SON XƏBƏRLƏR

“Şərqi Azərbaycanda yerləşən Əndəriyan kəndinin suyu sianid dadır”

2021.10.20, 07:36
“Şərqi Azərbaycanda yerləşən Əndəriyan kəndinin suyu sianid dadır”

Gunaz.tv

GünAz TV: Əndəriyan Qızıl Mədənini çalışdıran şirkətin qeyri-peşəkar fəaliyyəti nəticəsində bölgənin ətraf mühitinə yaranan təhlükə gün keçdikcə artır.

 

Bu barədə Şərqi Azərbaycan Ətraf Mühit Fəallarının Evi tərəfindən geniş raport hazırlanıb. Doktor Əhməd Bayburdinin araşdırmaları əsasında hazırlanan raport ötən günlərdə Şərqi Azərbaycan Əyalətinə səfər edən İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisini müşayiət edən heyətə təqdim olunub.

 

Müaciətdə səlahiyyətli məhkəmə məsullarından tələb olunub ki, “Əndəriyan Qızıl Mədəninin fəaliyyətinə nəzarət olunsun. Bu mədənin fəaliyyəti nəticəsində bölgənin ətraf mühitinə ziyan dəyib, artıq ətraf ərazilərdə suda təhlükəli sianid maddəsinə rast gəlinib. Bu məsələ bölgə əhalisinin sağlamlığı üçün təhlükəlidir.”

 

Mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium siyanid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.

 

Sentyabr ayında Şərqi Azərbaycan Əyalətinin Vərziğan və Xarvana şəhərlərinin İran parlamentindəki millət vəkili Rza Əlizadə sözügedən mədənin fəaliyyəti nəticəsində ətraf mühitin çirkləndiyini bildirmişdir.

“Ətraf mühitin çirklənməsi ilə bağlı Əndəriyan mədənlərində bir neçə il işlər dayandırıldı. Sianlaşdırma üsulünün tətbiq edilməsi havanın çirklənməsinə səbəb olduğu üçün, mən də mədənlərdə işlərin dayandırılmasını tələb etdim. Bundan sonra Ətraf Mühitin Mühafizəsi Təşkilatı 6 ay araşdırma apardıqdan sonra mədənlərin ətraf mühitə heç bir ziyan vurmadığını açıqladı.

Mən hələ də bölgədə ətraf mühitin çirkləndiyinə inanıram. Mədənlərin fəaliyyəti nəticəsində hava ilə yanaşı yeraltı və yerüstü suları da sianidlə çirklənir.

Əslində mədənlərin fəaliyyəti bölgə əhalisinə heç bir xeyir verməyib. Əksinə onların əkin yerləri təxrib olunub, bir sıra torpaqları isə mənimsənilib. Bölgə əhalisi çox az pul qarşılığında mədənlərdə işləyir. Lakin ətraf kəndlər hələ də yoxsul vəziyyətdədir, bölgə əhalisinin yaşayış səviyyəsi çox aşağıdır.”- deyə o qeyd etmişdir

 

N.S.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar