SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusun yayılması ilə bağlı xəbərdarlıq: “vəziyyəti idarə etmək mümkün olmayacaq”

2021.10.20, 07:36
Şərqi Azərbaycanda koronavirusun yayılması ilə bağlı xəbərdarlıq: “vəziyyəti idarə etmək mümkün olmayacaq”

Gunaz.tv

GünAz TV: Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı haqda ciddi xəbərdarlıq edib. 

 

Somi, son 24 saat ərzində daha 24 nəfərin koronavirusa yoluxduğunun təsdiqləndiyini deyib.

“Hal-hazırda əyalətdə 175 nəfərin virusa yoluxduğu dəqiqləşib” –deyən rəsmi əlavə edib ki, “belə davam etsə, vəziyyəti idarə etmək mümkün olmayacaq”.

 

Somi Şərqi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayının  17 nəfər çatdığını deyib.

 

O, əlavə edib ki hazırda koronavirusa yoluxma şübhəsi ilə 300 nəfər xəstəxanalarda müalicə alır və bu gedişatla müalicə üçün

müraciət edənlərin sayı əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq olacaq.  

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.  

 

Rəsmi məlumata görə, Qərbi Azərbaycan əyalətində 474 nəfər koronavirus şübhəsi ilə səhiyyə mərkəzlərinə müraciət edib. Onlardan 100 nəfərinin yoluxması təsdiqlənib, dörd nəfəri isə dünyasını dəyişib.

  

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur.

 

Ərdəbil Tibb Universitetinin rəisi, Qudrət Əxəvan Əkbərinin dediyinə görə, hazırda xəstəlik əlamətləri daşıyan 207 nəfər əyalətin xəstəxanalarında müalicə alırlar. Bunlardan 91 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 10 nəfərə çatıb. 

 

Zəncan əyalətində isə, hələlik 79 nəfərin koronavirusa yoluxduğu, beş nəfərin isə həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Qəzvində 257 nəfərdir ki, onlardan 21 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib. 

 

Həmədan əyalətində də 77 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Yoluxanlardan dörd nəfər ölüb. 

 

Qeyd etmək lazımdır ki, açıqlanan rəqəmlər sadəcə səhiyyə mərkəzlərində xəstəliklə bağlı analizdən keçdikdən sonra  virusa yoluxduqları aşkar edilənlərə aiddir. 

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar