SON XƏBƏRLƏR

Şeyxülislam erməni ruhani dairələrilə görüşə hazırdır

2021.10.20, 07:36
Şeyxülislam erməni ruhani dairələrilə görüşə hazırdır

Gunaz.tv
Şeyxülislam erməni ruhani dairələrilə görüşə hazırdır "Onlarla hətta kilsədə belə görüşərəm, əsas məsələ odur ki, onlara həqiqətləri başa salaq" "Azərbaycanda dini dözümlülük ən yüksək səviyyədədir, ən müxtəlif dini konfessiyaların nümayəndələri burada sərbəst şəkildə bir yerdə yaşayır, dini ibadətlərini yerinə yetirirlər". Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüşündə bildirib. Bütün dini ibadətgahların sərbəst fəaliyyətinə şərait yaradıldığını xatırladan QMİ rəhbəri ölkədə sinaqoqlar, kilsələr, məbədlər tikildiyini, ən müxtəlif dinlərə tapınan insanların burada öz dini ayinlərini sərbəst şəkildə icra etdiklərini vurğulayıb. "Bu baxımdan Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi sayıla bilər". Şeyxülislam Azərbaycanda dağ yəhudiləri icması üçün yeni sinaqoqun tikiləcəyini də bildirib və bu tikinti üçün köməyini əsirgəməyəcəyini deyib. Los-Ancelesdə çoxsaylı erməni icmasının yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu icmanın Azərbaycana qarşı aktiv fəaliyyət apardığını deyib: "Los-Ancelesdə yaşayan ermənilər ola bilsin ki, Azərbaycanla bağlı yanlış məlumata malikdirlər. Onlara həqiqətləri başa salmaq lazımdır. Bunun üçün erməni ruhani dairələri ilə görüşməyə hazıram. Onlarla hətta kilsədə belə görüşərəm, əsas məsələ odur ki, onlara həqiqətləri başa salaq". Şeyxülislam ermənilərin ünvanına sərt ittihamlar da səsləndirib. O, ermənilərin Dağlıq Qarabağ münaqişəsini dini qarşıdurmaya gətirib çıxarmaq istədiklərini bildirib: "Ancaq biz bu münaqişənin siyasi xarakter daşıdığını sübut etdik". Bir neçə gün əvvəl Bibiheybət məscidinin açılış mərasiminin keçirildiyini deyən A.Paşazadə Sovet rejiminin bu ibadət ocağını 1934-cü ildə dağıtdığını xatırladıb. Həmin illərdə Azərbaycanın bir çox bölgələrində məscidlərin dağıdıldığını deyən QMİ sədri bunun əksinə olaraq ölkədə fəaliyyət göstərən kilsə və sinaqoqların qorunub saxlandığını diqqətə çatdırıb: "O cümlədən Bakıdakı erməni kilsəsi də qorunub saxlanıb". Paşazadə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin bu sahədə qarşı tərəfdə səmimiyyət çatışmadığını vurğulayıb: "Biz problemin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edirik. Bu məqsədlə görüşlər keçiririk. Lakin bu görüşlərin səmərəsini görmürük. Çünki yalayan və xəyanət onların qanındadır. Onlar bizim süfrəmizdə oturub çörəyimizi yeyib, bayıra çıxandan sonra isə əleyhimizə danışıblar". Görüşdə çıxış edən müxtəlif dini konfessiyaların rəhbərləri Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə olduğuna dair müxtəlif misallar çəkiblər. "Gələn il Bakıda dinlərarası dialoq mövzusuna həsr olunmuş geniş tərkibli beynəlxalq konfrans keçiriləcək". Bu barədə isə QMİ rəhbəri jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, dünyanın bütün nüfuzlu dini xadimləri, dini konfessiya rəhbərləri konfransa dəvət ediləcək. O, eyni zamanda konfransa qatılmaq üçün BMT-nin baş katibi Pan Gi Mun və Roma Papasına da dəvət göndəriləcək. Yeri gəlmişkən, Paşazadə iyulun 27-də ABŞ-a səfər edəcək. Dediyinə görə, səfərdə məqsəd Nyu-Yorkda keçiriləcək beynəlxalq dini konfransda iştirak etməkdir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar