Əndəriyan kəndinin suyunun çirklənməsi ilə bağlı gizli hesabat – Ətraf Mühit İdarəsi testin nəticəsini olduğu kimi açıqlamayıb

2021.10.20, 07:36
Şərqi Azərbaycan: Əndəriyan kəndinin suyunun çirklənməsi ilə bağlı gizli hesabat – Ətraf Mühit İdarəsi testin nəticəsini olduğu kimi açıqlamayıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri, Kənd Təsərrüfatı İdarəsinin Əndəriyan kəndində içməli suyun çirklənməsi ilə bağlı gizli hesabat hazırladığını və Ətraf Mühit İdarəsinin suyun tərkibi ilə bağlı aparılan testlərin nəticəsini olduğu kimi açıqlamadığını bildirib.


Bu barədə Əhməd Bayburdi “Anac” xəbər agentliyinə danışıb.


“Xoşbəxtlikdən bir müddət əvvəl Əndəriyan mədəni ətrafında içməli suyun çirklənməsinin monitorinqi aparıldı. Şərqi Azərbaycan Ətraf Mühit Təşkilatının mərkəzi laboratoriyasının hazırkı rəisi cənab Ocağı ilkin monitorinqdə bu nəticəyə gəldi ki, suyun tərkibində sianidin miqdarı normadan ən azı 5 dəfə çoxdur.”- deyə o bildirib.


Onun sözlərinə görə, testin nəticəsi nəzarət və təhlükəsizlik orqanlarına göndərilib, lakin Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin məsulları təkid edir ki, ictimaiyyəti təşvişə salmaq düzgün deyil, vəziyyətin adı olduğunu göstərmək lazımdır.

 

Əhməd Bayburdi vurğulayıb ki, rəsmi tədbirlərdə suyun tərkibi ilə bağlı rəqəmlər 50-nin altında göstərilir. Bu şəkildə suyun adi vəziyyətdə olduğunu göstərməyə çalışırlar.


Şərqi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri qeyd edib ki, Kənd Təsərrüfatı İdarəsinin hazırladığı gizli hesabatda bu sudan istifadə edən heyvanların sonda tələf olduğu bildirilir.


Əhməd Bayburdi mərkəzi laboratoriyanın rəisi cənab Ocağinin bu məsələni ifşa etdiyi üçün gələcəkdə Ətraf Mühit İdarəsinin rəisi tərəfindən işindən uzaqlaşdırılacağını da proqnozlaşdırıb.


Xatırladaq ki, bir müddət əvvəl Şərqi Azərbaycanın ətraf mühit qurumları İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq sözü gedən mədənin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.


Mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirə bilir. Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar