GünAz TV: Güney Azərbaycan əyalətlərində koronavirus böhranı gün keçdikcə dərinləşir.
Şənbə günü səhər saatlarında yayılan məlumata görə, Şərqi Azərbaycan Əyalətində koronavirusdan ölənlərin sayı 9-a çatıb.
Bu barədə Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Səhənd telekanalına məlumat verib.
“Koronavirusdan ölənlərin sayına daha bir nəfər əlavə olunub. Şərqi Azərbaycan Əyalətində bu günədək dəqiq olaraq 9 nəfər koronavirusdan ölüb, 87 nəfər isə bu təhlükəli virusa yoluxub.”- deyə o bildirib.
Universitet rəisi əyalətdə koronavirusun yayıldığı gündən virusa yoluxmuş 33 nəfərin sağalaraq xəstəxanadan evə buraxıldığını da diqqətə çatdırıb.
Məhəmməd Hüseyn Somi artıq virusun əyalətin bütün şəhərlərinə yayıldığını bildirib. O böhrandan qurtulmaq üçün əhalini önləyici tədbirlər almağa və verilən tövsiyyələrə əməl etməyə çağırıb.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.
N.S